İnqilab Məmmədov övladını dekabrın 20-də Türkiyəyə aparmalıymış
Son vaxtlar idarəçiliyi ilə adından söz etdirən İnqilab Məmmədovun başı dərddədi. Premyer-liqanın prinsipial oyunlarına təyinat alan hakimin Nərgiz adlı qızı əzələ əriməsi xəstəliyindən əziyət çəkdiyindən, valideynləri uşağın müalicəsi üçün pul yığırmışlar. Və həmin pul evdən oğurlanıb. Deyilənə görə, evi qarət edənlər 9500 dollar və 6500 manat məbləğində vəsaitin “dalına keçiblər”.
Hadisənin təfərrüatını öyrənmək üçün İnqilabla əlaqə saxladıq: “Hadisə dekabrın 17-də baş verib. Oğruların evə daxil olmasının dəqiq vaxtını bilmirik. Bir şey dəqiqdi ki, saat 13.30 radələrində mənzili tərk edib, təxminən 22.30-da qayıtmışıq. Və həmin ərəfədə pullar yoxa çıxıb. Birinci mərtəbədə yaşayırıq. Mətbəxdən həyətə açılan qapı var, ordan giriblər. Dollar bə manatla qarışıq ümumilikdə 23500 manatdı. Pulların yoxa çıxdığını bilən kimi polisə məlumat verdik. Binamızın yaxınlığında müşahidə kamerası var. Onun köməyi ilə tapılacağına ümid edirik. Sadəcə, hava yağışlı idi deyə, keyfiyyət yaxşı olmaya bilər. Necə olacağını özümüz də bilmirik. Hər halda, Azərbaycan polisinin bacarığına ümid etməkdən başqa çıxış yolumuz yoxdu”.
Məmmədovun övladı ilə bağlı dediklərini eşidəndə, ürək parçalanmaya bilməz: “O pulu uşağın müayinəsi və müalicəsi üçün yığmışdıq. Bu məqsədlə dekabrın 20-də Türkiyəyə yola düşməliydik. Hətta bilet də almışdıq. Oğurluq hadisəsinə görə səfəri təxirə salmağa məcbur olduq. Uşağın orqanizmində əzələ əriməsi gedir. Beyindən çıxan sinirlər əzələyə çatmır deyə, funksiya yerinə yetirilmir. Gəzə bilmir, otura bilmir, ancaq uzanıqlı vəziyyətdə yaşayır. İynənin qiyməti çox bahadı. Adı “Spinraza”dı, biri 125 min dollardı. Bu pulu yığmışdıq ki, müayinəyə aparaq, görək reseptə nə yazacaqlar. Ümidimiz Allahadı, görək necə olacaq”.
HƏBİB