Milanda və Stavangerdə sensasiya, İstanbulda darmadağın - İCMAL

18.10.2026 14:50 36
Reportaj
Oktyabrın 13-14-də Çempionlar Liqasında liqa mərhələsinin 2-ci turunun oyunları keçirildi.

İlk oyun günündə “Sabah”ın qələbəsi ilə yanaşı, “Qalatasaray”ın evdə darmadağın olması, “İnter”in “Brügge”yə uduzması, “Bavariya”nın “Vikinq”lə heç-heçə etməsi diqqəti çəkdi. Çərşənbə günü isə “Fənərbaxça” darmadağın oldu, “Liverpul” darmadağın etdi.

2-ci turla bağlı daha iki önəmli məqam var. Bunlardan birincisi turnirin tarixində ilk dəfə İtaliyanı təmsil edən dörd komandanın eyni turda məğlubiyyətlə üzləşməsidi. İkincisi yüksək məhsuldarlıqla bağlıdı. 2-ci turda 78 qol vurulub ki, bu da 2024/25 mövsümündən tətbiq edilən yeni formatda bir turda qeydə alınan ən yüksək məhsuldarlıq göstəricisidi.

Bütün seriyalar gec-tez başa çatır. “Lans” avrokubokların daimi iştirakçısı olmasa da, son 20 ildə evdə iki top buraxmamışdı. ÇL-də sonuncu ev məğlubiyyəti isə 1998-ci ilə aid idi. Amma “Sportinq”lə oyunda qapıçı Risser olmasaydı, rəqib 2 yox, daha çox qol vuracaqdı. İlk yarıda Suares, ikincidə Dumbiya “qan-qızılılar”ın qapısına yol tapdı.
“Qalatasaray” – “Barselona” oyununa azərbaycanlı azarkeşlərin daha böyük maraq göstərməsinin daha bir səbəbi odu ki, kataloniyalılar noyabrın 25-də “Sabah”ın qonağı olacaq. Onlar 25-ci dəqiqəyə qədər artıq üç təhlükəli vəziyyət yaratmaqla Uğurcanı tər tökməyə məcbur etdilər. Düzdü, Rafinyanın yoxluğu hiss olunurdu. Hücumun mərkəzində onu əvəz edən Olmo braziliyalı qədər dinamik deyildi.

Hesabı 28-ci dəqiqədə meydan sahibləri açdı. Batrakov Leaoya ötürmə verdi, özü cərimə meydançasında “açıldı” və onun zərbəsindən sonra müdafiəçidən səkən top tora daxil oldu. Yağışla müşayiət olunan oyunda növbəti qol 7 dəqiqə sonra vuruldu. Batrakovun künc zərbəsinin ardından Osimhen başla dəqiq zərbə vursa da, uzun-uzadı VAR yoxlaması Barışın ofsaydda olduğunu üzə çıxardı. “Barsa” bundan sonra özünə gəldi və daha böyük qüvvə ilə irəli atıldı. Qordonla Olmonun zərbələrini Uğurcan qaytarsa da, fasiləyə öndə yollanmaq mümkün olmadı. Olmo yarıyıxılmış vəziyyətdə Kanselonu rəqib qapısı önünə çıxardı, o da hesaba tarazlıq gətirdi.

Qonaqlar 2-ci hissəyə çox fəal başladı. 50-ci dəqiqədə Yamal incə ötürmə ilə Fermin Lopesin fərqlənməsinə şərait yaratdı. Cəmi 3 dəqiqə sonra Qordon fərqi artırdı. Bu dəfə də qapıçı meydançasının küncündə inanılmaz driblinq bacarığı göstərən Yamal qolu yaratdı. Adeyeminin 65-ci dəqiqədə vurduğu qol isə meydan sahiblərinin müqavimətini qırdı. Etiraf etmək lazımdı ki, bu “Barsa”nın qarşısında durmaq çox çətindi.

Çərşənbə axşamı keçirilən oyunlardan biri erkən qolla başladı. Söhbət “Atletiko” – MY oyunundan gedir. Artıq 53-cü saniyədə Barrios Lammensi məyus etdi. Uğursuz debüt “qırmızı şeytanlar”ı ruhdan salmadı. Hissənin ortalarında Mbemo 0:1-i 2:1 edə bilərdi, ancaq kamerunlu əvvəlcə Romeronu aldadandan sonra küncə düşə bilmədi, ardından Oblakla mübarizədən məğlub ayrıldı.

Yeri gəlmişkən, “Atletiko” da 2-ci qolu vurmağa yaxın oldu – cərimə zərbəsini yerinə yetirən Qrimaldo topu tirə vurdu. Yoro 74-cü dəqiqədə Devidə qarşı kobud oyuna görə qovulandan sonra MY-nin bərabərlik ümidi bir qədər də azaldı. Az sonra Lukman 2-ci qolu da vurdu. Karrik üçün tunelin sonunda işıq görünmür.

“Arsenal” – “Lill” oyunu qətiyyən baxımlı alınmadı. “Şimallı itlər” ilk yarıda “topçular”ın təzyiqinin öhdəsindən gələ bildi. Arteta fasilədə yetirmələrinə faydalı məsləhətlər verdi. 2-ci hissənin ortalarında, nəhayət, “Lill”in müdafiəsi yarıldı. Özərlə üzbəüz qalan Timber komandasını irəli çıxardı. Sonradan oyuna qoşulan Saka həm Ezeyə məhsuldar ötürmə verdi, həm də özü fərqləndi. Bununla da intiqa bitdi. Kiçik Ançelottinin əvəzetmələri də “Lill”in oyununu gücləndirmədi. Fransalılar ardıcıl 2-ci oyunda üç top buraxdılar.

Dekabrın 8-də “Sabah”ı qəbul edəcək “Vilyarreal” “Napoli” ilə oyunda əsas qapıçısı Qulaçinin yardımından məhrum idi. Macar qapıçının evinə silahlı basqın olmuşdu. Onu əvəz edən Juniora qolla bağlı irad bildirmək çətindi. Braziliyalı qapıçı çətin zərbənin öhdəsindən gəlsə də, Rrahmanin təkrar zərbəsi qarşısında aciz qaldı. “Napoli”nin digər veteranı Politano is bir neçə dəqiqə ərzində potensial qəhrəmandan antiqəhrəmana çevrildi. Höylunn onun ötürməsindən sonra topu dirəyə vurandan sonra Politano kobud səhvə yol verdi və Mikautadze bundan yararlandı. 3 dəqiqə sonra müdafiəçi Mourinyo uzaq məsafədən zərbə ilə “sarı sualtı qayığ”ı önə çıxardı. Oyunda son nöqtəni isə sonradan mübarizəyə qoşulan Oluvaseyi qoydu. “Vilyarreal”ın turnirdə qələbəsiz oyunlar seriyası 12-də dayandı.

“İnter” – “Brügge” oyunu gözlənilən hesabla bitmədi. Bu oyunu Lautaro Martines – Tresoldi dueli kimi də qələmə vermək olar. Sadəcə, argentinalı hücumçu dubl, onun almaniyalı həmkarı isə het-trik etdi. Vermanla Bonni də “qol yağışı”nın iştirakçısı oldu. Müdafiədəki kobud səhvlər “İnter”in məğlubiyyətinə yol açdı.

PSV ilə oyuna fəal başlayan “Leyptsiq” bir neçə yaxşı imkanı qaçırandan sonra Bakunun əllə oyununa görə penalti ilə cəzalandırıldı. Ancaq Vandevordt 19-cu dəqiqədə illərin təcrübəsi Perişiçin penalti zərbəsini dəf edə bildi. Oyunun ikinci qəhrəmanı isə Qruda oldu. Onun məhsuldar zərbəsi “Leyptsiq”in klub rekordunu (bütün turnirlərdə ardıcıl 9-cu ev qələbəsi) təkrarlamağa və tarixində ilk dəfə evdə ardıcıl 4 “quru” qələbə qazanmağa yardım etdi.

“Vikinq” artıq 2-ci dəqiqədə “Bavariya”nın qapısından top keçirməklə tarix yazdı. Sağlamlıq durumunda problem olan Noyeri əvəzləyən Urbiq Stensnessin qarşısında aciz qaldı. Ardından münhenlilərin güclü təzyiqinin öhdəsindən gələn norveçlilər rəqibi əks-hücumda yaxaladı. Botheym Kristiansenin vurduğu qolda assistent rolunu oynadı. “Vikiniq” ÇL-də “Bavariya”nın qapısından iki qol keçirən ilk Skandinaviya komandası oldu.

Kompaninin oyunun belə axarından narazılığı 2-ci hissəyə üç dəyişikliklə başlamasında əksini tapdı. Nəticədə saatın tamamında hesab bərabərləşdi. ÇL-də qol seriyasını 9 oyuna çatdıran Keyn əvvəlcə Laymerin qazandığı penaltini dəqiq yerinə yetirdi, ardından Kimmixin asmasını başla tamamladı. 71-ci dəqiqədə “Bavariya” daha bir qol vurdu. Keynlə Laymerin qurduğu kombinasiyanı Dias qolla tamamlayanda hər kəsə elə gəldi ki, münhenlilərin növbəti qələbəsi hazırdı. Ancaq Olise komandasına “ayı xidməti” göstərdi. Əvvəllər heç vaxt qırmızı vərərə almayan Olise bir dəqiqənin içində iki “sarı” ilə cəzalanmaqla (topu Tripiçin üzünə atdı) meydandan qovuldu. “Vikinq”in kapitanı bunun əvəzini sonda çıxdı – Herman Yohan Heugen məhz onun asmasından sonra hesabı bərabərləşdirdi.

liqa mərhələsi, 2-ci tur
Lans – Sportinq 0:2 (0:1)

Lans: (Fransa): Risser, Antonio, Baydu (Agilar, 58), Hanyu, Udol, Aydara (Titraui, 80), Kyuizans, Abdulhəmid (Skuras, 68), Kadil (Meslub, 68), Toven, İvanoviç (Eduar, 58).
Sportinq (Lissabon, Portuqaliya): Kayke, M.Arauxo, İnasio, Kuareşma, Fresneda, Dumbiya (Lima, 85), Altimira, Simoes (Andersen,73), İrankunda (Derri, 73), Suares (İoannidis, 85), Katamo (Gilyerme, 66).
Qollar: Suares, 22 (0:1). Dumbiya, 74 (0:2).
Vərəqələr: Kyuizans, 71. Toven, 81 – sarı.
Hakim: İqor Payats (Xorvatiya).
13 oktyabr. Lans. 37548 tamaşaçı.

Qalatasaray - Barselona 1:4 (1:1)
Qalatasaray (İstanbul, Türkiyə): Uğurcan Çakır, Ərən Elmalı, Yakobs, Sançes, Barış Alpər Yılmaz (Şallai, 67), Lemina (Uqoçukvu, 58), Torreyra (Nyaqa, 81), Leao, Batrakov (Sara, 58), Yunus Akgün (Sane, 58), Osimhen.
Barselona (İspaniya): X.Qarsiya, Kanselo, Martin, Kubarsi, E.Qarsiya (Kunde, 73), Pedri (Bernal, 74), Rodri, F.Lopes (Fermin, 82), Qordon (Adeyemi, 59), Olmo (Jezus, 59), Yamal.
Qollar: Batrakov, 28 (1:0). Kanselo, 43 (1:1). F.Lopes, 50 (1:2). Qordon, 53 (1:3). Adeyemi, 65 (1:4).
Vərəqələr: Leao, 64. Şallai, 86 – sarı.
Hakim: Marko Quida (İtaliya).
13 oktyabr. İstanbul. 49623 tamaşaçı.

Atletiko – Mançester Yunayted 2:0 (1:0)
Atletiko (Madrid, İspaniya): Oblak, Qrimaldo, Hantsko, Romero, Lyorente, Baena (Lukman, 71), Kardozo, Barrios (Pubil, 60), Simeone (Le Norman, 88), Alvares (Hülmann, 71), Li Kan İn (David, 61).
MY (İngiltərə): Lammens, Heven (Maquyar, 80), Martines, Yoro, Dalot, Baleba (Maunt, 66), Santos, Reşford (Diallo, 66), Tilemans (Zirkzee, 66), Fernandeş (Kunya, 80), Mbeumo.
Qollar: Barrios, 1 (1:0). Lukman, 79 (2:0).
Vərəqələr: Reşford, 52. Le Norman, 88 – sarı. Yoro, 74 – qırmızı.
Hakim: Qlenn Nüberq (İsveç).
13 oktyabr. Madrid. 69493 tamaşaçı.

Arsenal – Lill 3:0 (0:0)
Arsenal (London, İngiltərə): Rayya, Lüis-Skelli, Qabriel, Konsa, Timber (Uayt, 78), Gimaraynş, Rays, Eze (Douman, 85), Merino (Edeqor, 65), Madueke (Saka, 65), Dyökereş (Haverts, 65).
Lill (Fransa): Özər, Perro (Verdonk, 78), Aleksandro, Nqoy, Qoffi, Andre, Bentaleb (Sahraui, 72), Mukau (Kyerqor, 72), Haraldsson, Ueda (Jiru, 78), Bakva (Diaun, 82).
Qollar: Timber, 64 (1:0). Eze, 67 (2:0). Saka, 71 (3:0).
Vərəqələr: Merino, 29. Qoffi, 81. Haverts, 90+2 – sarı.
Hakim: Feliks Svayer (Almaniya).
13 oktyabr. London. 57024 tamaşaçı.

Vilyarreal – Napoli 3:1 (2:1)
Vilyarreal (İspaniya): Junior, Romero, R.Veyqa, Navarro, Mourinyo, Moleyro (Foyt, 68), Quye (Kardona, 84), Komesanya (Peres, 83), N.Saliba, Mikautadze (Frimen, 64), J.Moreno (Oluvaseyi, 63).
Napoli (İtaliya): Milinkoviç-Saviç, Baydaşil, Rrahmani, Marin (Lukka, 73), Di Lorentso, Maktominey (Spinatsola, 61), Gilmor (Lobotka, 72), Politano (Neres, 60), Jiovane (Lanq, 60), De Bruyne, Höylunn.
Qollar: Rrahmani, 8 (0:1). Mikautadze, 23 (1:1). Mourinyo, 26 (2:1). Oluvaseyi, 86 (3:1).
Vərəqələr: Mikautadze, 33. Jiovane, 55. De Bruyne, 62. N.Saliba, 67. Di Lorentso, 85 – sarı.
Hakim: Daniel Zibbert (Almaniya).
13 oktyabr. Vilyarreal. 19128 tamaşaçı.

İnter – Brügge 3:4 (1:1)
İnter (Milan, İtaliya): X.Martines, Bastoni, Akanci, Bissek, Dimarko (Spens, 78), Zelinski (Stankoviç, 88), Çalhanoğlu (Suçiç, 67), Barella (Bonni, 78), Diuf, L.Martines, Türam (Espozito, 67).
Brugge (Belçika): Zommer, Seys, Mexele, Spileers (Li Han Bem, 61), Sabbe (Sike, 72), Virxili (Dyaxon, 83), Vanaken, Potts, Vetlesen (Lemarşal, 61), Forbs, Tresoldi (Verman, 83).
Qollar: Tresoldi, 30-p. (0:1). L.Martines, 44 (1:1). Tresoldi, 63 (1:2). Tresoldi, 74 (1:3). L.Martines, 81 (2:3). Verman, 87 (2:4). Bonni, 90+3 (3:4).
Vərəqələr: Spileers, 29. Çalhanoğlu, 29. Akanci, 39. Virxili, 70. Li Han Bem, 73. Lemarşal, 90+6 – sarı.
Hakim: Rohit Saqqi (Norveç).
13 oktyabr. Milan. 73859 tamaşaçı.

Leyptsiq – PSV 1:0 (0:0)
Leyptsiq (Almaniya): Vandevordt, Raum, Lukeba, Orban, Baku (Zayvald, 86), Banzuzi (Klostermann, 86), Əl-Aynaui, Nusa, Nkunku, Qruda (Rayts, 76), Romulo (Qomis, 61).
PSV (Eyndhoven, Niderland): Kovarj, Kostiç (Qasyorovski, 77), Obispo, Geertruyda (Flaminqo, 77), Dest, Junior, Sano, Van Bommel (Santos, 84), Til, Perişiç, Meynans (Bro Hansen, 84).
Qol: Qruda, 75.
Perişiç 19-cu dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Dest, 43. Nusa, 81. Obispo, 85 – sarı.
Hakim: Nikolas Uolş (Şotlandiya).
13 oktyabr. Leyptsiq. 43187 tamaşaçı.

Vikinq – Bavariya 3:3 (2:0)
Vikinq (Stavanger, Norveç): Estbe, K.Heugen (Dalann, 59), Falkener, Stensness, Heggheym (Vevatne, 85), Askildsen, Bell (Kviya-Eqeskoq, 85), Byordal (H.Y.Heugen, 72), Tripiç, Botheym (Moi, 85), Kristiansen.
Bavariya (Münhen, Almaniya): Urbiq, Braun (Devis, 46), Kim Min Ce, Ta (Upamekano, 46), Laymer, Bişof, Kimmix, Dias (Stanişiç, 76), Karl (Saybari, 46/İto, 83), Olise, Keyn.
Qollar: Stensness, 2 (1:0). Kristiansen, 38 (2:0). Keyn, 54-p. (2:1). Keyn, 60 (2:2). Dias, 71 (2:3). H.Y.Heuqen, 90 (3:3).
Vərəqələr: Laymer, 52. K.Heugen, 53. Dalann, 67. Saybari, 68. Olise, 73 – sarı. Olise, 73 – qırmızı (ikinci sarı).
Hakim: Georgi Kabakov (Bolqarıstan).
13 oktyabr. Stavanger. 15466 tamaşaçı.

Faktlar
* “Barselona” ÇL-də ardıcıl 17-ci oyunda qol buraxdı – bu, klub tarixinin ən pis seriyasıdı.
* PSJ-ni nəzərə almasaq, Fransa klubları İngiltərədə keçirdiyi ardıcıl 17-ci avrokubok oyununda uduzdu.
* Adeyemi “Barsa”nın heyətində ÇL-də 18-ci qolunu vurdu. Onun turnirdə debüt etdiyi 2020-ci ilin noyabrından bəri heç bir alman futbolçu belə yüksək məhsuldarlıq göstərməyib. Sane ilə Haverts bu müddətdə 15 dəfə fərqlənib.
* “İnter” tarixində ilk dəfə ÇL-də ardıcıl 4-cü oyunda uduzdu. “Neradzurra” buna qədər ötən mövsüm 1/8 finalın hər iki oyununda “Bude/Qlimt” ilə bacarmayıb (1:3, 1:2) və ilk turda “Real”la oyunda məğlub olub (1:2).
* “Arsenal” ÇL-in liqa mərhələsi çərçivəsində keçirdiyi ardıcıl 14-cü oyunda qələbə qazandı. Yeni mövsümə iki qələbə ilə başlayan “topçular” ötən mövsüm əsas mərhələdə 8, əvvəlki mövsümdə isə son 4 oyundan qələbə ilə ayrılıb. 14 oyundakı ümumi top fərqi 40:6-dı.
* “Barselona” 1923/24 mövsümündən bəri ilk dəfə startda 10 rəsmi oyunda qələbə qazanıb. Bütün turnirlər çərçivəsində keçirilən 10 oyunda top fərqi 43:9-du.
* Keyn ÇL-in bütün dövrlər üzrə bombardirləri siyahısında 8-ci yerə yüksəldi. “Vikinq”lə oyunda dubl edən ingiltərəli hücumçu bu turnordə qol sayını 57-yə çatdırdı. Bununla da o, 56 qolu olan Ruud van Nistelroyu geridə qoydu və sabiq komanda yoldaşı Tomas Müllerə çatdı. Müller ÇL-də 57 qolu 163 oyunda vurduğu halda, Keyn bu rəqəmə 73 qarşılaşmada çatıb.