Sizin reklam burada

UEFA 25 min avro ayırdı, Antalyadakı bütün rəqiblər müəyyənləşdi

Title
UEFA 25 min avro ayırdı, Antalyadakı bütün rəqiblər müəyyənləşdi
Aqil Məmmədov “Qəbələ” ilə vidalaşır
Gənclər Liqasındakı çıxışına görə UEFA "Qəbələ"ni sevindirib. “Qırmızı-qaralar”ın U-19 komandası turnirin ikinci mərhələsinə vəsiqə qazandığından qitə futbol qurumu AFFA vasitəsi ilə şimallıların hesabına əlavə 25 min avro köçürüb.
“Qəbələ” ilə bağlı daha bir xəbəri diqqətinizə çatdırmaq istəyirik. Yayılan xəbərlərə görə, əsas komandanın şərəfini qoruyan, cari mövsümdə daha çox ehtiyatda qalan Aqil Məmmədov qış fasiləsində düşərgəni tərk etmək niyyətindədi. Qolkiperin xidmətində “Neftçi” maraqlıdı.
Məsələyə aydınlıq gətirmək üçün klubun meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. Menecer isə söylənilənləri təkzib etmədi: “Aqilin komandadan ayrılmaq fikri var və böyük ehtimalla, belə də olacaq. Ancaq onun hansı komandaya üz tutacağını dəqiq bilmirəm. Mən də sizin kimi onun “Neftçi”yə keçəcəyini eşitmişəm. Böyük ehtimalla, qış fasiləsində komandaya yeni futbolçu cəlb olunmayacaq. Yola indiki heyətlə davam edəcəyik”.
Ötən saylarımızın birində “qırmızı-qaralar”ın qış hazırlıq planları barədə məlumat vermişdik. Bildirmişdik ki, şimallılar istirahətin ardından yanvarın 6-da Bakıda bir araya gələcək. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda ayın 13-dək paytaxtda hazırlıq keçəcək. Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi isə Türkiyədə gerçəkləşəcək. “Qəbələ” yanvarın 13-dən 27-dək Antalyada təlim-məşq toplanışında olacaq. “Qırmızı-qaralar” Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq.
Türkiyədə olduğu müddətdə Sənan Qurbanovun yetirmələri 4 yoxlama oyununda meydana çıxacaq. Yanvarın 16, 20, 24 və 26-da keçiriləcək matçlardakı rəqiblərdən ikisinin adı məlum idi. Bir daha xatırladaq ki, “Qəbələ” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu “Meppen”lə, 24-də isə Rusiya təmsilçisi “Fakel”lə qarşılaşacaq. Səbuhi bəy bizimlə söhbətdə digər iki rəqibin də müəyyənləşdiyini bildirdi. Belə ki, “qırmızı-qaralar” 20-də “Yenisey”, 6 gün sonra isə Macarıstan MTK-sı ilə münasibətləri aydınlaşdıracaq.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.