Sizin reklam burada

U-19 “Qaradağ Lökbatan”ı məğlub etdi

Title
U-19 “Qaradağ Lökbatan”ı məğlub etdi
Baş katib və MK üzvləri yığma ilə görüşdü
U-19-un Bakıda təlim-məşq toplanışında olduğunu bilirsiz. Vüqar Məmmədin komandası hazırlıq prosesi çərçivəsində artıq iki yoldaşlıq oyunu keçirib. Şənbə günü “Şüvəlan”la qarşılaşan milli 1:3 hesabıyla uduzmuşdu. Dünən isə yığma “Qaradağ Lökbatan”la sınaq görüşündə qüvvəsini sınadı. U-19 birinci divizion təmsilçisinə iki cavabsız qolla qalib gəldi. Daha öncə toplanışın gedişində yığmanın düşərgəsinə iki futbolçunun dəvət edildiyini xəbər vermişdik. Bu dəfə iki futbolçu komandadan ayrılıb. Şakir Seyidov və Emil Qasımov “Sabah”ın ölkə kubokundakı oyunları ilə əlaqədar icazə alaraq toplanışı erkən tərk ediblər.
Bundan başqa, srağagün AFFA-nın baş katibi Elxan Məmmədov, Məşqçilər Komitəsinin heyəti və texniki direktor Bernard Lippert Bakı Olimpiya Stadionunda yığma ilə görüşüb. Elxan Məmmədov, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov millini Avropa çempionatının elit mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib, qarşıdakı oyunlarda uğurlar arzulayıb. Futbolçulara Mircavadovun ölkə başçısı İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülməsi ilə bağlı məlumat verilib. U-19-un üzvləri təcrübəli mütəxəssisi təbrik ediblər. Həmçinin bildirilib ki, futbolçuların ümumi dünyagörüşünün artırılması, yaş qrupuna uyğun təhsil proqramında yer alan kompleks biliklərin çatdırılması məqsədilə komandanın məqşçi heyətinə pedaqoq Cahangir Səlimxanov cəlb olunub və qarşıdakı hazırlıq prosesində, təlim-məşq toplanışlarında müvafiq günlərdə komandada fəaliyyət göstərəcək. Səlimxanov Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Milli Konservatoriyanın Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvüdü.
Bütün bunlarla bağlı Vüqar Məmmədin fkirlərini öyrənmək qərarına gəldik. Yığmanın baş məşqçisindən öncə toplanışı dəyərləndirməsini istədik: “Uzun müddət idi xaricdə çıxış edən futbolçularımızı izləyirdim və bu toplanışda onlara baxmaq istəyirdim. Qərara gəldik ki, hazırlıq prosesinə onları çağıraq və bir-birimizi yaxından tanıyaq. Kim özünü yaxşı tərəfdən göstərəcəksə, növbəti təlim-məşq toplanşında da bizimlə olacaq. Elit mərhələyə kimi 3 ay vaxtımız var. Bu müddətdən maksimum yararlanmalıyıq. Yeni gələnlərin səviyyəsi? Hiss olunur ki, futbol məktəbləri var. Heç biri özünü aşağı səviyyədə göstərmir. Ancaq qərar verməyə tələsmirik. Özlərinə də demişəm ki, yığmadan gedəndən sonra oyunlarınızı izləyəcəm. Ya gedib orda izləyəcəyik, ya da yayınlanan matçlarına baxmağa çalışacağıq. Yoldaşlıq oyunlarına gəlincə, bu cür qarşılaşmalarda nəticənin o qədər də önəmli olmadığını hər kəs bilir. Düşərgədə olan futbolçuların hamısına şans verdik. Bu üzdən yoxlama oyunları hansı futbolçunun özünü necə göstərdiyini görmək baxımından bizim üçün əhəmiyyətlidi. Ola bilər, toplanışın son günündə - dekabrın 19-da daha bir sınaq matçı keçirək. Amma bu olmaya da bilər. Kimsə komandanın gücünə güc qatacaq səviyyədədisə, onu yığmaya cəlb edəcəyik. Milli elədi ki, bu gün kim layiqdisə, hazırdısa, heyətdə yer almalıdı. Burda əsas və ya ikinci heyət söhbəti ola bilməz. İstər xaricdə oynasın, istərsə də ölkədə - fərq eləmir, ən yaxşılar yığmada olmalıdı. Bu təlim-məşq toplanışında iştirak edən bəzi yeni oyunçuların milliyə cəlb edilmək ehtimalı çoxdu”.
Vüqar bəydən Bakı Olimpiya Stadionunda baş tutan görüşlə bağlı da fikir öyrəndik: “Elit mərhələyə vəsiqə qazanandan sonra AFFA rəhbərliyi ilə görüşdüm. Bir neçə tələb irəli sürdüm. Komandaya fiziki hazırlıq üzrə məşqşçi, ingilis dili müəllimi, uşaqların intellektual səviyyəsini artırmaq üçün mütəxəssisin lazım olduğunu bildirdim. Sağ olsun, Elxan müəllim razılıq verdi. Seçmə mərhələdə böyük təcrübə topladıq. Sadəcə, uşaqların futbolçu kimi böyümələrini istəyirəm. İşlərinə peşəkar şəkildə yanaşmalarını istəyirəm. Rəhbərlik də təklifləri müsbət qarşıladı və qeyd etdiyim mütəxəssilər yığmada bizimlə birgə olacaqlar. Məşqçilər Komitəsinin üzvlərindən Şakir Qəribov Gürcüstanda keçirdiyimiz seçmə mərhələ oyunları zamanı bizimlə birgə idi. Orda təcrübəli mütəxəssislərimiz yer alıb. Onlar da məsləhətlərini vedilər, hansı ki, bu cür tövsiyələr bizim xeyrimizə olacaq”.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.