Sizin reklam burada

“Turan Tovuz” 6 futbolçu ilə güclənəcək

Baxış Sayı:825

“Turan Tovuz” 6 futbolçu ilə güclənəcək
Eltay Aslanov: “Yerli gənclərin bir çoxu ümidlərimizi doğrultmadı”
Artıq birinci divizon təmsilçiləri qış fasiləsinə yollanıb. Bəzi klublar üçün mövsümün ilk yarısı uğurlu, bəziləri isə xoşagəlməz alındı. “Turan Tovuz”u da ikincilərin cərgəsinə aid etmək olar. Vaxtilə qərb bölgəsinin təmsilçisini elitada medallar uğrunda mübarizə aparan komanda kimi qəbul edirdiksə, indi dövran dəyişib. Daim istedadlı futbolçuları, güclü futbol məktəbi ilə seçilən bölgə aşağı dəstədə autsayderlər sırasında yer alıb. Eltay Aslanovun baş məşqçisi olduğu kollektiv fasiləyə 11-ci pillədə yollanıb ki, bu da daim futbolu ilə seçilən bölgə üçün heç də xoş hal sayıla bilməz. Uğursuz çıxışın səbəbini və komandanın qış fasiləsindəki planlarını öyrənmək üçün Eltay Aslanovla danışmağı lazım bildik.
- Öncə çempionatın ilk yarısını dəyərləndirməyinizi istərdik.
- Mövsümün əvvəlində düşərgəyə xeyli sayda yerli gənc futbolçular dəvət etmişdik. Niyyətimiz onların üzə çıxmasına şərait yaratmaq idi. Çox təəssüf ki, onların bir çoxu ümidlərimizi doğrultmadı və bu da nəticələrdə əksini tapdı. Yalandan deyim ki, biz məhz belə olacağını gözləyirdik, yalan danışmış olaram. Ümid edirdim ki, həmin gənclər fürsətdən istifadə edib, özlərini göstərməyə çalışacaqlar. Lakin vəziyyət heç də istədiyim kimi olmadı. Qış fasiləsindən yararlanıb, heyəti gücləndirməyə çalışacağıq. Hazırda futbolçu axtarışındayıq. Bəziləri ilə artıq danışıqlara başlamışıq. Ümumilikdə 6 yeni oyunçu dəvət etməyi düşünürük.
- “Turan Tovuz”un maliyyə imkanı kənardan oyunçu dəvət etmək üçün yetərlidi?
- Əlbəttə. Bu yöndə heç bir çətinliyimiz yoxdu. Maliyyə vəziyyətimiz birinci divizion üçün normaldı.
- Ancaq mətbuata açıqlama verən bəzi tovuzlu futbol veteranları bunun əksini deyirlər. Onların söylədiklərinə inansaq, aşağı yaş qruplarında çalışan məşqçilər cüzi maaş qarşılığında işləyirlər. Klubun Müşahidə Şurasının sədri Oqtay Abdullayev isə ayda 5 min manat alsa da, komanda ilə maraqlanmır, Tovuza yalnılz ildə bir-iki dəfə səfər edir...
- Bunu dilinə gətirənlər Tovuzda futbolun olmasını istəməyənlərdi. Aranı qatmaq üçün bu yola əl atırlar. Oqtay müəllimin Tovuz futboluna dəstəyi böyükdü. O daim komanda ilə maraqlanır, bütün problemləri aradan qaldırmağa çalışır. Mən bilən Abdullayevin maaşı da heç o qədər deyil. Onu da bildirim ki, o aldığı əməkhaqqıdan komandanın səfər xərclərinin bir hissəni qarşılayır. Uşaq futbolunda çalışan məşqçilərin maaşına gəlincə, ayda 300-350 manat əməkhaqqı alırlar. Bunu onların özlərindən də dəqiqləşdirə bilərsiz. Heç kim yalandan deyə bilməz ki, 180 manata işləyirəm. Oqtay müəllim ayda minimum iki dəfə Tovuza gəlir, görülən işlər, stadiondakı durumla maraqlanır, aşağı yaş qruplarının məşqlərini izləyir. Bakıda keçirdiyimiz oyunlardan isə danışmağa dəyməz. Daim yanımızdadı.
- Dediz ki, söylənilənlərin heç biri həqiqəti əks etdirmir. Belə olan halda mediaya böhtan xarakterli açıqlama verənlərin məqsədi nədi?
- Həmin insanların məqsədi, dedyim kimi, düşərgədə çaxnaşma salmaqdı. Başqa amil yoxdu.
- Söhbətimizin əvvəlində yerli gənclərin ümidləri doğrultmadığını bildirdiz. Tovuz həmişə istedadlı futbolçuları ilə seçilən bölgələrdən olub. Niyə indi onların davamçıları gəlmir?
- Arada uzun müddət boşluq oldu. Bu da istər-istəməz özünü göstərdi. Bir çox perspektiv vəd edən uşaq və yeniyetmələrimiz də həmin arada başqa klublara üz tutdular. Artıq vəziyyət yaxşılığa doğru dəyişməyə başalyıb. 2005-06 doğumlu çox istedadlı uşaqlarımız var. Onların gələcəkdə adlarından söz etdirəcəyinə ümidimiz böyükdü. Yaxın bir-iki ildə onları müxtəlif yaş qrupları üzrə yığmalarda da görə biləcəksiz. Hazırda “Turan Tovuz”da 6 yaş qrupu fəaliyyət göstərir. Elitada çıxış etməli olsaq, onların sayını 8-ə qaldıra bilərik. Buna potensialımız çatır.
- Elitadan söz düşmüşkən, tutaq ki, AFFA növbəti mövsümdə “Turan Tovuz”un premyer-liqada çıxış etməsinə razılıq verdi. Bəs maliyyə məsələsi necə həll olunacaq?
- Yəqin ki, kluba rəhbərlik edən şəxslər bu problemi də həll edə biləcəklər. Bildiyiniz kimi Tovuzun yeni icra başçısı da komanda ilə yaxından maraqlanır. Vəzifəyə təyin olunduğu ilk vaxtlarda komanda üzvləri ilə görüşdü, stadionla və burdakı işlərlə tanış oldu. Və “Turan Tovuz”a hər cür dəstək verəcəyini bildirdi.
- Fasilə dönəmində harda toplanış keçəcəksiz, yoxlama oyunlarında rəqiblər kimlər olacaq? Bununla bağlı artıq plan tutulub?
- Yanvarın ilk günlərindən komanda Tovuzda bir araya gələcək. Bazamızda toplanış keçmək üçün normal şərait var. Yoxlama görüşləri keçirəcəyik. Ancaq hələ ki rəqiblərin adlarına aydınlıq gəlməyib. Minimum 4 oyun olacaq. Yəqin ki, toplanışa qədər artıq bu məsələ də həllini tapacaq.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR