Hacıbala Abdullazadədən böyükhesablı “siftə”
Dünən futzal üzrə yüksək liqada 10-cu turdan təxirə salınan oyun keçirildi. Çempionluğa iddialı “Neftçi” debütant “Liman”la qarşılaşdı. Bəribaşdan qeyd edək ki, paytaxt təmsilçisi bu qarşılaşma ərəfəsində baş məşqçi dəyişikliyinə məruz qalmışdı. Prinsipial rəqibləri “Araz” və “Ekol”la görüşlərdə məğlubiyyətləri sıralayan “Neftçi” baş məşqçi İlqar Aslanovu istefaya göndərib. Rəhbərlik xüsusilə ötən turda “Ekol”a 0:7 hesablı məğlubiyyəti ona bağışlamayıb. Onu təcrübəli mütəxəssis Hacıbala Abdullazadə əvəzləyib. Yeni baş məşqçi debüt matçını məhz “Liman”a qarşı keçirdi. Hazırda milli komandanın məşqçisi kimi fəaliyyətini davam etdirən Abdullazadənin “siftə”sinin uğurlu alındığını qeyd edək. Erkən qollarla oyuna başlayan “Neftçi” yekunda böyükhesablı qələbə qazandı. İlk yarıda 6, fasilədən sonra 8 dəfə fərqlənən bakılılarla görüşdə Lənkəran təmsilçisinin gücü 0:14-dən sonra vurduğu təsəlli qoluna çatdı. Əslində oyuna cəmi 6 futzalçı ilə gələn, bir sözlə, ehtiyatda cəmi 1 oyunçusu olan “Liman”dan bundan artığını gözləmək də sadəlövhlük olardı.
“Neftçi” bu qələbə sayəsində xalını 24-ə çatdıraraq, 3-cü pillədə möhkəmlənməklə yanaşı, “Araz”la fərqi 3, “Ekol”la 2-yə endirib.
Neftçi – Liman 14:1 (6:0)
Neftçi: 23. Elnur Zamanov, 10. Rüfət Balakişiyev (k), 8. Vahib Xocayev, 94. Oruc Baxşəlizadə, 14. Vitali Borisov; 4. Əli Abdullahi, 6. Muhammed Katebi, 17. Tural İsmayılov.
Baş məşqçi: Hacıbala Abdullazadə.
Liman: 12. Seyid Əhməd Yaqubi (k), 11. Seyid Məhəmməd Musəvi, 4. Paşa Tanıverdiyev, 5. Mahir Dünyamalıyev, 2. Elsevər Əliyev; 10. Camal Mahmudov.
Rəhbər: Fariz Əkbərov.
Qollar: R.Balakişiyev, 1 (1:0). R.Balakişiyev, 4 (2:0). V.Xocayev, 9 (3:0). Ə.Abdullahi, 15 (4:0). R.Balakişiyev, 18 (5:0). M.Katebi, 20 (6:0). O.Baxşəlizadə, 22 (7:0). O.Baxşəlizadə, 24 (8:0). O.Baxşəlizadə, 29 (9:0). O.Baxşəlizadə, 34 (10:0). R.Balakişiyev, 34 (11:0). O.Baxşalızadə, 36 (12:0). T. İsmayılov, 37 (13:0). R.Balakişiyev, 38 (14:0). S. M.Musəvi, 39 (14:1).
Vərəqələr: E.Əliyev, 23. M.Dünyamalıyev, 39 – sarı. E.Əliyev, 23 - qırmızı (ikinci sarı).
Hakimlər: Azər Əsgərov, Mehman Mahmudov, Kənan Məlikov.
16 dekabr. Olimpik Star.
1. Araz 11 8 3 0 96-26 27
2. Ekol 11 8 2 1 96-26 26
3. Neftçi 11 8 0 3 61-32 24
4. Xəzər Cənub 11 5 2 4 107-40 17
5. Yasamal 10 3 1 6 64-53 10
6. Liman 10 2 0 8 34-113 6
7. Yasamal İSK 12 0 0 12 36-204 0
Bombaridlər: Hadi Rezvan (Xəzər Cənub) – 35, Xətai Bağırov (Araz), Namiq Məmmədkərimov (Ekol) – 27.