Eddi komandasını hesabda önə keçirsə də…
Almaniyanın ikinci bundesliqasında 17-ci turun oyunları keçirilir. Yığmamızın yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geydiyi "Ertsgebirge" doğma azarkeşləri önündə "Darmştadt"la münasibətləri aydınlaşdırıb. Nazarov 57-ci dəqiqədə, hesab 1:0 olarkən oyuna qoşulub. Bir qədər sonra Aue təmsilçisi üstünlüyü 2 topa çatdırsa da, "Darmştadt" bərabərliyi təmin edərək səfərdən 1 xalla dönməyi bacarıb. Hesabında 19 xal olan "Ertsgebirge" 12-ci pillədə qərarlaşıb.
Portuqaliya sequndasında 13-cü turun oyunları keçirilir. Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" evdə "Feyrense"ni sınağa çəkib. Start heyətində meydana çıxan Dadaşov qarşılaşmanın qəhrəmanı olub. U-21-in üzvü 68-ci dəqiqədə sarı vərəqə alsa da, 87-ci dəqiqədə komandasına qələbə qazandıran qolun müəllifi olub - 1:0. "Eştoril" bu qələbə sayəsində 26 xalla 2-ci pilləyə yüksəlib.
Türkiyənin 1-ci liqasında 16-cı tura yekun vurulub. Yığmamızın sabiq hücumçusu Dəniz Yılmazın formasını geydiyi “Gənclərbirliyi” evdə “Qazişəhər Qaziantep”lə qarşılaşıb və 2:1 hesablı qələbəyə sevinib. Start heyətində meydana çıxan Yılmaz 63-cü dəqiqədə əvəzlənib. “Gənclərbirliyi” 38 xalla liderliyini davam etdirir.
Hollandiyanın ikinci liqasında 18-ci turun oyunları reallaşıb. Gənclərdən ibarət millimizin üzvü Ziya Əzizovun formasını geydiyi “Neymegen” doğma meydanda “Maastrixt”lə qarşılaşıb. Ziyanın adı qonaqların 1:0 hesabı ilə qalib gəldiyi oyunun iştirak ərizəsinə salınmayıb. “Neymegen” 25 xalla 11-ci pillədə qərarlaşıb.
Almaniyanın 3-cü liqasında 19-cu turun oyunları keçirilib. Rüfət Dadaşovun “Proyssen”i növbəti matçını “Zviçkau”ya qarşı keçirib. Münster təmsilçisi dogma meydanda məğlubiyyətlə barışıb - 0:2. Rüfət zədə üzündən qarşılaşmanın iştirakçısı olmayıb. “Proyssen” 29 xalla 6-cı pillədə qərarlaşıb.
Almaniyanın regional liqasının qərb zonasında 21-ci turun oyunlarına yekun vurulub. Tuğrul Eratın şərəfini qoruduğu “Ştralen” səfərdə “Rödinqhauzen”lə münasibətləri aydınlaşdırıb. Erat 0:6 hesablı məğlubiyyətin iştirakçısı olmayıb. “Ştralen” 29 xalla doqquzuncudu.
Eddi İsrafilovlu “Alkorkon” İspaniya sequndasının 18-ci turunun oyununa çıxıb. Eddi “Osasuna” ilə səfər matçına start heyətində başlayıb. Yığmanın sabiq üzvü 44-cü dəqiqədə qarşısında sarı vərəqə görüb. Fasilədən sonra, konkret 53-cü dəqiqədə isə İsrafilovun hesabı açıb. Bununla belə, meydan sahibləri iki qol vuraraq meydandan qələbə ilə ayrılıb - 2:1. Eddinin rəqibin qələbə qolundan dərhal sonra, 83-cü dəqiqədə əvəzləndiyini də qeyd edək. Hesabında 33 xal olan “Alkorkon” 4-cü sırada qərarlaşıb.