Zaur Axundovla Kamran Ağayev hakimlərin otağına girdi
6. Qarabağ (Ağdam) – Keşlə 1:0 (0:0)
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov , 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Araz Abdullayev (17. Abdulla Zubir, 64), 10. Dani Kintana (77. Vild-Donald Gerye, 90+2), 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev (2. Qara Qarayev, 83).
Ehtiyat oyunçular: 13. Vaqner Da Silva , 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak.
Baş məşqçi: Qurban Qurbanov
Keşlə: 1. Kamran Ağayev (k), 33. Tərlan Quliyev, 2. Sərtan Taşkın, 4. Slavik Alxasov, 94. Seymur Əsədov, 3. Denis Silva, 80. Diallo Quydileye, 22. Nikola Mitroviç, 17. Samir Məsimov (14. Andre Klennon, 90), 31. Georgios Georgiadis (65. Cabir Əmirli, 77), 23. Conatan Ayite (9. Amil Yunanov, 57).
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 10. Ruslan Nəsirli, 78. Elmir Rəhimzadə, 7. Vaqif Cavadov, 95. Cavid Əliyev, 90. Ebrima Sohna, 93. Edvinas Girdvainis. 21. Herve Tçami.
Başməşqçi: Tərlan Əhmədov
Qol: R.Məmmədov, 65.
Vərəqələr: C.Ayite, 33 (qeyri-idman hərəkəti). D.Kintana, 43 (qeyri-idman hərəkəti). S.Taşkın, 90+4 (hakimin qərarına etiraz). T.Quliyev, 90+4 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: VÜQAR HƏSƏNLİ, Namiq Hüseynov, Elşad Abdullayev (hamısı Bakı), Rəşad Əhmədov (Mingəçevir).
Hakim-inspektor: Murad Məmmədov (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
16 dekabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 400 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Bu komandalar arasındakı oyunlar həmişə maraqlı idman mübarizəsi şəraitində keçib. Yəni əvvəlki “İnter”i, indiki “Keşlə”ni ağdamlılar üçün çətin rəqib adlandıra bilərik. Elə cari mövsümün ilk dövrəsində “qırmızılar”ın çempionla bərabərə qalmasını xatırlatmaq kifayətdi. Sadəcə, dekabrın 3-də “Qarabağ”ın Tərlan Əhmədovun yetirmələrini 5:1 hesabıyla darmadağın etməsi ortaya müəyyən suallar çıxarmışdı. Yenə eyni hal təkrarlanacaq, yoxsa “Keşlə” arzuolunmaz rəqib olduğunu növbəti dəfə sübut edəcək?
Oyundan uzun-uzadı bəhs etməyin anlamı yoxdu. Qol vəziyyətləri sarıdan kasadlıq yaşanan qarşılaşmada “köhlən atlar” hər nə qədər üstün təsir bağışlasa da, rəqib qapısına yol tapmaq mümkünsüzə çevrilmişdi. Təsəvvür edin, ilk 45 dəqiqədə cəmi bir real qol şansı oldu ki, Kamran Ozobiçin uzaqdan hiyləgər zərbəsinə əla reaksiya göstərdi. Bir də ara-sıra “Keşlə”nin əks-hücumları “Qarabağ”ın azarkeşlərinin narahatlığına səbəb olurdu. Di gəl ki, sonluq sıfır.
Fasilədən sonra müəyyən canlanmanın yarandığını deyə bilərik. Bu da boşuna deyildi. Meydan sahibləri bütün riskləri göz önünə alıb hücum etməli, ən əsası, ilk matçda qol vurmalıydı. “Köhlən atlar” böyük qüvvə ilə irəli atılır, belədə müdafiədə boşluqlara yol verirdilər. 65-ci dəqiqəyə kimi çətinlik çəkən ağdamlılar, nəhayət, istəyinə çatdı. Künc zərbəsi zamanı çıxışda kobud səhvə yol verən Kamran Rahilin topu başla qapıdan keçirməsinə yardımçı oldu. Bundan sonra temp bir az da yüksəldi ki, 71-ci dəqiqədə Mahir hesab arasındakı fərqi artırmağa yaxın oldu. Kamran bu dəfə əla reaksiya ilə alqış qazandı. Əvəzetmələrlə komandasının hücum imkanlarını gücləndirmək haqda düşünən Tərlan Əhmədov az qala qəhrəman olacaqdı. Amil 88-ci dəqiqədə yaxın məsafədən topu qapının üstündən vurmaqla “Keşlə”yə azarkeşlik edənlərin təəssüfünə səbəbkar oldu.
Hər halda, səfərdə, həm də çempiondan alınan 0:1 hesablı yenilgi heç də ümidsiz nəticə deyil. Cavab oyununda “ASK Arena”nın yararsız qazonuna ümid bağlayıb “Qarabağ”ı məyus etmək olar. Hər halda, əsl 90 dəqiqə qabaqdadı...
Maraqlıdı...
* Oyunu izləyənlər arasında Kamran Ağayevin atası Adil dayı da var idi. Media sektorunda əyləşən ağsaqqal oyunboyu olduqca narahat görünürdü. Oğlunun səhvi ilə nəticələnən qoldan sonra başını tutan ata dərhal ayağa qalxıb arxasındakı tabloya boylandı. Çox güman, qarşılaşmanın başa çatmasına neçə dəqiqə qaldığını bilmək istəyirdi.
* Con Ayite əvəzlənəndə öncə meydanda narazılığını bildirdi, daha sonra Tərlan Əhmədovun yanından keçəndə müəyyən ifadələr işlətdi.
* Qara Qarayevin halına acımamaq mümkün deyildi. 76-cı dəqiqədə Coşqun Diniyevi əvəzləmək üçün dördüncü hakimə yaxınlaşan yığma üzvü soyuq havada nə az, nə çox - düz 7 dəqiqə gözləməli oldu. Yalnız top meydanı tərk edəndən sonra baş hakim əvəzetməyə icazə verdi.
* Hakimin final fitindən dərhal sonra paltardəyişmə otaqlarına gedən dəhlizin üstündəki tribunada dayanan ortayaşlı azarkeş hakimləri uca səslə “ağ yuyub, qara sərirdi”. Narazılığı Vüqar Həsənlinin oyunu vaxtından əvvəl başa vurmasına görə idi. Polis kapitanının “götürün onu ordan” əmrindən sonra cavuşlar azarkeşi bir göz qırpımında tribunadan uzaqlaşdırdılar.
* Narazı qalan təkcə azarkeş deyildi. “Keşlə” rəsmiləri də özlərinə əl qatmışdı. Baş hakimin oyunu vaxtından əvvəl bitirməsinə və bəzi anlaşılmaz qərarlarına etiraz olaraq klubun Müşahidə Şurasının sədri Zaur Axundov və kapitan Kamran Ağayev oyundan sonra hakimlərin otağına daxil olmağa imkan tapdı. Polislərin və AFFA nümayəndəsinin müdaxiləsindən sonra narazıları ordan kənarlaşdırmaq mümkün oldu. Axundov daha sonra qarşısına çıxan hakim-inspketor Murad Məmmədova da etiraz etməklə yadda qaldı.
Belə dedilər...
Tərlan Əhmədov: “Bu gün bir daha hiss elədim ki, komandada görüləsi vacib işlər çoxdu. Nəticədən danışsaq, 0:1 məğlubiyyət demək deyil. Əsas məqsədimiz qapımızda top görməmək, imkan daxilində qol vurmaq idi. Amma heç birinin öhdəsindən gələ bilmədik. Cavab görüşündə diqqətli olmalıyıq. Həyatda mümkünsüz heç nə yoxdu, hər şey öz əlimizdədi. İkinci oyunda daha yaxşı oynayıb, qələbə qazanmağa çalışacağıq. Asan olmayacağını bilirik. İstənilən halda, sona qədər mübarizə aparacağıq. İstəsək, bacara bilərik. Hakimlik? Qapımıza cərimə zərbəsi təyin olunursa, məsafə 9 metr 15 santimetr olmalıdı, daha 12 metr yox. Gəncdilər, birdən-birə bu cür oyunlara təyinat alanda səhvlər çox olur. Avropa futboluna baxırıq. Sürət, mübarizə - hər şey var. Bizdə kiçik toxunuşa görə fit çalınır. Həm oyunun sürəti aşağı düşür, həm də futbolçuların əsəbləri gərilir. Ədalət təmsilçiləri bu cür məqamlara diqqət yetirsələr, yaxşı olar. Ayitenin nəyə etiraz etdiyi mənə də qaranlıq qaldı. Hər bir futbolçu sona qədər oynamaq istəyir. Ola bilsin, əvəzlənməsinə etiraz edirmiş. Özündən soruşarıq, görək nə məsələdi”.
Qurban Qurbanov: “Çətin oyun olacağını gözləyirdik. İngiltərə səfərindən qayıtmışdıq deyə, istər-istəməz yorğunluq olacaqdı. Çətinliklərə baxmayaraq, futbolçular meydanda əllərindən gələni etməyə çalışdılar. Həm nəticədən, həm də oyundan razı qaldım. Həm topla, həm də topsuz epizodlarda hərəkətli idilər. Əvvəlki “İnter”, indiki “Keşlə” kubok mübarizəsində hər zaman inamlı olması ilə seçilib. Fərqli oyun göstəriblər, uğurlu nəticələr qazanıblar. Bu gün bir daha şahidi olduq. Bir də ki, çempionat və kubok qarşılaşmaları bir-birindən fərqlənir. Bu iki gündə qeydə alınan nəticələri özünüz gördüz. Qələbə yaxşıdı, amma cavab görüşündə çox diqqətli olmalıyıq. Düz qeyd edirsiz, “ASK Arena”nın süni örtüyünda oynamaq futbolçular üçün xoş deyil. Hər zaman o cür meydanlara görə narahat olmuşam. Çünki futbolçuların zədə ehtimalı çoxalır. Nə etsək də, vəziyyət dəyişən deyil. Ona görə də bütün çətinliklərə rəğmən, meydana çıxıb futbolumuzu oynamalıyıq. “Keşlə”nin dörd müdafiəçi ilə oynayacağını hardasa gözləyirdim. Çünki Tərlan Əhmədovun əvvəlki komandalarda da bu sistemə üstünlük verdiyinin şahidi olmuşuq. Amma tam əmin deyildim. Həm səfərdə oynayırdılar, həm də kubok oyunu idi. Əsasən beş müdafiəçi ilə oynayacaqlarını düşünürdük. İstənilən halda, hər iki vəziyyətə hazır idik. Futbolçuların “çemodan” əhval-ruhiyyədə olmalarına inanmıram. Çünki hər bir futbolçu meydana uğur qazanmaq üçün çıxır. Cavab oyunlarına baxarsız, heç bir “çemodan” əhval-ruhiyyəsi görünməyəcək. Nəticələr elədi ki, meydanda amansız mübarizə gedəcək”.
HƏBİB