Yığmanın tərcüməçisi Qurban Qurbanovdan Londona aparılmasını xahiş edibmiş
Avroliqanın qrup mərhələsi başa çatdı. Kimlər üçünsə yarışın növbəti hissəsi yazdan etibarən davam edəcək. Bizim üçün “Arsenal” - “Qarabağ” oyunu cari avrokubok mövsümündə sonuncu oldu. Təmsilçimiz möhtəşəm “Emireyts”də məğlub olmasına baxmayaraq, məlum görüş arxasında müəyyən suallar buraxdı.
Qarşılaşmanın ən maraqlı və həssas nöqtəsi son dəqiqələrdə yaşanan hadisə idi. Qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə meydana daxil olan erməni azarkeş təkcə Rəşad Sadıqovla Qara Qarayevin təpkisi ilə üzləşmədi. Həmçinin oyunu izləyən azərbaycanlıların əsəbini yerindən oynatdı. Ən çox sual doğuran məqam azarkeşin bayrağı stadiona necə keçirməsi və meydana maneəsiz daxil olmasıydı. Təbii, buna görə məsuliyyət “Arsenal” rəhbərliyinin boynundadı. Çünki bu cür halların baş verməməsi üçün ev sahibi kimi onlar duruma nəzarət etməlidi. “Qarabağ” rəhbərliyiin isə yaşananlarla bağlı UEFA-ya şikayət etmək, günahkarların cəzalanmasına və ya cərimələnməsinə nail olmaq haqqı var. Maraqlıdı, Ağdam klubunun rəsmiləri olayla bağlı Avropanın futbol qurumuna hər hansı müraciətdə bulunub? Başbilənləri xəbərdar etmək üçün hansısa addım atılıb? Suallara cavabı klubun mətbuat katibi Nurlan İbrahimovla söhbətdə aydınlıq gətirməyə çalışdıq: “Oyundan əvvəlki iclasda bu cür halın baş verməsinin mümkünlüyü haqda rəsmilərə məlumat vermişdik. Tək bu oyunda yox, hər dəfə bu məsələni qabardıb, ev sahiblərindən diqqətli olmağı xahiş edirik. Görünür, erməni azarkeşlərin təxribata yaxşı hazırlaşması və bu işi həyata keçirmək üçün xüsusi plan hazırlamaları ingilisləri çaşdırdı. Bir şey də var ki, ingilislər bu cür məsələlərdə boşluqlara yol verirlər. Hər nə qədər də olmasa, özlərinə güvənirlər, UEFA-dakıların qarşısında sözlərinin keçəcəyindən əmindilər. Hətta müfafizəçilər belə, nələrin yaşandığını anlaya bilmirdi. İstənilən halda, təhlükəsizlik tədbirləri ilə bağlı boşluğa yol verilib. Meydan sahibləri diqqətli olsaydılar, bu hadisə yaşanmayacaqdı. Təbii, narazı tərəf kimi yaşananlarla bağlı UEFA-ya və müvafiq orqanlara müraciət etmişik. Əslində bu cür hadisənin baş verməsi digər tərəfdən xeyrimizə oldu. Bilməyənlər də bildi ki, Qarabağ bizim torpaqlarımızdı, ermənilər isə qondarma respublika yaratmaqla həmin torpaqlara iddia edirlər”.
Bir başqa məqam Qurban Qurbanovun mətbuat konfransları zamanı yaranan üzücü məqam idi. Bakıdan səfərə jurnalistlər aparılanda baş məşqçinin mətbuat konfransları daha gözəgəlimli olur, səs-küylü keçir. Amma bu dəfə susqunluq idi. Baxmayaraq ki, İngiltərədə xeyli sayda jurnalist yaşayır, neçə-neçə televiziya və saytın əməkdaşları Londonda fəaliyyət göstərir. Elədisə, niyə cəmi iki nəfər? İbrahimovun mövqeyi ilə tanış olun: “Bəli, mənim də bildiyimə görə, İngiltərədə azərbaycanlı jurnalistlərin sayı çoxdu. Amma bizə cəmi iki nəfər müraciət etmişdi. Biri Aytən Abbasova idi, digəri Toğrul Bağırov. Akkreditasiya üçün müraciət etmişdilər, biz də onları bu oyun üçün qeydiyyatdan keçirdik. Yakub Jezniçak Polşadan gələn iki jurnalistin qeydiyyatı üçün xahiş etmişdi. Eyni zamanda Hannes Halldorssona görə daha iki həmkarımız İslandiyadan təşrif buyurmuşdu. Onlar da “Qarabağ”ın adından akkreditasiyadan keçmişdilər”.
Londona səfər edənlər arasında AFFA-nın əməkdaşı, lap dəqiq desək, əsas yığmanın işçisi Aydın Rüstəmov də var idi. Robert Prosineçki ilə Berti Foqtsun dönəmində tərcüməçilik edən, Qurban Qurbanovlu yığmada son bir ildə isə menecer kimi fəaliyyət göstərən Rüstəmovun İngiltərəyə yollanması maraq doğurmaya bilməzdi. Düşünmək olardı ki, Aydın bəy ağdamlılara AFFA-nın xeyir-duası və ya tapşırığı ilə qoşulub. Amma yox. Nurlan bəylə söhbətlə məlum oldu ki...: “Avroliqanın qrup mərhələsinin püşkü atılanda Qurban Qurbanov eyni zamanda həm də yığmanın baş məşqçisi idi. Aydın Rüstəmov da yığmada çalşdığından, Qurban müəllimdən Londona səfər etmək arzusunda olduğunu bildirmişdi. O vaxtdan ona söz verilmişdi deyə, səfəri reallaşdı”.
Yeri gəlmişkən, təxribatçı hərəkətləri ilə mühafizəçilər tərəfindən saxlanılan erməni azarkeşin cəzasız qalmayacağı deyilir. Stadionlardan ömürlük uzaqlaşdırılması ilkin ehtimaldı. Eyni zamanda cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyü müzakirə olunur.
HƏBİB