Turun...
...söhbəti...
“Qarabağ”ın son iki çempionat oyununda Mahir Mədətov adından söz etdirməyi bacarır. Bunun nəticəsidi ki, bir həftə ərzində 4 qol vuran hücumçu ən sərrast futbolçular arasında 7 qolla liderlik edən Baqali Daboya şərik olmağı bacardı. “İmarət” fanklubunun üzvlərinin bu futbolçunu sevməsi, hər zaman ona dəstək olması göz qabağındadı. Ən çətin zamanlarda belə “11 nömrə”nin yanında olduqlarını göstəriblər.
“Zirə” ilə qarşılaşmadan sonra bir daha buna əmin olduq. Belə ki, “Qarabağ” buraya, əllər havaya” deyən qrup üzvləri futbolçular paltardəyişmə otağına yollananda eyni şüarla Mədətovu yanlarına səslədilər. Mahir onlara tərəf gəlib təşəkkür edəndən sonra tribunanın məhəccərinə yaxınlaşdı ki, azarkeşlərdən biri futbolçuya tərəf gəlib onunla nəsə danışdı. Təxminən 10-15 saniyə sürən dialoqdan sonra Mahir əlini ürəyinə qoyub növbəti dəfə təşəkkür etdi.
Əlbəttə, azarkeşlərin futbolçulara dəstək verməsi halına ilk dəfə deyil rast gəlirik. Amma bu şəkildə və dialoqla... İkili söhbətin nədən ibarət olduğunu öyrənmək üçün əlaqə saxladığımız “İmarət”in fəallarında biri adının gizli saxlanılmasını xahiş etsə də, bizi məsələdən xəbərdar etməyə etiraz etmədi: “Mahir bizim üçün təkcə futbolçu deyil. Hər şeydən əvvəl “İmarət”in bir parçasıdı. Ona görə də daim yanında olur, dəstəyimizi əsirgəmirik. Xatırlayırsızsa, bir müddət əvvəl çətin dönəm yaşayırdı. Ya oyunu alınmırdı, ya da sosial şəbəkələrdəki paylaşımlara görə tənqid olunur. Həmin vaxt biz Mahirin yanında olduq, müxtəlif vasitələrlə dəstək verdik. Bu səbəbdən Mahir Mədətov bizim üçün dəyərli biridi. Həm futbolçu, həm də insan kimi. O ki qaldı “Zirə”ylə qarşılaşmadan sonra tribunaya yaxınlaşmasına, orda qeyri-adi söhbət olmayıb. Sadəcə, biz ondan qələbəni qeyd etməyi xahiş etdik, o isə yaxınlaşıb Qurban Qurbanovun buna icazə vermədiyini söylədi. Bu da başadüşüləndi. 6:0-dan sonra bu cür davranmaq düzgün olmazdı. Onsuz da rəqib ağır zərbə almışdı. Mahiri başa düşdük və alqışlarla paltardəyişmə otağına yola saldıq”.
...şanssızı...
Rauf Əliyev tilsimlənib. Təkcə ayaqları yox, elə futboldakı bəxti də. Ötən mövsümün ilk yarısında Albaniyada “Kukesi”nin uğurları üçün tər tökən təcrübəli hücumçu bu ilin əvvəlindən yaya qədər klubsuz qaldı. Daha doğrusu, “Qəbələ”dəydi, amma qaydalara görə meydana çıxması mümkünsüzə çevrilmişdi. Düşünmək olardı ki, müəyyən vaxtdan sonra yeni komandasına uyğunlaşıb “Qarabağ”da, “Bakı”da və “İnter”də, eləcə də yığmadakı qolçuluq bacarığını bölgə təmsilçisində nümayiş etdirəcək. Lakin hələ də əvvəlki Raufu görmürük. Cari mövsümdə “qırmızı-qaralar”ın heyətində cəmi 1 qola imzasını yazdırıb ki, xoş göstərici sayıla bilməz.
İşin bir başqa tərəfi Əliyevin əsas heyət üzvü olmaya-olmaya, artıq iki dəfə qırmızı vərəqəylə meydanı vaxtından əvvəl tərk etməsidi. Və bu, hər iki halda “11-lik”də meydana ayaq basdığı oyunlarda olub. 9-cu turda “Sumqayıt”la səfər matçının son saniyələrində Orxan Məmmədovdan ikinci “sarı”nı alan forvard bu dəfə 14-cü turda və yenə səfər qarşılaşmasında meydandan qovuldu. İnqilab Məmmədov “Səbail”lə qarşılaşmada Raufun rəqib futbolçuya qarşı kobudluğunu ikinci “sarı” kimi dəyərləndirib onu vaxtından əvvəl paltardəyişmə otağına göndərdi.
Maraqlıdı, səbəbkar özü bunun səbəbini nədə görür? Hakimlər qərəzli davranır, yoxsa öz səhvlərinin acısını çəkir? Hər halda, özünü dinləyək: “Həqiqətən də ağır dönəm keçirirəm. Xüsusilə dünənki oyundan sonra çox pis oldum. Hələ də özümə gələ bilmirəm. Səbirsizliklə əsas heyətdə oynayacağım günü gözləyirəm və sonluq belə alınır. Qətiyyən hakimləri günahlandırmıram, öz səhvimdi. İlk epizodda topu fitdən sonra kənara vurdum. Əvvəl oyunun əvvəlində hakimlər buna görə güzəşt edirdilərsə, indi qaydalar kifayət qədər sərtləşib deyə, güzəşt-filan yoxdu. Dərhal sarı vərəqə göstərilir. İkinci epizodda isə hədsiz istəkli olduğuma görə “yandım”. Sarı vərəqəm var idi deyə, hakimin dərhal ikinci “sarı” verəcəyini gözləmirdim. İstənilən halda günahkar özüməm. Klub rəhbərliyindən cəza və ya cərimə ilə bağlı heç nə eşitməmişəm. Düzdü, istənilən qərara hörmətlə yanaşıram. Amma orda hər kəs gördü ki, adi oyun epizodlarına görə vərəqələr aldım. Yəni futboldankənar hansısa hərəkət etmədim”.
...yoxluğu...
Mövsümün əvvəlində sərgilədiyi oyun və vurduğu qollarla bir anda diqqətləri üzərinə çəkən Marko Deviçə, deyəsən, göz dəyib. Premyer-liqanın ilk 4 turunda 5 qola imza ataraq ən sərrast oyunçular arasında liderlik edən Ukrayna yığmasının sabiq forvardı get-gedə kölgəyə çəkildi. Növbəti 4 oyunda rəqib qapılarına yol tapa bilmədi, oktyabrın 21-də “Sumqayıt”la baş tutan qarşılaşmadan sonra isə zədələndi. Nə az, nə çox - düz 40 gün yaşıl meydanlardan kənarda qalması 4 oyunda iştirak edə bilməməsi demək idi. Nəhayət, dekabrın ilk günündə, “Neftçi”ylə qarşılaşmanın ikinci hissəsində yenidən komandasına kömək etmək üçün mübarizəyə qoşuldu. Və dönüşünü penaltidən vurduğu qolla qeyd etdi. Düşünmək olardı ki, “Sabah”ın “Keşlə” ilə görüşündə növbəti dəfə fərqlənib Baqali Daboya çatacaq.
Amma adına nəinki “18-lik”də, heç “23-lük”də rast gəlmədik. Biləndə ki, yenə zədəlidi, təəccüblənməmək mümkün deyildi. Axı yeni sağalmışdı, yenə nə oldu? Sualı baş məşqçi Elşad Əhmədova verəndə, cababı belə oldu: “Neftçi”ylə oyundan sonra, lap dəqiq desəm, dekabrın 4-də məşqdə zədələndi. Həmin ayaqdı, amma budəfəki zədə başqa nahiyədədi. Həkimlər bu oyunda meydana çıxmasının mümkün olmadığını dedilər. Çünki hazırda məşq etmir, müalicəsini davam etdirir. Çox güman, yaxın bir-iki gündə məşq etməyəcək. Sabah həkimlərlə yenidən danışacam. Görək dekabrın 16-da “Qəbələ” ilə keçirəcəyimiz kubok oyununa çatdıra biləcəklər, ya yox. Ən pis halda cavab görüşünə qədər hazır olacağına ümid edirik”.
...gecikməsi
Son vaxtlar çempionat görüşlərinin nəzərdə tutulan vaxtdan 3-5 dəqiqə gec başlaması az qala adət halını alıb. Əvvəlki turlardan nümunə gətirməyə gərək yoxdu. Çünki hesabat turunda iki belə halın şahidi olduq. Saat 17.30-da başlamalı olan “Səbail” – “Qəbələ” qarşılaşması 3, start fiti 19.30-da çalınmalı olan “Neftçi” – “Sumqayıt” oyunu 5 dəqiqə yubanma ilə başladı.
Təbii, belə olan halda diqqətlər hakimlərə və yayını təşkil edən “CBC Sport”a yönəlir. Çünki futbolçuların meydana çıxmağa hazır olmaması mümkün deyil. Problem ya futbolçuların geyimində yaranır, ya da qarşılaşmanı yayınlayan telekanal hansısa səbəblər üzündən bir qədər gözləməyi məsləhət görür. Əsl səbəbi öyrənmək üçün “Neftçi” – “Sumqayıt” görüşünün AFFA nümayəndəsi Əsgər Əmirəliyevlə əlaqə saxladıq: “Bəli, belə bir hal yaşanıb. Bu da yayına görəydi. Çünki əvvəlki oyun – “Səbail” – “Qəbələ” qarşılaşması bir neçə dəqiqəlik yubanma ilə start götürmüşdü. Bildiyimə görə, komandaların geyimi ilə bağlı hansısa problem ortaya çıxıb. Ona görə də “CBC Sport”un əməkdaşları bizim oyunun bir neçə dəqiqə gecikəcəyini bildirdilər. Əslində komandalar meydana çıxmağa hazır idi. Yubanma oldu deyə, bir neçə dəqiqə dəhlizdə gözləməli oldular. Başqa hansısa nöqsan olmayıb, dediyim kimi, sırf yayınla bağlı idi”.
HƏBİB