Rəhman Hacıyev: “Rəqib müdafiəyə "oturmuşdu”, qol buraxmamağa çalışırdı”
"Neftçi”nin iki yeni müqavilə imzaladığını xəbər vermişdik. Belə ki, "ağ-qaralar" öncə Qvineyadan olan yarımmüdafiəçi Mamadu Kane ilə 3 illik anlaşma əldə etdi. Daha sonra seneqallı müdafiəçi Mamadu Mboc ilə 2,5 illik müqavilə bağlandı. Hər iki futbolçu qış fasiləsindən sonra paytaxt klubunun formasında meydana çıxa biləcək. Adını çəkdiyimiz əcnəbilərin transferi ilə yanaşı, flaqman yerli futbolçulardan biri ilə də müqavilə müddətini uzadıb. Söhbət "Neftçi"nin öz yetirməsi olan Ömər Buludovdan gedir. Adı çəkilən futbolçunun müqaviləsinin müddəti gələn il mayın 31-də bitməliydi. Ancaq yeni anlaşmaya görə 19 yaşlı müdafiəçi 2021-ci il mayın 31-dək paytaxt klubunun formasını geyəcək. Qeyd edək ki, "Neftçi”nin yetirməsi olan Buludov bu mövsüm 9 oyunda meydana çıxıb. Baş məşqçi Roberto Bordin xüsusən 2-ci dövrədə ona müntəzəm güvənir.
Yeri gəlmişkən, "Neftçi"nin fasiləyə "qış çempionu"nu kimi yollandığını bilirsiz. "Ağ-qaralar" turnir cədvəlində ən yaxın izləyicisi "Qarabağ"ı 3 xal qabaqlayır. Halbuki ikinci dövrənin sonuncu - 14-cü turuna qədər ilk iki pillə arasında məsafə daha böyük idi. Lakin "Neftçi" "doğma divarlar" arasında "Sumqayıt"ı məğlub edə bilmədi (0:0). Təbii, flaqmanın Ayxan Abbasovun rəhbərlik etdiyi komandanın qapısına yol tapa bilməməsinin səbəblərindən biri də paytaxt təmsilçisinin əsas qol silahı Baqali Dabonun cəzalı olması idi. Hər halda, "ağ-qaralar"ın heç-heçə etməsi fonunda "Qarabağ"ın qələbə qazanması xal fərqinin 3-ə enməsinə səbəb oldu. "Sumqayıt"la qolsuz bərabərlik haqda "Neftçi"nin bəzi futbolçuları klub saytına açıqlama verib.
Soni Mustivar heç-heçəyə görə təəssüf hissi keçirdiyini bildirib. Haitili futbolçu iki xal itirdiklərini düşünür: "Sumqayıt”a qarşı oynamaq asan deyildi. İlk hissədə rəqib qapımız qarşısında bir neçə təhlükəli vəziyyət yaratdı. Fasilədən sonra isə biz daha yaxşı oynadıq. Hesabı açmaq üçün şanslarımız oldu, amma bunlardan yararlana bilmədik. Sözsüz, bir xal qazanmadıq, iki xal itirdik. Buna çox təəssüflənirəm. Gələn il keçiriləcək oyunlarda itirilmiş xalları “sığortalamağa” çalışacağıq”.
Rəhman Hacıyev isə hər xalın çöx önəmli olduğunu, artıq kubok oyunlarına köklənməyin vacib olduğunu deyib: "Hər qarşılaşmaya qələbə qazanmaq üçün çıxırıq. Çünki hər xal bizim üçün çox önəmlidi. Lakin bu oyun çox ağır oldu. Rəqib müdafiəyə "oturmuşdu”, qol buraxmamağa çalışırdı. Yalnız əks-hücumlara bel bağlayırdı. Ona görə də qol vurmağa çətinlik çəkdik. Düzdü, fərqlənmək üçün imkanlarımız oldu, amma təəssüf ki, istifadə edə bilmədik. Artıq kubok oyunlarına köklənməliyik”.
Onu da bildirək ki, kubokun 1/4 finalında da məhz "Neftçi" ilə "Sumqayıt" üz-üzə gələcək. Tərəflər arasında ilk oyun dekabrın 15-də "Bakcell Arena"da, cavab görüşü isə ayın 19-da "Kapital Bank Arena"da gerçəkləşəcək.