Yığma martda önəmli bir yarışa start verəcək. AÇ-2020-nin seçmə mərhələsində Qurban Qurbanovun yetirmələrinin ilk qarşılaşacağı rəqib Xorvatiya olacaq. Martın 21-də səfərdə “damalılar”la üz-üzə gələcək milli növbəti iki oyununu iyunda keçirəcək. Ümumiyyətlə, yığmanın 5 komandalı qrupa düşməsi o deməkdi ki, seçmə oyunlar üçün nəzərdə tutulan “pəncərə”lərdən ikisində komandamız bir oyun keçirəcək. Bu isə martdakı Xorvatiya və oktyabrın 13-də Macarıstanla səfərdəki duellərə təsadüf edəcək. Qalan “pəncərə”lər zamanı isə Qurbanovun yetirmələri cüt oyuna çıxacaq. Deməli, həm xorvatlarla, həm də macarlarla qarşılaşmalardan sonrakı matç günündə yığmanın yoxlama matçı keçirmək imkanı olacaq. Hər iki tək oyun səfərdə olduğundan, elə Avropada münasib, bizim kimi bir oyuna çıxan rəqib tapıb, yoxlama görüşü keçirmək olar. Görəsən, yığmanın baş məqşçisi artıq bununla bağlı plan düşünüb? Rəqib axtarışına start verilib? Yığmanın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu hələ ki bununla bağlı bir qərarın olmadığını dedi.
Məlum olduğu kimi, milli 2018-ci ili uğursuz başa vurdu. Millətlər Liqasından üzüağ çıxa bilməyən yığma azarkeşləri narazı saldı, onları özündən bir qədər də uzaqlaşdırdı. Qarşıda isə az öncə də qeyd etdiyimiz kimi, daha bir önəmli mübarizə gəlir. Bu üzdən ilin sonunda baş məşqçi və futbolçularla istər azarkeşlərin, istərsə də jurnalistlərin görüşünü təşkil etmək, aradakı soyuqluğu aradan qaldırmaq, yığma naminə hamını birləşdirmək baxımından hansısa şəkildə tədbir həyata keçirmək olar. Belədə həm futbolçular, baş məşqçilər motivasiya olar, həm də futbol ictimaiyyətində, azarkeşlərdə komandaya inam artar. Ancaq Elman bəy belə bir ideyalarının olmadığını söylədi.
FARİZ