Sizin reklam burada

Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir

Title
Ölkə xaricində çıxış edənlər Vüqar Məmmədin dəvətini qəbul etmir
“Ölkəmizin himnini səsləndirə bilərik ki, bu da düşmən üçün çox ağır zərbə sayıla bilər”
Srağagün U-19-un Avropa çempionatının elit mərhələsindəki rəqibləri bəlli oldu. Vüqar Məmmədin baş məşqçisi olduğu komanda finl mərhələsinə vəsiqə qazanmaq uğrunda qrupda İrlandiya, Rusiya və Rumıniya ilə mübarizə aparacaq. 19 yaşa qədər futbolçulardan qurulmuş yığmanın çalışdırıcısı püşkatmanı dəyərləndirərkən, qrupdakı rəqibləri yaxından tanıdığını, final mərhələsinə yollanmaq üçün sona qədər mübarizə aparacaqlarını bildirib. Onunla müqayisədə elit mərhələdə meydan sahibi olacaq Rusiya U-19-nun baş məşqçisi Andrey Qordeyev bir qədər ehtiyatlı fikirlər səsləndirib. O qrupdadakı rəqibləri yaxından tanımadığını, bunun üçün zamana ehtiyac duyulduğunu bildirib.
Bəs görəsən, Vüqar bəy nəyə əsaslanaraq belə iddialı fikir səsləndirib? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün 2018-ci ildə “ən yaxşı məşqçi” nominasiyasına namizədlərdən biri olan mütəxəssislə danışmağı lazım bildik.
- Püşkatmanı dəyərləndirərkən “rəqibləri tanıyırıq və nəyə qadir olduğunu bilirik” demisiz. Belə qısa vaxtda Rusiya, Rumıniya və İrlandiya haqda ətraflı məlumatı hardan əldə etdiz?
- Rusiya ilə bu il yoxlama görüşündə qarşılaşmışıq. Andrey Qordeyev də açıqlamasında bildirib ki, bu il bizim komanda ilə yoxlama görüşü keçiriblər. Onlar bizim milli barədə məlumata malik olduğu kimi, biz də onlar haqda müəyyən bilgi əldə etmişik. Rumıniyanı isə hələ iki il öncədən tanıyıram. U-17 səviyyəsində rumınlarla üz-üzə gəlmişik və 1:0 hesabıyla qalib gəlmişik. Bu gün həmin uşaqların, demək olar ki, əksəriyyəti U-19-un şərəfini qoruyur. Həmin heyətdə yer alan oyunçuların nəyə qadir olduğuna az-çox bələdik. Bundan başqa, rumınların Yunanıstanla 3:5 hesabı ilə yekunlaşan oyunlarını canlı izləmişəm. Seçmə mərhələdə rəqibimiz olan İsraillə Rumıniya arasında baş tutan yoldaşlıq görüşünə də baxmışam. O ki qaldı İrlandiyaya, onların iştirakı ilə keçirilən qarşılaşmaların videoyazısını da görmüşəm. Bu səbəbdən rəqiblər barədə ümumi məlumatım var. Bunları nəzərə alıb bu fikri dilə gətirmişəm.
- 2019-cu ilin martında artıq elit mərhələyə start veriləcək. Ona qədər neçə təlim-məşq toplanışı nəzərdə tutulub?
- Marta qədər hər ay U-19 bir araya gələcək. Bu ayın 12-dən 19-na qədər Bakıda toplanış keçəcəyik. Bu müddət ərzində üç yoxlama görüşü keçirməyi planlaşdırmışıq. Hələ ki rəqiblərdən yalnız birinin adına aydınlıq gəlib ki, o da birinci divizion təmsilçisi “Şüvəlan”dı. Yaxın günlərdə digər iki rəqib də müəyyənləşəcək. Yanvarda və fevralda da toplanış olacaq. Hələ ki həmin toplanışlarda qarşılaşacağımız rəqiblərin adları məlum deyil. Bu yöndə danışıqlar davam edir. Əslində püşkatmadan sonra dərhal bu məsələ ilə bağlı hərəkətə keçdik. Elit mərhələyə adlayan yığmalarla söhbətlərimiz oldu və onlardan 15-i ilə danışdıq. Seçmə mərhələni adlamayan yığmalarla da yoxlama görüşü ilə bağlı ilkin danışığımız olmuşdu ki, onlardan biri də Bolqarıstan idi. Ancaq hələ ki bu yöndə konkret qərar verilməyib. Bu ayın sonuna kimi yoxlama görüşlərinə dair bütün suallara aydınlıq gələcək.
- Elit mərhələ ərəfəsində heyəti gücləndirmək yönündə hansı addımları atmaq fikriniz var? Seleksiya olacaq, yoxsa elit mərhələyə eyni oyunçularla yollanacaqsız?
- Bizim əsas məqsədimiz bu gün ölkə xaricində çıxış edən və yaşı U-19-da çıxış etməyə imkan verən bütün azərbaycanlı futbolçuları yığmaya cəlb etməkdi. Onların arasından seçim edib ən yaxşıları, komandanı gücləndirə biləcək oyunçuları düşərgəyə cəlb etmək istəyirik. Təəssüf ki, heç də hər zaman istəyimizi reallaşdıra bilmirik. Misal üçün Moskva “Spartak”ından Tuqay Mehbalıyev, “Çertanovo”nun şərəfini qoruyan Nikita Süleymanov, Belarus təmsilçisi “Naftan”da çıxış edən Elvin Əliyevi çox istərdim ki, yığmada görüm. Ancaq adını çəkdiklərimdən heç biri dəvətimizi qəbul etmədilər. Hər üç futbolçu hələ hansı ölkənin yığmasının şərəfini qoruyacaqları ilə bağlı konkret qərar verməyiblər. Buna baxmayaraq, mən və köməkçilərim bu gün istər elita, istər birinci divizion, istərsə də Region Liqasında keçirilən oyunları izləyir, yaşı U-19 millisində oynamağa imkan verən istedadlı futbolçuları diqqət mərkəzində saxlayırıq. Bununla yanaşı, aşağı U-17-nın şərəfini qoruyan futbolçularla da maraqlanırıq. Hazırda rəhbərlik etdiyim yığmaya 2000 doğumlu futbolçular cəlb olunur. Bundan sonra bir yaş kiçik, 2001-ci illəri də dəvət etmək niyyətindəyik. Bütün bunlar ölkə futbolunun gələcəyinə hesablanmış addımlardı.
- Avropa çempionatının final mərhələsi düşmən ölkə olan Ermənistanda keçiriləcək. Bu məqam sizdə hansı hissləri oyadır? Əlavə motivasiyadı, yoxsa adi bir hal kimi qəbul edirsiz?
- İlk növbədə onu bildirim ki, siyasəti idmanla qarışdırmağın tərəfdarı deyiləm. Ancaq onu da qeyd edim ki, çox istərdik düşmən ölkədə keçirilən final mərhələsinə vəsiqə qazanaq. Bizi heç nə qorxutmur. Motivasiya onsuz da var. Final mərhələsində çıxış etməklə hər oyunda ölkəmizin himnini səsləndirə bilərik ki, bu da düşmən üçün çox ağır zərbə sayıla bilər.
- Bu yaxınlarda rəhbərlik etdiyiniz yığmanın şərəfini qoruyan, ancaq seçmə mərhələ ərəfəsində heyətdən kənarlaşdırılan Hüseyn Əhmədovun atasının mətbuata açıqlaması oldu. Onun sözlərinə görə, oğlu qardaşınız Çinarın dediklərinə əməl etməməsi səbəbindən millidən kənarlaşdırılıb. Agent olan qardaşınız onun “Qəbələ”yə keçməsini istəyib, ancaq gənc futbolçu “Zirə”yə üstünlük verib. Bu da ona baha başa gəlib...
- Əvvəlcə onu bildirim ki, Çinar hazırda agent kimi fəaliyyət göstərmir. O ancaq klubların yay-qış toplanışları ilə bağlı təşkilati işlərlə məşğuldu. Hüseyni də Ukraynada çıxış edən vaxt mən tapıb üzə çıxarmışam və milliyə dəvət etmişəm. Atasının nə söylədiyi mənə o qədər də maraqlı deyil. Yığmaya kim layiqdisə, o da dəvət alır.
- Məndə olan məlumata görə, Hüseyn “Zirə-2”nin çempionat oyununa komanda yoldaşlarından fərqli, öz maşını ilə getdiyindən və hakimlərə qarşı qeyri-etik ifadələr səsləndirdiyindən yığmadan kənarda qalıb.
- Mən bununla bağlı heç nə deyə bilmərəm. Baş məşqçi kimi məni əsas narahat edən və düşündürən futbolçunun durumudu. Klubunda nə edib, hansı xoşagəlməz hal yaşanıb, bu artıq klubun işidi. Milliyə kömək edəcək səviyyədə olan istənilən oyunçu düşərgəyə dəvət alacaq. Əhmədovu da siyahıdan silməmişik. Ümidləri doğrultsa, yenidən yığmanın düşərgəsində olacaq.
- Qeyd etdiz ki, futbolçunun klubda nə etdiyi sizin üçün maraqlı deyil. Ancaq əsas yığmanın baş məşqçisi Qurban Qurbanov millinin “sükanı arxasına” keçdiyi ilk gündən oyunçuların şəxsi həyatına da xüsusi diqqət ayıracağını bildirmişdi. Sizin sözlərinizdən belə çıxır ki, U-19-un baş məşqçisi üçün əsas məsələ futbolçunun meydanda sərgilədiyi oyundu. Kənarda nə etməsi sizin üçün maraqlı deyil.
- Xahiş edirəm, səsləndirdiyim fikirləri başqa yerə yozmayın. Əsasa yığmada olduğu kimi, bizdə də futbolçunun şəxsi həyatı, ictimaiyyət arasında özünü necə aparması çox vacibdi. Burda söhbət Hüseyndən getdi. Onun atasının mətbuata verdiyi açıqlama mənim üçün o qədər də önəm daşımır. Əhmədov oyunu ilə yığmaya layiq olduğunu sübut edəcəyi halda, heç nəyə baxmayaraq, yenidən U-19-a dəvət alacaq. Bizim əsas istəyimiz seçmə mərhələdə olduğu kimi, elit raundda da uğurlu çıxış edib xalqımızı sevindirməkdi.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.