Vidadi Rzayev: “Dünyaya yeni qəhrəman lazımdı”
Dekabrın 3-də Parisdəki “Böyük saray”da “Frans Futbol”un “ilin ən yaxşıları” ilə bağlı sorğusunun nəticələri açıqlandı. Və sorğunun nəticələrinə əsasən 10 illik hakimiyyətdən sonra Ronaldo ilə Messi şahlıq taxt- tacını Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriçə təhvil vermək məcburiyyətində qaldı. 33 yaşlı oyunçu dünyanın 96 jurnalistinin səsverməsi nəticəsində rəqiblərini qabaqlayıb. Xatırladaq ki, Çempionlar Liqasının qalibi və mundialın finalçısı ümumilikdə 753 səs toplayıb. Son iki ildə mükafata sahib çıxan Kriştiano Ronaldo 476 səslə ikinci olub. Bu yay dünya çempionluğunu bayram edən, Avropa Liqasının və Avropa Superkubokunun qalibi olmağı bacaran Antuan Qrizmann isə 414 səslə üçüncü olub. Sonrakı yerlərdə Kilian Mbappe və Lionel Messi qərarlaşıb. PSJ-nin forvardı 347 səslə 4-cü, “Barselona” və Argentina millisinin kapitanı isə 280 səslə 5-ci olub. Yeri gəlmişkən, onu da qeyd edək ki, səsvermədə ölkəmizi təmsil edən jurnalist Rasim Mövsümzadə məhz Modriçi birinci pilləyə layiq bilib. Həmkarımız ikinci pilləyə Mbappeni, 3-ə Misir yığmasının və “Liverpul”un “ulduz”u Məhəmməd Slalahı, 4-ə Belçika və “Çelsi”nin yarımmüdafiəçisi Eden Azarı, 5-ci pilləyə 2018-ci ildə yuxarıda qeyd etdiyimiz titullara sahib çıxan Qrizmannı layiq bilib.
“France Football”ın keçiridiyi səsvermə dünya ictimaiyyəti tərəfindən heç də birmənalı qəbul olunmadı. İstər xarici mətbuat, istərsə də azərbaycanlı jurnalistlərin əksəriyyəti Ronaldo ilə Qrizmannın olduğu yerdə Modriçin “Qızıl top”a sahib çıxmasını ədalətsizlik adlandırdı. Artıq mükafatlandırma mərasiminin üstündən 5 gün keçməsinə baxmayaraq, bu yöndə müzakirələr hələ də davam edir.
Bəs görəsən, Azərbaycanın futbol ictimaiyyəti “France Football”ın seçimini necə dəyərlərləndirir, Modriç “Qızıl top”a layiq idi, yoxsa seçim yanlış olub? Bu suala aydınlıq gətirmək üçün futbol camiəsində çalışan müxtəlif peşə sahiblərinin fikirlərini öyrənməyi lazım bildik.
Aslan Şahgəsliyev (PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): “Görmüşdük ki, “Qızıl top”un səsverməsində hamı “görəsən, Messi olacaq, yoxsa Ronaldo” fikirləşər. Axırıncı mükafatlandırma mərasimi isə əvvəlkilərə bənzəmirdi, Messi “3-lük”də yox idi, Ronaldo da təltifat mərasimində. ”Kristiano Ronaldo, Antuan Qrizmann, yoxsa Luka Modriç” səsverməsinin ardınca, sonuncunun qalib seçilməsi çoxlu müzakirələrə səbəb oldu. Düşünürəm ki, bir sıra amillər Modriçin ulduzunun parlamasına səbəb oldu: Ronaldonun dünya çempionatı ilə tez vidalaşmağı, Qrizmannın Çempionlar Liqasında çempion ola bilməməsi, Modriçin həm Çempionlar Liqasının qalibi olması, həm də komandanın kapitanı kimi Xorvatiyanı finala çıxarmasının seçimdə əsas rol oynadığını düşünürəm. Şəxsi fikrimə gəlincə, səsvermə nəticəsində xorvat yarımmüdafiəçi birinci yeri tutubsa, deməli, buna layiqdi”.
Ruslan Mikayıllı (azerisport.com-un baş redaktoru): “Modriçi “Qızıl top”a tam layiq futbolçu sayıram. İstər Madrid “Real”ında göstərdiyi oyuna, istərsə də Xorvatiya millisinə verdiyi töhfəyə görə o buna layiqdi. Madrid klubunun Çempionlar Liqasında növbəti dəfə uğur qazanmasında və qonşu Rusiyada keçirilən dünya çempionatında Xorvatiyanın gümüş medal almasında Modriçin böyük xidməti var. Xorvat istər şəxsi həyatı, istərsə də meydanda sərgilədiyi oyun ilə bir neçə mövsümdü ki, özünə rəğbət qazandırıb. Komanda oyununa üstünlük verən futbolçu gözəl ötürmələri ilə həm Madrid klubunun azarkeşlərinin, həm də başqa klubların tərəfdarlarının ürəyində taxt qurub. Bəli, 10 ildən sonra Messi və Ronaldonun “”Qızıl top” almaması, mükafatdan kənarda qalması bəzi mütəxəssislərin qəzəbinə səbəb olub. Amma mənim fikrimcə, 2018-ci ildə xorvat futbolçu bu mükafata layiq oyun göstrərib və sonda layiq olduğu mükafata da qovuşub”.
Vurğun Hüseynov (“Sumqayıt”ın kapitanı): “Hələ də müəyyənləşməyib ki, “Qızıl top” şəxsi uğura görə təqdim olunur, yoxsa il ərzində futbolçunun komandasının qazandığı nailiyyətlərə görə. İctimaiyyət arasında ikitirəlik yaradan məqam məhz budu. Futbolçunun fərdi oyununu, ilboyu performansını nəzərə alsaq, heç şübhəsiz, “Qızıl top” Ronaldoya verilməli idi. Portuqaliyalı ulduz “Real”la Çempionlar Liqasının qalibi olmaqla yanaşı, bu gün İtaliyada da nəyə qadir olduğunu göstərir. Messinin nəyə qadir olduğunu bütün dünya bilir. Modriç isə komanda oyunçusu olduğundan, adı çox hallanmır. Fransa millisi ilin ən vacib turnirində dünya çempionu oldu və o komandanın şərəfini qoruyan hər bir futbolçu “ən yaxşı” adına namizəd olmağa layiq idi ki, o cümlədən Qrizmann da. Mənə elə gəlir, müdafiəçilərə qarşı çox amansızdı. Komandada çox güclü hücumçular ola bilər və onlar 90 dəqiqə ərzində çox sayda qol vurarlar. Ancaq qələbəni təmin etmək üçün bütün güc arxa xəttə, daha dəqiq desəm, müdafiəçilərin və qapıçının üzərinə düşür. Ancaq nədənsə Fabio Kannavarodan sonra “Qızıl top”a namizədlər arasında müdafiəçilərin və yaxud qolkiperlərin adına az-az rast gəlmək olur. Məncə, bu insafsızlıqdı. Seçimə gəlincə, xorvat yarımmüdafiəçi hər nə qədər yaradıcı futbolçu olsa da, nə Messidi, nə də Ronaldo. Adını qeyd etdiyim oyunçular sözün əsl mənasında futbol “killeridilər”. Həm argentinalı, həm də portuqaliyalı istənilən an heç nədən qol vəziyyəti yaradıb komandasına lazım olan qolu vurmağı bacarırlar. Bir müdafiəçi kimi mən onları “ilin futbolçusu” olmağa daha real namizəd hesab edirəm. Elə Qrizmann da o sıradadı. Fransalı forvard istər klub səviyyəsində, istərsə də yığmada çox uğurlu mövsüm keçirməklə yadda qaldı. Dünya çempionu olan futbolçunun kənarda qalması bir daha göstərir ki, seçimlər heç də obyektiv aparılmır”.
Vidadi Rzayev (veteran futbolçu): “İdman da şou-biznes kimidi. Dünyaya yeni qəhrəman lazımdı. Şou-biznesdə necədi? Bir müddət media kimisə ulduz edir, onu göyün yeddinci qatına qaldırır. Onun barəsində bir çox məqalələr yazılır, telekanallar həmin şəxsin az qala bütün qohumlarını tapıb üzə çıxarır. Bir müddətdən sonra həmin ulduz artıq hamını bezdirir və cəmiyyətə yeni qəhrəman lazım olur. Belədə yenə mətbuat ortaya çıxır və insanlara yeni qəhrəmanı “sırımağa” çalışır. Müasir futbolda da belədi. Uşaqlar, böyüklər, qocalar nə qədər Messi ilə Ronaldonun iştirak etdiyi reklam çarxlarını izləyəcək? Artıq göz doyub. Bu sahəyə sərmayə qoyanlar üçün yeni, geniş kütləyə bir o qədər də tanış olmayan sima lazımdı. Bu üzdən də Luka Modriç “Qızıl top”un yeni sahibi oldu. 2019-cu ildə “Leys” çipsilərini, “Fanta” və “Coca-Cola”nı artıq insanlara xorvat futbolçu reklam edəcək. Bu da bazara təsirini göstərəcək. “France Football”un da seçiminə təsir edən qüvvələr var. Şəxsi fikrimcə, ilin futbolçusu Kriştiano Ronaldo olmalı idi”.
RƏŞAD