Mingəçevir şəhərində 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçirilib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin idman zalında baş tutan yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edib. Turnirin ilk günündə qrup, növbəti gün isə pley-off qarşılaşmaları keçirilib. AFFA və UEFA tərəfindən iştirakçı komandalar idman geyimləri və ayaqqabıları ilə təmin olunub.
Mingəçevir şəhər 4 saylı tam orta məktəbin komandası turnirin qalibi olub. 3 və 10 saylı tam orta məktəbin komandası isə ikinci və üçüncü pilləni tutub. Mükafatçılara diplomlar və medallar, qalibə isə kubok təqdim edilib. 3 saylı tam orta məktəbin komandasının üzvü Sevinc Mirzəliyeva turnirin ən yaxşı oyunçusu seçilib.
Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi sayca ikinci dəfə təşkil olunur. İlk layihə oktyabrın 27-28-də Qubada keçirilib. Məqsəd gələcəkdə qızlar futzal liqasını, həmçinin futzal üzrə qadınlardan ibarət yığmanı yaratmaqdı. Növbəti aylarda layihə daha 5 regionda keçiriləcək.