“Hiss edirdim ki, baş hakim mənə qırmızı vərəqə göstərmək istəyir”
“Sabah” – “Neftçi” oyununda qol vuranlar bir tərəfdə qalmışdı, hamı Baqali Dabonun qırmızı vərəqəsindən və meydandan qovulandan sonra etdiklərindən danışırdı. Fransız futbolçu özünə qarşı hərəkəti birmənalı kobudluq kimi dəyərləndirir, ikinci “sarı” ilə razılaşmaq istəmirdi. Odu ki, oyundan sonra “9 nömrə” ilə danışdıq.
- Əvvəlcə 90 dəqiqə ilə bağlı fikirlərini dinləyək.
- Yaxşı qələbə oldu, komandamız meydanda əla iş gördü. Hər kəs öz komanda yoldaşına görə meydanda vuruşmağa hazır idi və bunu edirdi. Çox vacib 3 xal oldu.
- Gözünün birində qan yığılması matç zamanı baş verib, yoxsa əvvəl belə idi?
- Bu qarşılaşmada yox, əvvəlki turda olub. İndi yaxşılığa doğru gedir.
- Qırmızı vərəqə aldığın epizoda etiraz edirdin. Həmin vəziyyətdə hakimi aldatmağa cəhd etmişdin, yoxsa həqiqətən də sənə müdaxilə olmuşdu?
- Deyə bilmərəm, penalti var idi, ya yox. Ancaq yüz faiz əminəm ki, orda simuliyasiyadan söhbət gedə bilməz. İlk "sarı"nı alandan sonra oyun ərzində hiss edirdim ki, baş hakim Rəhim Həsənov mənə qırmızı vərəqə göstərmək istəyir.
- Bunu hiss edirdinsə, niyə baş məşqçidən səni əvəzləməsini istəmədin?
- Elə davranırdım ki, ikinci sarı vərəqəni almayım. Orda simulyasiya etmədim. Buna görə də qərar doğru deyildi.
- Qırmızı vərəqə aldıqdan sonra gah su içdin, gah da baş hakimi ironiya ilə alqışladın və meydanı tərk etmək istəmədin. Səhv hərəkət etdiyini düşünmürsən?
- Bunu bilərəkdən etdiyimi deyə bilmərəm. Azarkeşlərimizi də salamladım və onlara dəstək üçün təşəkkür etdim. Bu, səhv addım deyildi. Qırmızı vərəqədən sonra nə desən, edə bilərdim. Onsuz da qovulmuşdum.
- Final fitindən sonra olduqca çılğın şəkildə meydana qaçıb qələbəni qeyd etdin. Bu, baş hakimin qərarlarına cavab idi?
- Çox yaxşı oynamışdıq. Üstəlik, iki qırmızı vərəqə almağımıza baxamayaraq, qələbə qazandıq. Belə qələbələr emosiyalara səbəb olur. Bizim üçün heç də asan olmadı. Meydandan 3 xalla ayrılmaq üçün hər şey etdik. Göstərdik ki, bizə nə qədər qırmızı vərəqələr versələr də, qələbə qazana bilərik. Yəqin ki, növbəti dəfə bizi dayandırmaq üçün üç qırmızı vərəqə verməlidilər.
HƏBİB