Şənbə günü Sumqayıt azarkeşləri üçün əlamətdar hadisə yaşandı. Bir neçə aylıq fasilədən sonra “Kapital Bank Arena” komandanın və onun tərəfdarlarının üzünə açıldı. Təbii ki, “Sumqayıt”ın bu mövsüm ilk dəfə doğma şəhərdə ev oyununa çıxması bayram ovqatı yaratmışdı. O başqa söhbətin mövzusudu ki, əlverişsiz hava şəraiti üzündən və ya bilmədiyimiz hansısa səbəbdən stadion heç də dolmadı. Digər tərəfdən, “Səbail”lə oyunda “xeyir şərə qarışdı”. Həmin gün qonaq komandanın kapitanı Rahid Əmirquliyevin anası dünyasını dəyişmişdi və bu üzdən... Belə önəmli matç birdəqiqəlik sükutla başladı. Qeyri-adi olan məhz budu.
İradımızın Rahid Əmirquliyevlə bağlılığı yoxdu. Əksinə, milli üzvünün acısını paylaşır, ona Allahdan səbr, valideyninə rəhmət diləyirik. Çox güman, Rahidin “birdəqiqəlik sükut”dan xəbəri yoxdu. Heç şübhəsiz, “Səbail”in özfəaliyyətidi, AFFA nümayəndəsinə müraciət ediblər, o da “yuxarılar”la məsləhətləşdikdən sonra razılıq verib. Harda görünüb, dünyanın hansı meydanlarında rast gəlinib ki, futbolçunun yaxını həyatdan köçdüyünə görə oyundan əvvəl sükut elan olunsun? Dünyasını dəyişən fərd ölkə əhəmiyyətli və ya futbolla birbaşa əlaqəli şəxs olsa, bu başqa məsələ. Və yaxud ölkədə baş verən fövqəladə hadisə nəticəsində matəm yaşansa, PFL-in addımına bəraət qazandırmaq, alqışlamaq olar. Necə ki, “aprel döyüşləri” zamanı şəhid olan əsgərlərimizin, Binəqədidə yanan binada dünyasını dəyişən insanların, Neft Daşlarında yaşanan bədbəxt hadisə qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad olunmuş, komandalar meydana qara sarğı ilə çıxmışdılar. Əslində PFL “Səbail”in istəyinə “hə” deməklə ayrı-seçkiliyə yol vermiş oldu. Uzağa getməyək, bir-iki həftə əvvəl “Keşlə”nin qapıçısı Səlahət Ağayevin valideyni dünyasını dəyişmişdi, amma ona görə nə “sükut” oldu, nə də “sarğı”.
Məsələnin absurd tərəfi odu ki, hansısa tur ərəfəsində bir neçə futbolçunun əmisi, dayısı, bacanağı, xalasının uşağı rəhmətə getsə və klub PFL-ə müraciət etsə, bütün oyunlar birdəqiqəlik sükutla başlayacaq. Halbuki çempionatı keçirən qurumun Əsasnaməsində bu kimi hallarla bağlı xüsusi qeyd olmalıdı: nə vaxt oyun “bir dəqiqə gec başlaya”, kimlərin xatirəsi yad oluna bilər? Amma PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevdən məsələ ilə bağlı münasibət öyrənəndə məlum oldu ki, qurum “xətir-hörmətlə işləyir”: “Dəqiqləşdirdim ki, oyundan əvvəl “Səbail” AFFA nümayəndəsi Eldar Qasımova bu haqda müraciət edib, o da zəng vurub Məlik müəllimi (PFL-in baş direktoru Məlik Həsənovu nəzərdə tutur - M.) məlumatlandırıb. Məlik müəllim də razılıq verib. Əslində hansı təqvim günlərində sükut elan olunur, ya qara sarğı taxılır - bununla bağlı Əsasnamədə qeyd var. O zaman PFL-in təşəbbüsü ilə çempionatın bütün oyunlarında, hətta digər liqalarda da həmin tədbir həyata keçirilir. Bundan başqa, hər kəsin bildiyi, qəbul etdiyi hallarda da bu proses icra oluna bilər. Fərdi şəkildə müraciətlər də olur ki, bu, sırf klubların təşəbbüsü ilə həyata keçir. Açığı, futbolçunun acısını nəzərə alıb biz də müraciəti geri çevirmirik, bu, qeyri-etik olar. Bu, sırf insani mövqedi”.
MİRAĞA