İcra başçısı Elxan Məmmədovun yolunu gözləyir
Ötən saylarımızın birində tezliklə “Kəpəz”də rəhbərlik səviyyəsində “yarpaq tökümü”nün başlayacağını xəbər vermişdik. Çox keçmədən xəbərimizin gerçəkliyi məlum oldu. Öncə oktyabrın sonlarında klubun Müşahidə Şurasının sədri, Gəncənin sabiq icra başçısı Elmar Vəıliyevin oğlu Elmir Vəliyev düşərgəni tərk etdi. Kiçik Vəliyev işlərinin çoxluğuyla bağlı klubdan ayrıldığını açıqladı. Sabiq klub rəhbərinin yeni vəzifəyə təyinat aldığı məlum oldu. Elmir bəy Milli Məclisin İnzibati və Hərbi Qanunvericilik şöbəsinin İnzibati Qanunvericilik sektorunun müdiri təyin edilib. Buna qədər isə Milli Məclisdə həmin şöbədə baş məsləhətçi vəzifəsində çalışırdı.
Müşahidə Şurasının sədrindən sonra daha bir rəhbər şəxs Gəncə təmsilçisində tutuduğu postdan getmək qərarına gəlib. Bu dəfə Kəpəz”in icraçı direktoru Elnur Camalxanov istefa verib. Klubdan aldığımız məlumata görə, Elnur bəy istefasını həmsədri olduğu Neapol-Bakı Assosiasiyasında iş yükünün çoxluğu ilə əlaqələndirib. Xatırladaq ki,Camalxanov ötən ilin noyabrından “sarı-göylər”də icraçı direktor kimi çalışırdı.
İndi bütün gəncəliləri bir sual düşündürür. AFFA-nın himayəsində olan “Kəpəz”ə kim rəhbərlik edəcək?
Son günlər ictimaiyyət arasında gəzən söz-söhbətə görə, klubda idarəetmə sistemi dəyişəcək və Müşahidə Şurası ləğv olunacaq. Şura ilə yanaşı, icraçı direktor postu da tarixin yaddaşına köçəcək. Əvəzində yenidən prezident postu bərpa olunacaq və idarəetmə prezident kreslosunu tutan şəxsə tapşırılacaq. Prezidentin kim olacağına dair isə ortada hələ rəsmi heç nə olmasa da, söylənilənlərə inansaq, 2016-nın sentyabrında “Kəpəz”dən ayrılan Mehman Allahverdiyev növbəti dəfə “sarı-göylər”in rəhbəri olacaq.
Ancaq kluba yaxın mənbələrdən əldə etdiyimiz məlumata əsasən, yeni prezident artıq müəyyənləşib. Həmin şəxs isə Mehman bəy deyil. Bu dəfə də Gəncə klubu kənardan gələn şəxsə tapşırılacaq. Assosiasiya rəhbərliyi hələ ki yeni prezidentin adını ictimaiyyətə açıqlamaqda maraqlı deyil. Buna səbəb isə AFFA-nın baş katibi Elxan Məmmədovun yaxın vaxtlarda Gəncəyə gözlənilən səfəridi.
Əldə etdiyimiz bilgiyə görə, Gəncənin yeni icra başçısı Niyazi Bayramov ötən həftə stadiona baş çəkib. İcra başçısı arenanın durumu ilə tanış olduqdan sonra klub rəsmiləri və şəhərin idman ictimaiyyəti ilə ayaqüstü söhbət edib. Görüş zamanı Niyazi bəy dekabrda Elxan Məmmədovun Gəncəyə səfər edəcəyini, həmin görüşdə stadionun və “Kəpəz”in taleyi ilə bağlı müzakirələr aparılacağını bildirib. Mənbəmizin sözlərinə inansaq, məhz həmin görüşdə klubun yeni prezidenti komandaya və rəsmilərə təqdim olunacaq. Bundan başqa, “Kəpəz”in gələn mövsüm yenidən elitada çıxış etməsi də orda həllini tapmalıdı. Onu da bildirək ki, Bayramov stadiona baş çəkəndən sonra aidiyyatı orqanlar yenidən arenanın qəzalı yerlərinə əl gəzdiriblər. Bazanın durumu ilə tanış olan icra başçısı gördüklərindən narazı qalıb və səlahiyyətli şəxslərə yeni inventarların alınmasıyla bağlı göstəriş verib.
RƏŞAD