Rəsul Şükürsoy “Darıca Gənclərbirliyi”ndən ayrılıb
Məlum olduğu kimi, ötən yay “Xan Lənkəran” adlı komandanın yaradılması yönündə addımlar atıldı. Bu, sabiq həmkarımız Rəsul Şükürsoyun irəli sürdüyü yeni klub modeli layihəsi idi. Belə ki, “Xan Lənkəran”ın səhmləri satışa çıxarıldı, müəyyən hissəsi satıldı. Deyilmişdi ki, ideya gerçəkləşməsə, vəsaitlər sahiblərinə geri qaytarılacaq. AFFA isə “Xan Lənkəran”ın birinci divizionda iştirakına qol qoymadı. Beləcə yeni klub modelini özündə əks etdirən layihə yarımçıq qaldı.
Hissədarların pullarının qaytarılıb-qaytarılmadığını Rəsul bəydən öyrəndik: “Biz “Xan Lənkəran”ı yaradarkən qurduğumuz idarə heyəti və səhmlərin əsas hissəsini alanlarla oturub məsləhətləşmişik. Belə qərara gəlindi ki, layihənin qorunub-saxlanması üçün hissədarlar çox vacib amildi. Bu üzdən onlar dağılmasın. Səhmləri qaytarmaq problem deyil. Onu bu gün qaytara bilərik və beləcə, layihə, ümumiyyətlə, ortadan qalxmış olur. Layihəni qoruyub-saxlamaq üçün biz bu məsələni aktual saxlayırıq. Böyük ehtimalla, bu mövsüm “Xan Lənkəran” yenidən gündəmə gələcək. Ancaq idarəçilik, rəhbərlik hansı formada olacaq, orda kimlər olacaq, bizim də olub-olmamağımız hələ qeyri-müəyyəndi. Ola bilər, elə səhmdarların arasından idarə heyəti formalaşdırılsın. Elə həmin hissədarlarla apardığımız söhbətlərdə məsləhət olunan variant layihənin icrasının davam etdirilməsi, bu mövsüm onunla bağlı işlərin aparılmasıdı. Ona görə də yenidən bu prosesə enerji, vaxt itirməmək üçün səhmdarları bir arada saxlamağa çalışırıq. Çünki layihənin əsas hissəsi elə səhmdarlardı”.
“Xan Lənkəran” layihəsi gerçəkləşməyincə, başda Şükürsoy olmaqla, klubun idarə heyətinin sabiq üzvləri Türkiyədə aşağı dəstə təmsilçilərindən birinə sahibləndi. Söhbət Türkiyənin 2-ci liqasının “Qırmızı” qrupunda mübarizə aparan “Darıca Gənclərbirliyi”ndən gedir. Daha sonra isə azərbaycanlı iş adamı Rauf İsmayılov həmin klubu aldı. Görəsən, hazırda həmin komandada vəziyyət necədi? Sən demə, Rəsul bəy “Darıca Gənclərbirliyi”ndən də ayrılıb: “Artıq bir aydı klubdan uzaqlaşmışam, ordakı işlərlə məşğul olmuram. Burda iki səbəb var. Birincisi, səhhətimlə bağlı müəyyən problemlər var. Bu problemin həll olunmasına yönəlmişəm. İkinci məqam isə, bilirsiz ki, “Darıca”nı bizim təklif etdiyimiz iş adamı Rauf İsmayılov alıb. Onun başçılığı ilə bizim qrupun gördüyü işlərlə mənim fikirlərim tərs düşüb. Bunun da bir çox səbəbləri var, geniş mövzudu. Əvvəla, öz dostlarımızda operativlik görmürəm. İkincisi, onların təklif etdiyi idarəçilik şəklində bu işin içində olaramsa, özümün qoyduğum prinsipləri təkzib etmiş olaram. Çünki sözügedən klubla bağlı təklif etdiyimiz proqram sırf mənim idi. Lakin sonradan həmin proqramdan kənara çıxmalar oldu. “Darıca”nın yerli idarəetmə orqanlarının - hansı ki klub üzərində böyük nüfuzları var, başda bələdiyyə başqanı olmaqla - mövqeyi futboldan kənardı. Onların futbol adamları olmadıqlarını dəfələrlə gördük. İşləri ilə bunu sübut etdilər. Atdıqları addımlar, bizə münasibətləri ilə. Məni əsas narahat edən bizim kollektivə rəhbərlik edən Rauf İsmayılovun onların şablon idarəçilik metodlarına, futbola baxışlarına əhəmiyyət verib, bir növ aldanmasıdı. Orda pis vəziyyət yaranıb. Hazırda da ciddi etirazlar var. Necə olacağı bilinmir. Klubda bir düyün düşüb, idarəolunmaz vəziyyətə gəlib çıxıb. Bu da əsasən son bir ayda baş verən hadisələrdi. Bu nöqtədən sonra həmin işin içində olmaq üçün müəyyən şərtlərim var. Düzdü, onlar tərəfindən qayıtmağımla bağlı təklif gündəmdədi. Mən də öz şərtlərimi demişəm. Başlıcası tam səlahiyyət istəyirəm. Çünki məsuliyyətli şəxs bir nəfər olmalıdı. Həmin şərtlərə baxacaqlar. Qeyd-şərtsiz qəbul olunacağı halda qayıtmaq ehtimalım var. Amma bu da çox az ehtimaldı. Bu gün orda olmamağım öz prinsiplərimi təkzib etməmək məsələsidi. Çünki özümü təkzib edə bilmərəm”.
Bu arada sabiq həmkarımızın “feysbuk” səhfiəsində futbol idarəçiliyi, menecment, skaut fəaliyyəti və futbolçu təmsilçiliyi ilə bağlı seminarlar haqda elana rast gəldik. Bu məsələylə bağlı da Şükürosyun düşüncələrini aldıq: “Seminarın əsas mahiyyəti ondan ibarətdi ki, Azərbaycanda futbolla bağlı konsaltinq şirkəti qurmaq istəyirik. Bu da futbolçulara hər növ - hüquqi xidmət göstərən, onların təmsil olunmasını, əmək sığortasını təşkil edən bir şirkətdi. Artıq sənədləşdirilməsinə başlanılıb. Məqsəd həmin şirkətdə bizimlə bərabər beynəlxalq miqyasda işləyəcək kadrları da yetişdirməkdi. İstedadlı gənclərimiz var. Bu sahədə Avropa miqyasında təcrübəsi olan şəxsləri dəvət edib, gənclərə dərslər, seminarlar keçməklə onları hazırlamaq başlıca məqsədlərdən biridi. Üstəgəl, ənənəvi beynəlxalq tipli seminar kateqoriyasından bir tədbir silsiləsini formalaşdırmaq niyyətindəyik. Fikirləşirik ki, çatdıra bilsək, dekabrın sonu start verək. Ola bilsin, texniki məsələlər üzündən yanvarın əvvəli başlayaq. İkimərhələli seminar olacaq. Artıq mövzuların nədən ibarət olduğunu da qeyd etmişik. Avropanın müxtəlif ölkələrindən tanınmış isimlər iştrak etsin deyə, hazırda danışıqlar gedir. Onlar UEFA lisenziyası olan futbolçu təmsilçiləri, skautlar olacaq. Eyni zamanda seminarlarda məşqçilər, mütəxəssislər iştirak edəcək. Sonda da məzunlara tədbirin nəticələrinə uyğun beynəlxalq miqyasda tanınan sertifikatlar veriləcək. Bununla bağlı da müvafiq danışıqlar aparılır. Məsələnin bu hissəsi həll olunub, sadəcə, rəsmi tamamlama işləri gedir”.
FARİZ