Məncə, yalnız axmaqlar və vətənlə bağlı hər şeyə nifrət edənlər, Azərbaycan adı çəkiləndə ikrah duyanlar dünən sevinə bilərdi. Amma nə qədər acı olsa da, dünən Halldorssonun qoruduğu qapıya vurulan hər qol yaxın keçmişdə avrokuboklarda xarüqələr yaradan, 4-5 il ərzində qitəyə Azərbaycan futbolunun varlığını xatırladan “Qarabağ” üçün acı və həzin son idi. Niyə belə oldu, futbolçular və məşqçi heyəti harda kobud səhvlərə yol verdi, bu ayrılıqda götürülən bir klubun, yoxsa bütövlükdə ölkə futbolunun gücsüzlüyü-faciəsidi – qarşıdakı günlərdə bu suallar ətrafında baş sındırmağa imkan və vaxt tapacağıq. Hələlik isə… İliyə işləyən soyuq adamın beyninə həm də o fikri yeridir ki, futboldakı bu tənəzzül ilə bəlkə də biz qarşıdakı illərdə avrokubokların qrup turnirini görməyəcəyik.
Qeyd-şərtsiz bu payız Azərbaycan futbolu üçün qara gəldi. Yığma Millətlər Liqasında intriqanı son tura qədər yaşatsa da, qapını elə biabırçı şəkildə çırpdı ki, artıq növbəti seçmə mərhələnin axarı ilə də bağlı ictimaiyyəti ümidsizlik bürüyüb. Az qala heç kim irəlidə bizi hansı sürprizlərin gözlədiyini, daha doğrusu, Qurban Qurbanovun komandanı silkələməyi bacarıb-bacarmayacağını bilmir. “Qarabağ” üçün isə Avroliqa artıq ilk üç turdan sonra bitmişdi. “Vorskla” üzərində səfər qələbəsi kiçik təsəlli rolunu oynamağa, “bəlkə intriqanı Londona daşıya bildik” suallarının yaranmasına yetsə də, dünən bütün daşlar yerini tapdı. Söhbət təkcə “Qarabağ”ın tarixində ilk dəfə evdə avrokuboklarda 5 top fərqi ilə uduzmasından getmir. Ən arzuolunmaz, adamı rəncidə edən məqam odu ki, indi Azərbaycanın futbol ictimaiyyəti – AFFA-sı, klubları, yığmaları, jurnalistləri ilə birgə - meşədə azıb qalan, it hürən, yoxsa işıq gələn tərəfə gedəcəyini müəyyənləşdirə bilməyən uşağa bənzəyir. İstər nəticələr, istərsə də oyun keyfiyyəti baxımından böhran bizi noyabrın sonunda yaxaladı ki, bu da özünəməxsus nonsensdi. Heç şübhəsiz, istər seleksiyada, istərsə də hazırlıq prosesində ciddi səhvlərə yol verilib. Bir komandanın oyun ərzində nə qədər kobud səhv buraxa biləcəyini biz dünən “Qarabağ”ın simasında gördük. Və mən bilərəkdən bu məqamda ad çəkmək istəmirəm, məhz komandanı günahkar görürəm. Kosovo ilə oyunda da komanda hazır deyildi, dünən də… Onda 2-ci dəqiqədə qol buraxdıq, bu dəfə 5-ci dəqiqədə. İnanın mənə, ciddi hədəflər uğrunda oynayan komandalar belə bəsit qollar buraxmırlar, belə bəsit penaltilər düzəltmirlər. Və ümumiyyətlə, nə qədər acı olsa da, gəlin etiraf edək ki, ciddi hədəfləri olan komandalar belə oynamırlar!