Törə Əhmədova: “Apellyasiya şikayəti vermişik”
Elton Yaqublunun sosial şəbəkələrdə şəxsi avtomobili ilə drift görüntüləri haqda baş qaldıran narazılıqlar səngiməmiş “Səbail”in futbolçusu növbəti zərbəni aldı. Bu dəfə İntizam Komitəsi futbolçu barədə olduqca sərt qərar çıxardı. Belə ki, “Səbail” – “Neftçi” oyununda Rauf Cabbarovun meydan sahiblərinin qapısına olmayan penalti təyin etməsi zədəli futbolçunu özündən çıxarmışdı. Qarşılaşma başa çatar-çatmaz ədalət təmsilçilərinə yaxınlaşan, protokolda adı olmayan Yaqublu onları təhqir etmişdi. İntizam Komitəsi hakimlərin qeydlərini əsas tutduqdan sonra Elton haqda qərar çıxardı: 4 oyunluq diskvalifikasiya və kluba 3200 manat cərimə!
Təbii, kapitanın əməlinə heç kim haqq qazandıra bilməz. Təhqir varsa, cəzası da olmalıdı. Amma ortaya çıxan sual “Səbail”in məlum qərarla, cərimə öz yerində, cəzayla razılaşıb-razılaşmayacağıdı. Yeganə çıxış yolu Ekspert və Apellyasiya Komitəsinə müraciət edib cəzanın yüngülləşdirməsinə nail olmaqdı ki, belə hallarda klublar analoji addımla yadda qalıblar. Maraqlıdı, “Səbail” rəhbərliyi nə düşünür? Yaqublunun cəzasının yüngülləşdirilməsini arzulayırlar?
“Dənizçilər”in mətbuat katibi Törə Əhmədovanı dinləyək: “Bəli, İntizam Komitəsi futbolçumuz Elton Yaqublunu cəzalandırıb. Cərimə klub tərəfindən ödəniləcək, bu birmənalıdı. Lakin bu o demək deyil ki, futbolçu cəzadan yan keçəcək. O klubun daxili intizam qaydaları əsasında cərimələnəcək. Hansı məbləğdə? Bu klubun daxili işidi, məlumat verə bilməyəcəm. Hakim səhv edibsə belə, Eltonun etdiyi hərəkət düz deyil. Belə şeylərə görə futbolçu qərar verməməlidi. Elton hakimi səhv qərara görə tənqid edibsə, əgər edibsə... O zaman komitənin müvafiq qərarına görə düzgün cəzalanıb. Sualınıza gəlincə, bəli, məsələ ilə bağlı artıq apellyasiya şikayəti vermişik. Hazırda komitənin cavabını gözləyirik”.
HƏBİB