Səbuhi Bayramov Elçin Məmmədovun tələbəsidi
Topaz premyer-liqasının 12-ci turu gənc hakim Səbuhi Bayramovun elitada debütü ilə yadda qaldı. Başqa sözlə, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik bu mənada tarixdə qalacaq. Həmişə Səbuhidən söz düşəndə xatırlanacaq ki, o, Stuxlikin komitə sədri olduğu dövrdə elitada debüt edib. Bayramovun “Zirə” – “Sumqayıt” matçındakı idarəçiliyi haqda “Hakimlərin mühakiməsi” rubrikasında məlumat çatdırmışdıq. Qısaca qeyd edək ki, start həyəcanı aydın hiss olunan, ilk hissədə bir neçə dəfə ləvazimatlarını (vərəqə, sprey qabı) yerə salan referi dördüncü hakim Rəhim Həsənovun qulaqcıqla verdiyi tövsiyələrdən sonra özünə gəldi və matçın qalan bölümünü, demək olar, səhvsiz yola verdi. Hər halda, onun qərarlarında mübahisəli epizod olmadı.
Bəs Səbuhi Bayramov kimdi? Premyer-liqaya hardan gəlib? Gənc hakimin tam anketini əldə edə bilməsək də, öyrəndik ki, futbola gəlişi digər sahələrdən yox, birbaşa futbolçu kimi olub. “Keşlə”nin sələfi “İnter”də, “Bakı”da çıxış edib, ancaq əvəzedicilər səviyyəsindən yuxarı qalxmayıb. Hətta Mirbağır İsayevin dönəmində U-17 millimizdə də çıxış edib. 1990 təvəllüdlü, iki ay sonra 29 yaşını qeyd edəcək referinin hakim kimi müəllimi Elçin Məmmədovdu. O, premyer-liqaya kimi əsas təcrübəni MFL-də toplayıb. Bayramov həvəskarların yarışında 100-ə yaxın oyun idarə edib. Bundan başqa, U-17-lərin, U-19-ların çempionatında, eləcə də birinci divizionda müntəzəm təyinatlar alıb.
Ümid edirik ki, onun simasında Azərbaycan hakimliyi yeni Əliyar Ağayev qazanacaq, gələcəkdə FİFA referisi adı alacaq. Hələlik isə premyer-liqada təyinat aldığı oyunlarda etimadı doğrultmalı, kiminsə haqqına girməməli, ədalət təmsilçisi adını şərəflə daşımalıdı.
MİRAĞA