Sizin reklam burada

Stadnik yapon sindromundan danışdı

Baxış Sayı:480

Stadnik yapon sindromundan danışdı
“Mənim üçün əsas yarış Tokio-2020, əsas hədəf olimpiya “qızıl”ıdı”
Oktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal gözlədiyimiz güləşçilərdən biri də Mariya Stadnik idi. Qadınlardan ibarət yığmanın lideri finaladək irəliləməyi bacardı. Ancaq həlledici görüşdə Yaponiya təmsilçisinə uduzaraq, gümüş medalla kifayətləndi. Titullu pəhləvan Güləş Federasiyasının saytına verdiyi müsahibədə dünya çempionatı və gələcək planlar ilə bağlı danışıb.
- Dünya çempionatına necə hazırlaşmışdın?
- Hazırlıq həmişəki kimi olmuşdu. Dağlıq məkanda fiziki hazırlıq üzərində işlədik. Təlim-məşq toplanışının son mərhələsini Kiyevdə, Ukrayna yığmasıyla birgə keçdim. Hər şey normal gedirdi. Təəssüf ki, yarışa bir həftə qalmış xəstələndim. Bu da formama müəyyən qədər təsir göstərdi. Tam bərpa olunmağa imkan tapmadım. Ancaq Budapeştdə finala qədər hər şey normal idi. Təcrübəmi də işə salaraq finala qədər sakitcə irəlilədim. Ancaq həlledici görüşdə bəzi səhvlərə yol verdim. Məşqçimin taktiki tapşırıqlarını dəqiq yerinə yetirmədim. Bu da mənim səhvim idi. Nəticədə final mənim üçün uğursuz alındı. Ancaq təsəllim odu ki, Olimpiadaya qədər hələ vaxt var. Mənim üçün əsas yarış Tokio-2020, əsas hədəf olimpiya “qızıl”ıdı. Qalan turnirlər buna hazırlıq xarakteri daşıyır.
- 1/4 finalda 5 il əvvəl 51 kq-da dünya çempionu olmuş çinli Sun Yanana, yarımfinalda isə 4 il əvvəl yeniyetmələr arasında olimpiya çempionu olmuş şimali koreyalı Kim Son-Hyanqa qalib gəldin. Asiya təmsilçiləri ilə görüşlər səni müəyyən qədər yordu?
- Yox, bu qarşılaşmalar məndən güc almadı. Çünki taktikanı doğru qurmuşdum. Üstəlik, finaladək bərpa olmağım üçün bir gün vaxtım vardı. Hərçənd koreyalı ilə görüşdə bir az psixoloji məqamlar oldu. Birincisi, son saniyələrdə vaxtı göstərən tablo dayandı. İkincisi, məni qeyri-fəallığa görə cərimələməyi düşünürdülər. Bu, çox gülməli idi. Qarşı tərəf etirazını bildirəndə bir az əsəbləşdim (gülür).
- İlin əvvəlində Yui Susakiyə İsveçin Klippan şəhərində keçirilən beynəlxalq turnirdə son saniyələrdə üstünlüyü əldən verərək uduzmuşdun. Bu dəfə onunla görüş üçün taktikanı necə qurmuşdun?
- Son saniyədə məni xalçadan kənara çıxarmağı bacardı. Görüş boyunca, demək olar ki, fəallıq göstərmədi. Mən hücum edirdim, o isə müdafiə olunurdu. Mübarizədən qaçırdı... Düşünürdüm ki, dünya çempionatında daha böyük təzyiq göstərsəm, qələbə qazana bilərəm. Susakinin bu dəfə də müdafiəyə daha çox fikir verəcəyini düşünürdüm. Təəssüf ki, funksional hazırlıq baxımından problemlə üzləşdim. Fiziki gücüm çatmadı. Boşluq verməyə başladım. Rəqibin ayağından tuturdum, amma fəndi sona kimi icra edə bilmirdim. Susaki səhvlərimdən məharətlə yararlandı.
- İlk hissədən sonra artıq hesabda böyük fərqlə geriyə düşmüşdün. Bu zaman qələbəyə inam qalmışdı?
- Hansısa həyəcandan söhbət gedə bilməzdi. Mübarizəni davam etdirməyi düşünürdüm. Ancaq məndə alınmadı...
- Bu məğlubiyyətin təsirindən çıxa bilmisən?
- Hər şeyi unutduğumu deyə bilərəm. Ancaq məğlubiyyət məndə həmişə dərin iz buraxır. Düzdü, indi sakitləşmişəm. Soyuqqanlı şəkildə səhvlərimi təhlil edirəm. Əlbəttə, ilk iki gündə finalın təəssüratı, emosionallıq hədsiz yüksək idi. İndi sakitləşsəm də, finalın psixoloji təsiri hələ də qalıb (gülür).
- Özünə bu sualı vermisən: niyə yaponlarla görüş istədiyim kimi alınmır? Bəlkə çıxış yolu məhz Yaponiyadan sınaqçı-rəqib seçməkdi?
- Əlbəttə, bu sualı özümə vermişəm. Ancaq mən bunun çıxış yolu olduğunu düşünmürəm.
- Necə fikirləşirsən, yaponlarla ehtiyatlı, yoxsa hücum üslubunda güləşmək lazımdı?
- Onlarla ehtiyatla hücum etmək lazımdı. Görüşü sırf müdafiədən qurmaq və ya kor-koranə hücum etmək doğru deyil. Mən indi daha da böyümüşəm və təcrübəm xeyli artıb. Hücum vaxtını gözləmək lazımdı.
- Gələn il keçiriləcək yarışların hazırlığına nə vaxt başlayacaqsan?
- Sanatoriyada bir qədər dincəlib, bərpa prosesi keçdikdən sonra evə gedib hazırlığa başlayacam. Böyük fasilədən söhbət gedə bilməz. Tədricən məşqləri bərpa edəcəm.
- Dekabrın 3-də 30 yaşın tamam olacaq. Yubileyi necə qeyd etməyi planlaşdırırsan?
- Hələ bu haqda fikirləşməmişəm. Çünki o ab-havada deyiləm (gülür).
- Ölkəmizdə ən çox sevilən güləşçilərdən birisən. Azarkeşlərə nə demək istərdin?
- İlk növbədə hamıya böyük dəstəyə görə minnətdarlığımı bildirirəm. Bilirəm ki, çoxlu azarkeşim var. Azərbaycanda məni tanıyanlar və qadın güləşini sevənlər çoxdu. Bu da məni sevindirir. Ümid edirəm ki, onları qızıl medalla şad edəcəm. Hər bir idmançı üçün arxasında azarkeşlərin olduğunu bilmək çox vacibdi. Xalça üzərinə çıxanda insanların hayqırtısını, dəstəyini eşidirsən və bu sənə əlavə güc, stimul və özünəinam verir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR