Kamran Quliyev: “...bir araya gəlməyin mənası yoxdu”
Ötən saylarımızın birində Klublar Komitəsinin (KK) toplantısının keçirilməməsini qabardıb, səbəbini komitənin katibi Zaur Hacı-Məhərrəmovdan öyrənməyə çalışmışdıq. Zaur bəy qəzetimizə açıqlamasında KK sədri kreslosunu tutan “Neftçi”nin prezidenti Kamran Quliyevdən xəbər gözlədiyini söyləmişdi. Və onu da əlavə etmişdi ki, yaxın günlərdə komitə üzvlərinin bir araya gələcəyi gözlənilir.
Hacı-Məhərrəmovdan dolğun cavab ala bilmədiyimizdən komitəsnin sədri ilə danışmağı lazım bildik və bu məqsədlə Kamran Quliyevi aradıq: “Bəli, cari mövsümdə Klublar Komitəsinin iclası keçirilməyib. Ancaq bu o demək deyil ki, komitə fəaliyyətini dayandırıb. Sadəcə, bu arada klubların heç biri hansısa problemlə bağlı komitəyə müraciət etməyib. Adətən, iclaslarımızda premyer-liqa təmsilçilərini narahat edən müəyyən problemlər ətrafında müzakirələr aparır və onları daha yuxarı instansiyalara çatdırmaq üçün müraciətlər edirik. Heç bir klub hansısa məsələnin gündəmə çıxarılıb, həlli yolunda fikir mübadiləsi aparılmasını istəmirsə, deməli, bir araya gəlməyin mənası yoxdu. İlin sonuna kimi isə iclasımız olacaq. Ola bilər ki, dekabrın ilk həftəsində komitənin toplantısı baş tutsun”.
RƏŞAD