“Qırmızı-qaralar” Türkiyədə dörd yoxlama oyunu keçirəcək
Təxminən üç həftədən sonra premyer-liqa təmsilçiləri qış fasiləsinə yollanacaq. Futbolçular bir müddət dincəlib, 4 ayda itirdikləri enerjini bərpa etdikdən sonra yenidən bir araya gəlib mövsümün qalan bölümünə hazırlaşacaqlar. Qış hazırlığını isə demək olar ki, bütün klublar ölkə xaricində keçir. Ona görə də xaricə yollanacaq premyer-liqa təmsilçiləri artıq indidən toplanış məkanlarını və yoxlama görüşlərinin tarixini müəyyənləşdirirlər. Həmin klublardan biri də “Qəbələ”di. Bugünlərdə “qırmızı-qaralar”ın qış hazırlıq planına aydınlıq gəlib. Şimallılar yanvarın 6-da bir araya gələcəklər. 6 günü ölkə daxilində keçirəcək (hava şəraitindən asılı olaraq bu ya Qəbələ olacaq, ya da Bakı) Sənan Qurbanovun komandası daha sonra Antalyaya üz tutacaq. Komanda “Trendy Lara” otelində məskunlaşacaq.
Toplanış çərçivəsində “Qəbələ”nin hansı rəqiblərlə qarşılaşacağı hələ müəyyənləşməsə də, qardaş ölkədə keçirəcəyi yoxlama görüşlərinin sayı və tarixi bəllidi. Baş məşqçinin istəyinə uyğun “qırmızı-qaralar” dörd sınaq matçı keçirməyi planlaşdırıb. Oyunların yanvarın 16-sı, 20-si, 24-ü və 26-da keçirilməsi nəzərdə tutulub.
RƏŞAD