“Məqsədim bu mövsüm bir neçə oyun idarə etməkdi”
Yadınızdadısa, Ömər Paşayevin hakim karyerasına fasilə verdiyini xəbər vermişdik. Xatırladaq ki, səhhətindəki məlum problem FİFA referisini belə addım atamağa məcbur edib. Paşayev Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxliklə danışmış və müvəqqəti olaraq hakimlik etməyəcəyini bildirmişdi. Komitə sədri isə Ömərin qərarını anlayışla qarşılamışdı. Həmin vaxt Paşayev qəzetimizə açıqlamasında bunları demişdi: "Belə qərara gəldim ki, bir müddət fasilə verim. Ancaq hakimlikdən həmişəlik getməmişəm. Elə bir fikrim yoxdu. Sadəcə, özümü narahat hiss edirəm, oyunları idarə edə bilmirəm. Komitə sədrinə rəsmən müraciət etdim ki, birilliyə oyunlara təyinat almayım. Müalicəmi davam etdirəcəm. Frits Stuxliklə danışdıq, müzakirə etdik. Fikirləşdik ki, ən yaxşı variant budu. Məsləhətləşdik və gələcək baxımından fasilə verməyimin yaxşı olacağını düşündük. Bir addım geri atıb, gələcəkdə daha yaxşı nəticələr əldə etmək olar. Hazırda geriyə addım atıram. Xeyirlisi".
FİFA referisinin vəziyyəti ilə yenidən maraqlanmaq qərarına gəldik. Paşayev durumu ilə bağlı bunları dedi: “Şükür, hər şey normaldı. İrəliləyiş var. Yavaş-yavaş fərdi məşqlərə başlamışam. Dərmanlardan çəkim artıb və fitnes testi vermək lazımdı. İnşallah, bununla da yenidən iş başına qayıdaram. Düzdü, risk etmək istəmirəm. Yəni dərhal oyunlara çıxmaq və s. Ancaq məqsədim bu mövsüm bir neçə oyun idarə etməkdi”.
FARİZ