Dekabrın 12-də Nyonda futzal üzrə növbəti dünya çempionatının ilkin və əsas mərhələsinin püşkü atılacaq. Ölkəmizi tədbirdə Futzal Federasiyasının rəsmisi Zaur Hacı-Məhərrəmov təmsil edəcək. Bu barədə qəzetimizə bilgi verən qurumun mətbuat katibi Mahal Məmmədov onu da qeyd etdi ki, Azərbaycan əsas mərhələyə evsahibliyi etmək istəyir. Artıq bununla bağlı FİFA-ya rəsmi mürəciət də olunub.
Əslində iyulun 4-də Futzal Federasiyasında geniş tərkibdə görüş olanda DÇ-2020 ilə bağlı hədəflər də müzakirə olunmuşdu. Görünür, elə həmin iclasda əsas mərhələyə evsahibliyi etmək qərara alınıb. Qeyd edək ki, yığmamız 4 ildən bir keçirilən yarışa elə əsas mərhələdən başlayacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 29-dan fevralın 3-dək, əsas mərhələnin görüşləri isə oktyabrın 22-dən 27-dək keçiriləcək. 2019-cu il noyabrın 7-də elit raundun püşkü atılacaq. Bu mərhələnin oyunları 2020-ci il yanvarın 28-dən fevralın 2-dək baş tutacaq. Pley-off oyunlarının tarixi də məlumdu. Son iştirakçıların adı 2020-ci il aprelin 9-da və 12-də keçiriləcək matçlarda məlum olacaq.
Qeyd edək ki, DÇ-2020-nin final mərhələsinə Litva evsahibliyi edəcək. İran, Yaponiya və Yeni Zelandiya da mundialı qəbul etmək üçün namizədliyini irəli sürsə də, FİFA üstünlüyü Avropa ölkəsinə verib. Final mərhələsinin oyunları sentyabrın 12-dən oktyabrın 4-dək keçiriləcək. Bu, Avropada baş tutacaq sayca üçüncü dünya çempionatı olacaq. Sonuncu mundial 2016-cı ildə Kolumbiyada keçirilib və final matçında Rusiyanı 5:4 hesabıyla məğlub edən Argentina qalib olub.
MİRAĞA