Sizin reklam burada

"Elit mərhələ bu yöndə böyük fürsətdi"

Title
"Elit mərhələ bu yöndə böyük fürsətdi"
Şakir Qəribov Gürcüstan təəssüratını bölüşdü
Payızda yalnız bir yığma qarşıya qoyulan məqsədə çatdı. U-19 Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış etdi. Vüqar Məmmədin komandası Gürcüstanda keçirilən qrup oyunlarında 6 xal toplayaraq elit mərhələyə vəsiqə qazandı. İlk görüşdə İsrailə böyük hesabla uduzan (1:4) milli daha sonra meydan sahiblərini məğlub etdi (2:1). Son turda Lixtenşteyni darmadağın edən (3:0) U-19 ikinci yerin sahibi kimi elit mərhələyə adını yazdırdı.
Gürcüstandakı mübarizə zamanı Məşqçilər Komitəsinin üzvü Şakir Qəribov da yığmanın yanında idi. Bu üzdən dünən onunla əlaqə saxlayıb, təəssüratını öyrəndik: "Gürcüstana ümidli yollanmışdıq. Həm rəhbərlik, həm də komandanın məşqçiləri uğura inanırdı. Çünki qrupumuzda meydan sahibləri ilə yanaşı, İsrail və Lixtenşteyn yer almışdı. Rəqibləri nəzərə alanda, uğur qazanacağımıza inanırdıq. Ümumilikdə yaxşı alındı. Baxmayaraq ki, ilk turda güclü komandaya qarşı oynadıq. İsrail ciddi rəqib olduğunu oyunu ilə göstərdi. Özü də öyrəndik ki, bu komandanın futbolçuları ölkəsinin yüksək liqasında top qovurlar. Onların deməyindən əlavə, oyun zamanı da yaxşı kollektiv olduğunu gördük. Top saxlamaları, ötürmələri, qurduqları hücumlar ilə səviyyələrini ortaya qoydular. Oyuna pis başlamadıq, ancaq uşaqlar bir qədər özlərini itirdilər. Hesab da oyuna görə oldu. Bizimkilər matçın sonunu pis keçirmədilər. Qollardan birinin əvəzini çıxdıq, hətta yenə fərqlənmək şansımız oldu, amma reallaşdıra bilmədik. Həmin məğlubiyyətdən sonra ümidimiz itməmişdi. Çünki ikinci hissənin sonlarında milli heç də pis təsir bağışlamadı. Sadəcə, start həyəcanı və rəqibin yaxşı oyunu hesabın belə olması ilə nəticələndi. Gürcüstanla dueldə ilk yarıda qapımızda qol görsək də, uşaqlar ikinci hissədə toparlanıb geridönüş etdilər. Futbolçularımız özlərinə inandılar, fasilədən sonra oyun tam bizim üstünlüyümüz şəraitində keçdi. Hələ 3-cü qolu da vurmaq üçün imkanımız var idi. Sadəcə, yararlana bilmədik. Özünüz də bilirsiz ki, yerli komandaya qarşı oynamaq çox çətindi. Xüsusən də gürcülərlə dueldə. Qələbəmiz də oyuna görə idi. Burda başqa söz demək olmaz. Bildiyiniz kimi, oyunlar "Mixail Mesxi" stadionunun əsas və 2-ci meydanında keçirilirdi. Gürcülərlə görüşdə xeyli sayda azarkeş var idi. Həmçinin futbol rəhbərliyi və jurnalistlər də matça böyük maraq göstərirdi. İnanın ki, gürcü azarkeşlər də matçın sonunda yaxşı oyunumuza əl çaldılar. Komandamız çıxışı ilə həmin alqışları qazandı. Həmin qələbə sayəsində qrupdan çıxmaq şansımız yarandı. Son turda ənənəvi olaraq hər iki qarşılaşma eyni vaxtda başladı. Meydanlar da yan-yanadı. Ora da baxırdıq, bura da. Ancaq daha çox öz oyunumuzla maraqlanırdıq. Çünki ilk növbədə özümüz üzərimizə düşəni etməliydik. Gürcüstan qalib gəlsəydi, qələbəmizin əhəmiyyəti olmayacaqdı. Gürcülərin İsraillə dueli dramatik alındı. 69-cu dəqiqədə İsrail azlıqda qalanda, düşündük ki, çətin heç-heçəni qorusunlar. Çünki meydan sahibləri də çox istəkliydilər. Ancaq bərabərlik sona qədər qorundu. Nəticədə elit mərhələyə adlayan iki komandadan biri biz olduq. Biz, İsrail və Lixtenşteyn bir yerdə - üçmərtəbəli İdman Bazasında qalırdıq. Gürcüstan başqa yerdə idi. Yəhudilərlə yeməkdə, dəhlizdə rastlaşırdıq, söhbət etmək imkanımız olurdu. Bildirdilər ki, U-21-lərin görüşü üçün Bakıya gəlmişdik. Ümumiyyətlə, son turdan əvvəlki söhbətlərdən belə anladıq ki, meydan sahibinə xal vermək kimi fikirləri qəti şəkildə yaxına buraxmırlar. Onlar təmiz futbol oynamağa gəlmişdilər. Matçda da azlıqda qalmalarına baxmayaraq, sona qədər mübarizə apardılar. Mənfi cəhətlərimiz də oldu, müsbətlərimiz də. Müsbət odu ki, ilk turda məğlub olmağımıza baxmayaraq, uşaqlar toparlandılar, özlərində güc tapdılar və iki qələbə ilə qrupdan uğurla çıxdılar. Zəif cəhətlərə gəlincə, müdafiədə bir qədər diqqətli oynamalıyıq. Arxa xətdə müəyyən çatışmazlıq var. İsraillə oyunda mərkəz müdafiəçisi İbrahim Hüseynov zədələndi. Onu əsas heyətdə oynamayan Elnur İbrahimov əvəzlədi. Mən bu komanda ilə Bolqarıstanda yoldaşlıq oyunlarında da olmuşdum. Həmin toplanışda da iştirak etmişdim. İbrahim bolqarlarla yoxlama matçlarında əsas heyətdə idi. Onu əvəzləyən Elnur hər iki görüşdə yaxşı təsir bağışladı. Bununla belə, müdafiədə çatışmazlıqlar var".
Məlum olduğu kimi, dekabrın 6-da elit mərhələnin püşkü atılacaq. Özü də martda keçiriləcək oyunlarda yığmanın daha güclü komandalarla qarşılaşacağı da bəllidi. Görəsən, U-19 həmin mübarizədə nəyə ümid edə bilər? Qəribov asanlıqla təslim olmamağı məsləhət gördü: "Öncədən təslim olmaq düzgün deyil. Futbolda hər şey olur. Necə ki, gürcülər "doğma divarlar" arasında qrupdan çıxa bilmədilər. Halbuki yaxşı komandaları var idi. Bir neçə futbolçusu Gürcüstan elitasında çıxış edən klublarda top qovur. Odu ki, elit mərhələdən əlimizi üzməməliyik. Öz uşaqlarımızı niyə pisləməliyik? Düzdü, elit mərhələdə güclü komandalar mübarizə aparır. Bunlardan biri də İsrail olacaq. Onlar "elit"dəki kollektivlərdən geri qalmayacaq. Yığmanın qarşıda vaxtı var. Artıq martdakı mübarizəyə hazırlaşmaq lazımdı. Hazırlaşıb yaxşı oyunla heç bir komandanın qarşısında aciz qalmarıq. Razıyam, püşkdə bəxt də yaxşı şeydi. Ümid edək ki, İngiltərə, Almaniya, İspaniya düşməyəcək. Elit mərhələdə yalnız qrup qalibləri həlledici mübarizəyə vəsiqə qazanır. Ümumiyyətlə, bu yaş qrupları əsas milliyə doğru tramplindi. Bu yaş yığmalara diqqət böyük olur. Menecerlər futbolçu seçir və xarici klublara təklif edirlər. Bizim uşaqlar da "gözə girməlidilər". Mən özüm də arzulayıram ki, uşaqlar xaricdə oynasınlar. Orda "artırsınlar" və yığmaya da fayda versinlər. Elit mərhələ bu yöndə böyük fürsətdi".
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.