Ukraynalını Vaqif Şirinov əvəzlədi
Kişilərdən ibarət boks yığmamızda baş məşqçi dəyişikliyi baş verib. Boks Federasiyasının yaydığı məlumata görə, komanda Vaqif Şirinova həvalə olunub. Təcrübəli mütəxəssis bu postda ukraynalı Leonid Loivskini əvəzləyib. Şirinov ən azı 2020-ci ildə keçiriləcək Tokio Yay Olimpiya Oyunlarının sonunadək yığmanı çalışdıracaq. Komandada böyük məşqçi funksiyasını yenə Nəriman Abdullayev yerinə yetirəcək.
Qeyd edək ki, Vaqif Şirinov buna qədər gənclərdən ibarət milliyə rəhbərlik edirdi.
Boksdan söz düşmüşkən, dünən böyüklər arasında ölkə çempionatına start verilib. Boks Mərkəzində təşkil olunan yarışda 10 çəki üzrə mükafatçılar müəyyənləşəcək. Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 138 kişi boksçu qatılıb. Mükafatçıların siyahısı noyabrın 30-da müəyyənləşəcək.