“Qurban Qurbanov yox e, lap Fabio Kapello da gəlsə, milli bu vəziyyətdə olacaq”
Birvaxtlar Elhad Nəziri ad-soyadlı futbolçu var idi. Öncə səsi xaricdən gəlirdi. Moldovada “Milsami”nin, Rumıniyada “Petrolul”un şərəfini qoruyan müdafiəçi legioner həyatı yaşadığına görə milliyə cəlb olundu. Lakin sonradan adı qalmaqallarda hallanmağa başladı. Yaşını azaltması haqda deyilənlər səngiməmiş bir qadın mətbuata çıxıb Elhadın ona “pul atdığını” dilə gətirdi. Yığmada 1 oyuna çıxan Nəziri Azərbaycana qayıdandan sonra “İnter”, “Araz Naxçıvan”, “Neftçala”, “Bakılı” və “Rəvan”ın şərəfini qorusa da, 25 yaşında karyerasını başa vurdu.
Sözün düzünü deməsi ilə fərqlənən futbolçu komanda.az saytına verdiyi müsahibədə olduqca maraqlı açıqlamalarla yadda qalıb.
- Futbolçu karyeranı başa vurduğun deyilir. Karyeranı erkən yaşda başa vurmağına səbəb nə idi? Demək olar ki, Azərbaycan futbolunda özünə yer tapa bilmədin?
- Karyeramı erkən yaşda başa vurmağımın səbəbi genişdi. Millidə olarkən mənə verilən mükafatın 15 min manatını geri istədilər. Mən də bir-iki futbolçu ilə məsləhətləşdim və pulu vermədim. Ondan sonra 1-2 kluba deyildi bu barədə. Gördüm ki, mümkün deyil heç nə, mən də futbolla vidalaşdım. Artıq Azərbaycan futbolundan iyrənmişəm.
- Mükafatı geri qaytarmağını kimlər istəmişdi ki?
- İsraillə oyundan sonra Bakıya qayıtdıq. Bir neçə gün keçdi və mükafatları verdilər. Hamı kimi mən də gedib pulumu aldım. Üstündən 3-4 saat keçdi, zəng edib məndən mükafatın 15 min manatanı geri istədilər. Mən də qaytarmadım. Çünki ordakılar kimi həmin pul mənim də haqqım idi. Orda məndən artıq adam yox idi.
- 25 yaşın var və bu yaşda karyeranı başa vurdun. Yəqin ki, mübarizəni erkən dayandırdığını özün də etiraf edərsən...
- Mən də istəməzdim ki, bu yaşda futbolu atım. Deməli, qismət belə imiş. Birinci divizionda klubların verdiyi pulla nə etmək olar? Aşağı dəstədə oynayan uşaqlar bilmir futbol oynasın, yoxsa satılan oyunlarda adının hallanmaması üçün necə oynasın. Qorxa-qorxa oynayırlar ki, indi səhv etsəm, deyəcəklər oyun satıb. Halbuki oyun epizodunda hər bir futbolçu səhv edə bilər. Azərbaycan futbolu ömürboyu belə olacaq. Kimin “adam”ı, kimin “ətraf”ı var, onlar da oynayır, işləyir.
- Berti Foqtsun dönəmində yığmada oynamaq imkanı tapmışdın. Necə düşünürsən, sənin oynadığın milli güclü idi, yoxsa indiki?
- Milli elə həmin millidi. Ora kimi çağırsalar, yığma bu vəziyyətdə oynayacaq.
- Yığma Kosovo ilə görüşdə məğlub oldu və qrupdan çıxa bilmədi. Daha sonra isə Qurban Qurbanova “torba tikilməsi” məsələsi ortaya çıxdı. İnandırıcıdı?
- Kosovonu keçmək olardı, ancaq keçə bilmədilər. Bu da futboldu. Bəlkə də futbolçulara mükafatların verilməməsi onları həvəsdən salmışdı. Qurban Qurbanov yox e, lap Fabio Kapello da gəlsə, milli bu vəziyyətdə olacaq. Mən yığmada olmuşam və nələrin yaşandığını gözəl bilirəm. Orda çox şeylər olub, bunlar hələ elə-belə şeylərdi. Milli hamı üçündü, oranın sahibi olmamalıdı. Ancaq bizdə yığmanı obyekt kimi alıblar, nə istəyirlər, edirlər. Bizim milliyə kim gəlirsə gəlsin, xeyri yoxdu. Biz hələ bundan da pis günlərə qalacağıq.
- Kamran Ağayevin bilərəkdən oyuna getmədiyi, Pavel Paşayev və Dmitri Nazarovun isə bilərəkdən zəif oynadıqları deyilir. Belə bir şey real ola bilər?
- İnanmıram ki, bilərəkdən etsinlər. Ediblərsə də, yaxşı ediblər. “Milliləşdirilmiş” futbolçuya bel bağlayanda belə olar da. Kamran Ağayev isə uşaq deyil. Bilirdi ki, Kosovodakı oyunda qapıda kim olsa, onsuz da yenə uduzacağıq. Onun ayağında ağrısı olub, çıxmayıb oyuna.
- “Petrolul”da birlikdə çıxış etdiyin, Rumıniya kubokunu birlikdə başın üzərinə qaldırdığın Soni Mustivar hazırda “Neftçi”nin uğurları üçün çalışır. Heç Bakıda onunla görüşmüsən?
- Mustivar həm yaxşı futbolçu, həm də yaxşı insandı. Məşqlərdə də hər zaman öz üzərində çalışırdı. Komandanın üçüncü kapitanı idi. “Neftçi”nin ən güclü transferi elə Mustivardı. Ancaq o, hələ öz oyununu tapmayıb. Onun nələrə qadir olduğunu mən bilirəm. İşlərim çoxdu deyə, hələ ki onunla Bakıda görüşməmişik.
- Maraqlıdı ki, Moldova və Rumıniyanın iddialı klublarında oynasan da, Azərbaycanda aparıcı klublarda oynamaq sənə qismət olmadı. Burda sənə niyə ehtiyac duyulmurdu?
- Mən həmin klublara öz gücümə getmişdim. Yoxlanışlardan keçib düşmüşdüm həmin klublara. Çünki orda məni tanımırdılar. “Petrolul”da çempion olduqdan sonra qayıtdım bura. Azərbaycan futbolunda isə həmişəki kimi ayrıseçkilik, “öz adamları” məsələləri ortaya girdi. Mən hər zaman sözün düzünü deyən adam olmuşam. “Neftçi”də olanda bunu İqor Getmana, Arif Əsədova demişəm. O vaxt günahsız uşağı komandadan çıxardırdılar. Mən də dilləndim, gedib Sadıq Sadıqova dedilər ki, Elhad bizim işimizə qarışır, məni komandadan uzaqlaşdırdılar. 2008-ci ildə “Qarabağ”da olanda da həmçinin belə bir məsələ oldu. Toplanışa yollanmağa bir gün qalmış pasportumu qaytardılar və başqa futbolçunu apardılar toplanışa. Çox şeylər var, sadəcə, mən danışmıram. Bir sözlə, kimsə sənin arxanda olmasa, Azərbaycan futbolunda heç nə edə bilməzsən.
- “Petrolul”dan Azərbaycana qayıdışını tək karyeranın yox, həyatının ən səhv qərarı olduğunu düşünürsən?
- Bəli, Azərbaycana qayıtmağım həyatımın ən böyük səhvi oldu. “Petrolul”dan Azərbaycana qayıtmaqla futbol həyatım alt-üst oldu.
- Adın tez-tez qalmaqallarda hallanırdı. Qalmaqal deyəndə, daha çox şou-biznes nümayəndələri ilə şəkillərin yayılırdı və futbola çox fikir vermədiyin deyilirdi. Aygün Kazımova ilə də tez-tez şəkillərin yayılırdı. Maraqlıdı, onunla indi də münasibətin var, yoxsa necə?
- Bu şeyləri bütün futbolçular edir. Sadəcə, mən hamıya inanıb, özüm kimi bilib, hər şeyimi bölüşürdüm, onlar da sağ olsunlar, “ürəkləri açıqdı” deyə, hər yerdə danışıb mənə ziyan oldular. Qaldı ki şou-biznesə, Aygün Kazımovaya, bunlar hamısı hamının yaşayacağı şeylər idi. Əsas odu ki, hər şey yaxşıdı. Pul azalandan sonra nəinki heç öz dostlarımı tapa bilmədim yanımda, qalmışdı Aygün Kazımova.
- Hazırda Elxan Məmmədov la Qurban Qurbanov arasında “müharibə getdiyini” ölkədə bəlkə də hamı düşünür. Səncə, bundan hansı “cəbhə” qalib ayrılar?
- Mən iki insanla da işləmişəm, biri baş katibim olub, digəri baş məşqçim. Mən bu haqda heç nə deyə bilmərəm. Çünki artıq futboldan uzağam. Hər iki insana da həyatında, karyerasında uğurlar arzu edirəm.
HƏBİB
P.S. AFFA-nın bu müsahibəyə reaksiya verəcəyinə inanırıq. Bu ölkənin futbol qurumu açıq-aşkar ittiham olunur. Ya futbolçunun böhtan atdığını sübut etsinlər, ya da günahkarın adını açıqlasınlar.
HƏBİB