Kobud səhvləri sıraladılar…
Premyer-liqanın 12-ci turu hakimlik baxımından heç də yaxşı alınmadı. Daha doğrusu, Frits Stuxlikin yetirmələri kobud səhvlərlə yadda qaldılar.
İNQİLAB MƏMMƏDOV, Qarabağ - Sabah
Qeyd etmək lazımdı ki, İnqilab Məmmədov Avropa futboluna yaxın oyuna üstünlük verir, sərt mübarizələrə imkan yaradırdı. Amma bu o demək deyil ki, qayda pozuntularına göz yummalı idi. Məsələn, “Sabah”ın qolundan bir qədər əvvəl Filip Ozobiçə qarşı kobud oyun var idi, hakim fitini səsləndirmədi. Ardınca debütant hücum təşkil edib qol vurdu. 54-cü dəqiqədə Dani Kintananın qapıçı ilə təkbətək çıxdığı epizodda yan xətt hakimi Rahil Ramazanov yanlış ofsayd qərarı ilə “Qarabağ”ı yüzfaizlik qol imkanından məhrum etdi. 83-cü dəqiqədə isə hakim Yakub Jezniçakın haqq etdiyi sarı vərəqəni vermədi. Halbuki “Sabah”ın hücumu zamanı müdafiəçi Cavid İmamverdiyevə qarşı sərt oynadı ki, hakim “üstünlük” prinsipini işarə etdi, ancaq nədənsə epizod başa çatdıqdan sonra vərəqə göstərmədi.
RƏVAN HƏMZƏZADƏ, Keşlə - Qəbələ
Həmzəzadənin işini normal saymaq olar. Hər halda, onun ciddi mübahisə doğuracaq qərarı olmadı. “Keşlə”nin qolunda top xətti keçmişdi. Bu baxımdan düzgün qərar verən laysmana alqış düşür. Hərçənd “CBC Sport”un qapı xəttini görüntüləyən kamerası olmadığından tam əminliklə demək olmur. Gənc referinin göstərdiyi vərəqələri də müzakirə etməyə dəyməz, hamısı yerində və haqlı idi.
SƏBUHİ BAYRAMOV, Zirə - Sumqayıt
Gənc referi Səbuhi Bayramov özünü itirmişdi. Hələ birinci dəqiqədə o, içində köpük olan qabı meydanda yerə saldı. Özünün bundan xəbəri olmasa da, Şəhriyar Əliyev onu yerdən götürüb referiyə qaytardı. Ancaq 18-ci dəqiədə Bayramov yenidən köpük qabını yerə saldı. Bu dəfə Arif Daşdəmirov onu meydandan götürüb bu dəfə özünə yox, dördüncü hakimə təhvil verdi. Ümumiyyətlə, Bayramov matçboyu “pinti” davranışla diqqəti çəkir, ləvazımatlarını yerə salırdı. Bir dəfə fitini əlindən salan gənc ədalət təmsilçisi ilk hissənin ortalarında vərəqələri də itirmişdi. Qərarlarında da inamsızlıq hiss olunurdu, yalnız ehtiyat hakim Rəhim Həsənovun qulaqcıqla tövsiyələrindən sonra tədricən özünə gəldi. İkinci hissənin sonlarına yaxın “Zirə”nin köməkçi-məşqçisi Seymur Rəhimovun auta çıxan topu rəqibə tərəf güclü zərbə ilə vurmasını baş hakim qeyri-etik jest kimi qəbul edib onu tribunaya göndərdi. “Zirə”lilər 4-cü hakimə yaxınlaşıb etiraz etsələr də, hakim qərarını dəyişmədi.
RAUF CABBAROV, Səbail – Neftçi
Turun ən kobud səhvi “Bayıl Arena”da qeydə alındı. Rauf Cabbarov 52-ci dəqiqədə “Səbail”in qapısına olmayan penaltini təyin etdi. Halbuki Dario Federikonun cərimə meydançasına göndərdiyi top Jorje Maudonun qoluna yox, böyrünə dəymişdi. “Səbail”lilərin etirazına, yan xətt hakiminin müdaxilə istəyinə (hər halda, arenanın dəhlizində belə söhbət gəzirdi ki, Cəmil Quliyev guya baş hakimi yanına dəvət etdiyini, həmkarının isə ona qulaq asmadığını deyib) baxmayaraq, referi qərarını dəyişmədi. Əslində Cabbarovun iki mübahisəli qərarı da oldu. Oyunun əvvəlində Fəhmin Muradbəyliyə qarşı kobudluğu penalti kimi dəyərləndirməyən hakim hissənin ortalarında rəqibin cərimə meydançasında üzünə zərbə alan Federikoya qarşı qayda pozuntusuna da göz yumdu.
MİRAĞA