AFFA-nın Futbol Akademiyasının meydanında KİV əməkdaşları arasında təşkil olunan 3-cü “Media turniri”nə şənbə günü yekun vuruldu. Assosiasiyanın dəstəyi, İctimai Futbol Təşkilatları İB-nin təşkilatçılığı ilə baş tutan yarışın 7-ci turunun oyunları formal xarakter daşısa da, kifayət qədər maraqlı alındı. “MX United”ə qarşı görüşdə zəif təsir bağışlayan “Futbol+” meydanı məğlub tərk etdi - 1:7. Komandamızın yeganə qolunu ikinci hissədə Kənan Həsənov vurdu. Qalan oyunlar belə nəticələndi: “İnternasional” – “Partizan” 5:0, “Xəzər Lənkəran” – “CBC Sport” 5:0, “Bakı” – “İdman Azərbaycan” 0:3.
Beləliklə, sayca üçüncü, ilk dəfə dairəvi sistemlə keçirilən turnirin qalibi “İdman Azərbaycan” oldu. “CBC Sport” ikinci, “MX United” isə üçüncü yeri tutdu. Oyunlar başa çatdıqdan sonra komandalara mükafatlar təqdim olundu. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və İctimai Futbol Təşkilatları İB-nin prezidenti Elxan Tağızadə təqdim etdi. Rövşən Əhlimanoğlu turnirin ən yaxşı qapıçısı, İlqar Tağıyev isə ən yaxşı oyunçusu seçildi. Sərxan İbrahimoğlu 19 qolla ən məhsuldar oyunçu nominasiyanın qalibi oldu. “Feyr-pley” mükafatı “Bakı”nın kapitanı İbrahim Cəfərova təqdim olundu.
1. İdman Azərbaycan 7 7 0 0 41-9 21
2. CBC Sport 7 5 0 2 26-21 15
3. MX United 7 5 0 2 36-20 15
4. Xəzər Lənkəran 7 4 0 3 18-17 12
5. Futbol+ 7 2 1 4 17-33 7
6. Bakı 7 2 1 4 19-24 7
7. İnternasional 7 1 1 5 18-22 4
8. Partizan 7 0 1 6 9-38 1