Sizin reklam burada

Debütantdan çempiona gözlənilməz badalaq

Baxış Sayı:713

Debütantdan çempiona gözlənilməz badalaq
45. Qarabağ (Ağdam) – Sabah (Bakı) 1:1 (1:1)
12. Şahruddin Məhəmmədəliyev – 5,5
77. Vild-Donald Gerye – 5,0
52. Yakub Jezniçak – 5,5
4. Rahil Məmmədov - 4,5
30. Abbas Hüseynov – 5,0
21. Hacıağa Hacılı – 5,5
8. Miçel (k) – 5,0
17. Abdulla Zubir – 5,5
(11. Mahir Mədətov, 72) – 5,0
19. Filip Ozobiç – 6,0
10. Dani Kintana – 5,5
9. Araz Abdullayev – 5,0
(28. Con Delarj, 83) – qiymətsiz
Ehtiyat oyunçular
1. Hannes Halldorsson
13. Vaqner Da Silva
2. Qara Qarayev
5. Maksim Medvedev
6. Simeon Slavçev
14. Rəşad Sadıqov
18. İsmayıl İbrahimli
25. Ansi Aqolli
55. Bədavi Hüseynov
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Filip Ozobiç

30. Saşa Stamenkoviç – 6,0
25. Vanderson Silva – 5,5
13. Filip İvanoviç – 5,5
32. Elvin Yunuszadə - 5,5
21. Novruz Məmmədov – 5,0
15. Erik Ramos – 5,5
4. Tərzin Cahangirov – 5,0
(6. Vadim Abdullayev, 75) – 5,0
11. Elgün Nəbiyev – 5,5
22. Miloş Bosançiç – 5,0
(33. Eltun Turabov, 67) – 5,0
19. Məqsəd İsayev – 5,0
(77. Şakir Seyidov, 80) – qiymətsiz
10. Cavid İmamverdiyev (k) – 5,5
Ehtiyat oyunçular
1. Tərlan Əhmədli
12. Zahid Mərdanov
2. Ülvi İbazadə
3. Elvin Bədəlov
7. Vitali Kvaşuk
14. Tural Qürbətov
27. Bəxtiyar Soltanov
97. Emil Qasımov
Baş məşqçi: Elşad Əhmədov
Komandanın ən yaxşısı: Saşa Stamenkoviç
Qollar: E.Nəbiyev, 44 (0:1, C.İmamverdiyev). Y.Jezniçak, 45+1 (1:1, D.Kintana).
Vərəqələr: A.Abdullayev, 45+1 (hakimin qərarına etiraz). V.Silva, 59 (qeyri-idman hərəkəti). N.Məmmədov, 60 (qeyri-idman hərəkəti). Y.Jezniçak, 60 (qeyri-idman hərəkəti). E.Ramos, 81 (qeyri-idman hərəkəti). F.Ozobiç, 90+5 (hakimin qərarına etiraz) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov (hamısı Bakı).
Hakim-inspektor: Kərim Ağayev (Bakı).
AFFA nümayəndəsi: Eldəniz Musayev (Bakı).
24 noyabr. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 700 tamaşaçı (31200 yerlik).
Birinci hissəyə 2, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Yığmanın Kosovoya faciəvi nəticə ilə məğlub olmasından sonra “Qarabağ”ın yerli futbolçularının matça necə köklənəcəyi sual altında idi. Həm psixoloji, həm də fiziki yorğunluğu nəzərə alan Qurban Qurbanov Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Qara Qarayev və Mahir Mədətova start heyətində yer verməmişdi. Əvəzində Kintana təxminən üçaylıq fasilədən sonra rəsmi oyunda yenidən yaşıl meydana ayaq basmışdı.
Bu mənada “Sabah”ın işləri də qaydasında deyildi. “Tələbələr”in aparıcı üzvlərindən Marko Deviçlə Elşən Abdullayev zədə səbəbindən oyunu kənardan izləmək məcburiyyətindəydisə, Bəxtiyar Soltanovla Vitali Kvaşukun “11-lik”də olmaması maraq doğururdu.
Ötən tur “Neftçi”ylə xal fərqini 3-ə endirən ağdamlılar qış fasiləsinə birinci pillədə yollanmaq üçün növbəti qələbəsini qazanıb, “ağ-qaralar”ın “Səbail”lə qarşılaşmada xal itirməsini arzulamalıydı. Lakin “Sabah”ın heyətində “Neftçi”nin “qızıl” dönəminin bir neçə üzvünün - Cavid İmamverdiyev, Erik Ramos, Saşa Stamenkoviç, Məqsəd İsayev, Elvin Yunuszadə - oynaması görüşə marağı artırırdı. Yeri gəlmişkən, Elvinin ilk dəfə “Sabah”ın formasında meydana çıxdığını qeyd edək.
Matçın heç-heçə başa çatmasına görə Stamenkoviçi qəhrəman kimi göstərməliyik. Serbiyalı qapıçı 8-ci dəqiqədə Kintana ilə üzbəüz qaldığı epizodda özünü zərbənin qarşısına atıb komandasını qoldan xilas etdi. İkinci hissədə isə Zubirlə Ozobiçin uzaqdan zərbələrinə əla reaksiya göstərməklə alqış qazandı. Buraxılan qolda Saşanı günahlandırmaq çətindi. Kintananın uzaq küncə göndərdiyi topu Novruzun diqqətindən yayınan Jezniçak tora qovuşduranda qapıçının kobud nöqsanı nəzərə çarpmadı.
Meydana ənənəvi əks-hücum taktikası ilə çıxan qonaqlar istəyinə məhz bu yolla çatdı. Cavid topu müdafiənin arxasına atdı, Rahilin kobud səhvindən yararlanan Elgün Şahruddinə şans tanımadı. “Köhlən atlar” oyunda diqtə edən tərəf idi, bu öz yerində. Lakin xətlərarası əlaqənin istənilən səviyyədə olmaması, xüsusən də rəqibin sıx müdafiəsini yara bilməmələri yekun nəticədə özünü göstərdi. Cərimə meydançasına daxil olmaq sarıdan əziyyət çəkən ağdamlılar ümidini qapı qarşısına asmalara və uzaqdan zərbələrə bağlayınca, inamlı oynayan rəqib qapıçı və müdafiəçilər topun qapıdan keçməsinə imkan vermədi. Yekunda tərəflər meydanı 1 xalla tərk etdi ki, bu, daha çox debütantın işinə yaradı. “Sabah” ilk dövrədə də “Qarabağ”a badalaq vurmağa yaxın idi. Lakin Emeqara ilə Delarj meydana çıxandan sonra son 8 dəqiqəyə 2 qol vurmaq mümkün olmuşdu. Bu dəfə qələbə topunu vurmaq mümkün olmayınca, çempion həm sabiq, həm də indiki “Neftçi”lilərin üzünü güldürdü.

Gözdən qaçmadı…
* Oyundan əvvəl son vaxtlar münasibətlərinin isti olmadığı deyilən AFFA-nın baş katibi Elxan Məmmədovun Qurban Qurbanovla qaçış zolağında xeyli söhbət etməsi, heç şübhəsiz, “gözlərdən pərdə asmağa” hesablanmışdı. Əsasən “Neftçi”ylə “Səbail”in matçlarında görməyə alışdığımız Məmmədovun bu dəfə “Qarabağ”ın oyununda peyda olub, həm də hər kəsin gözü önündə baş məşqçiylə danışması qınaq dalğasını yatırmaq üçün idi. Belə olmasaydı, “Qarabağ”ın “feysbuk” səhifəsi məlum durumu izləyicilərinə bəh-bəhlə təqdim etməzdi.
* “Sabah”ın qolundan bir neçə saniyə əvvəlki epizodda rəqibin Ozobiçə qarşı kobud oynadığı göründü. Hakim oyunu davam etdirincə, “tələbələr” qol vurdu. Bu məqam ehtiyat oyunçular skamyasındakıları özündən çıxardı. Öncə Elçin Rəhmanov, ardınca Rəşad Sadıqov dördüncü hakimə yaxınlaşıb iradlarını bildirdilər.
* İkinci hissənin gedişində Marko Deviç media sektorunda göründü. Oyunu “Qarabağ”ın ehtiyat oyunçular skamyasının arxasında izləyən təcrübəli forvard tələsik addımlarla isinmə hərəkətləri edən komanda yoldaşlarına yaxınlaşdı. Fiziki hazırlıq üzrə həmyerlisi olan məşqçini yanına çağırıb, meydandakı düzülüşlə bağlı nələrisə izah edirdi. Çox güman, həm də kateqoriya kurslarında iştirak edən Deviçin məsləhəti Elşad Əhmədov üçün idi. Və çox keçmədən Eltun Turabov oyuna qoşuldu.
* Stadionun diktoru Ramiz Qafarov əvəzetmələri diqqətə çatdırsa da, nədənsə vurulan qollarla bağlı elan vermədi.
* Hakimin final fitindən dərhal sonra 20-yə yaxın azyaşlı azarkeş meydana çıxdı. Mühafizəçi və polislərin uşaqların dalınca düşməsi lazımi effekti verməsə də, gülməli mənzərə idi.
HƏBİB

Oxşar xəbərlər
SON XƏBƏRLƏR