Rüstəm Fətəliyev klubdakı işindən ayrıldı
Yığmalara görə fasilə başa çatdı və diqqətlər yenidən ölkə çempionatlarına yönəldi. "Neftçi" premyer-liqanın 12-ci turu çərçivəsində "Səbail"in qonağı olacaq. Artıq "ağ-qaralar"ın milli komandaların düşərgəsində olan futbolçuları da qayıdıb. Yalnız iki nəfər fərdi məşq edir. Bunlar Ruslan Abışovla Məhəmməd Mirzəbəyovdu. Abışovun uzun müddətdən sonra hazırlıq keçdiyini də qeyd edək.
Yadınızdadısa, "Neftçi"də baxışda futboıçu vat idi. Söhbət qvineyalı Mamadu Kanedən gedir. 21 yaşlı Kane mərkəz yarımmüdafiəçisi idi. Qvineyanın “Kaloum Star” klubunun üzvü olan futbolçu bu ölkənin 20 yaşadək millisinin formasını geyib və dünya çempionatında iştirak edib. Qeyd edək ki, məşqçilər korpusu oktyabrın ortalarından etibarən məşqlərə qoşulan afrikalı futbolçu haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacağı deyilmişdi. Görəsən, Kanenin taleyi necə oldu? Onun performansı "Neftçi"nin məşqçilər korpusunu qane edib? Sualları paytaxt klubunun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyevə ünvanladıq: "Futbolçunun vizasının müddəti "Zirə" ilə oyundan sonra bitirdi. Elə baxışda olması nəzərdə tutulan vaxt da başa çatdı. Bundan sonra öz ölkəsinə qayıtdı. Hələ ki baş məşqçi konkret qərar verməyib. Çalışdırıcının futbolçu ilə bağlı qərarını gözləyirik. Bütün məşqləri çəkilirdi, testlər verdi. Bunların nəticəsinə əsasən baş məşqçi qərar verəcək. Qərar nə olsa, ona uyğun addım atacağıq və ictimaiyyətə məlumat verəcəyik".
Yeri gəlmişkən, "Neftçi"də daha bir ayrılıq gerçəkləşib. Söhbət klubun Üzvlük və Rəqəmsal Marketinq üzrə meneceri Rüstəm Fətəliyevdən gedir. Bu haqda Fətəliyev "feysbuk" səhifəsində yazıb. Həmkarımız bundan sonra "Park Cinema" kinoteatrlar şəbəkəsində çalışacaq. Onun gedişi ilə bağlı da Allahverdiyevin fikirlərini öyrəndik: "Fətəliyev artıq gələn ayın 1-dən klubdan ayrılır. Ona başqa bir yerdən iş təklifi gəlib. Biz "Neftçi" olaraq Fətəliyevin getməsini heç istəməzdik. Ən dəyərli işçilərimizdən biri idi. Onun köməyinə, işinə böyük ehtiyacımız vardı. Ancaq təəssüf ki, daha yaxşı təklif aldı və onu dəyərləndirmək qərarına gəldi. Onun qərarına hörmətlə yanaşırıq və yeni işində uğurlar arzulayırıq. İnanırıq ki, Fətəliyev daim "Neftçi"nin yanında olacaq. Hər zaman qapımız ona açıqdı. Hələ ki dekabrın 1-nə qədər işinin başlndadı. Ancaq onun əvəzinə yeni birini gətirməyi düşünürük".
Sonda daha bir informasiyanı diqqətinizə çatdıraq. Əldə etdiyimiz məlumata görə, "Neftçi" bugünlərdə daha bir şirkətlə sponsorluq müqaviləsi imzalayacaq. Həmin şirkətin adını dəqiqləşdirmək və müqavilənin detallarını öyrənmək istəsək də, Rüstəm bəy bunları dedi: "Bu günə elə bir şey nəzərdə tutulmayıb. Bu məsələdə hələ ki sakitlikdi".
FARİZ