Millətlər Liqası ilə bağlı xəyallar suya düşəndən sonra indi də futbolsevərlər səbirsizliklə dekabrın 2-ni gözləyir. Belə ki, həmin gün İrlandiyanın paytaxtı Dublində AÇ-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Adətən, belə tədbirdə federasiya rəsmiləri ilə yanaşı, yığmaların baş məşqçiləri də iştirak edir. Çünki püşkün ardından təqvim müzakirə olunur, səfər məsələləri saf-çürük edilir. Maraqlıdı, Qurban Qurbanov Dublinə gedəcəkmi? Nəzərə alaq ki, püşkatma təcrübəli mütəxəssis üçün heç də münasib olmayan gündə reallaşacaq. Axı dekanrın 2-də Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” premyer-liqanın 13-cü turu çərçivəsində “Keşlə” ilə üz-üzə gələcək. Oyunla püşkatmanın eyni gündə olması Qurbanovun İrlandiya səfərini sual altına qoyur. Bəlkə də çalışdırıcı çempionat matçını köməkçilərinə həvalə edib, özü püşkatmaya qatıldı. Yadınızdadısa, bu il yanvarın 24-də Millətlər Liqasının püşkatmasında AFFA rəsmiləri ilə yanaşı, Qurbanov şəxsən iştirak etmişdi. Özü də UEFA-da belə bir təcrübə var ki, qitə futbol qurumu heyət müəyyənləşdirir və həmin heyəti dəvət edir. Bundan başqa, həmin ərəfədə media, yarışların təşkili ilə bağlı müxtəlif seminarlar da təşkil olunur. Elə tədbirlər zamanı müəyyənləşdirilən heyətin iştirakı mütləq olur.
Bu dəfə Dublinə kimin gedəcəyini AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulladan soruşduq: “Hələ ki püşkatmaya gedəcək heyət məlum deyil. Məlum olan kimi sayta qoyacağıq”.
FARİZ