
Kamran Quliyevin cavabını gözləyirlər
AFFA-nın yanında Klublar Komitəsi yarananda, qurum rəhbərliyi bunu ictimaiyyətə böyük hadisə kimi təqdim edib, daha bir uğurlu layihə olacağını söyləmişdi. İnsafən, komitə yarandığı ilk vaxtlarda çox məhsuldar işləyir, demək olar ki, hər ay bir araya gəlib müəyyən məsələləri müzakirə edirdi. Klublar Komitəsi qanunverici orqan olmasa da, ən azı elita təmsilçilərinin rəsmiləri qurumun iclaslarında onları narahat edən problemlərlə bağlı fikir mübadiləsi aparır, aradan qaldırılması yolları haqda düşünürdülər.
Ancaq nədənsə 2018/19 mövsümündə Klublar Komitəsinin bir toplantısı belə keçirilməyib. Məsələ ilə bağlı sonuncu dəfə komitənin katibi Zaur Hacı-Məhərrəmovla danışdıqda, “yığmaların oyunları başa çatandan sonra Klublar Komitəsinin iclası olacaq” söyləmişdi. Artıq həm əsas milli, həm U-21, həm də U-17 və U-19 üçün il başa çatıb. Buna baxmayaraq, komitə üzvləri yenə bir araya gəlməkdə maraqlı görünmürlər.
Problemin nədən qaynaqlandığını bilmək üçün dünən yenidən Zaur bəylə danışdıq. O komitə sədri Kamran Quliyevdən cavab gözlədiyini vurğuladı: “Bu yaxınlarda Kamran Quliyevlə əlaqə saxlayıb, Klublar Komitəsinin iclasının vaxtı ilə maraqlandım. Yaxın günlərdə tarixi açıqlayacağını bildirdi. Hələ ki Kamran müəllimdən bir xəbər yoxdu. Buna görə də komitənin toplantısı ilə bağlı sizə ətraflı heç bir məlumat verə bilməyəcəm”.
RƏŞAD