Sizin reklam burada

Firdovsi Umudov xəbərdarlıq etdi

Müəllif: football Tarix: 22-11-2018, 19:29 642 Baxış
Firdovsi Umudov xəbərdarlıq etdi
“Yığmada heç kimə güzəşt olunmayacaq, heç kimin nazı ilə oynanılmayacaq”
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında uğurlu çıxış edən sərbəst güləş yığmamız srağagün vətənə qayıdıb. Heydər Əliyev Beynəlxalq Hava Limanında yığma üzvləri üçün təntənəli qarşılama mərasimi təşkil olunub. Baş məşqçi Firdovsi Umudov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında mundialda 3 medal qazanan komandamızı federasiya rəsmiləri, yeniyetmə və gənc güləşçilər, eləcə də media nümayəndələri qarşılayıb.
Firdovsi Umudov brifinqdə bunları deyib: "Hər bir azərbaycanlı kimi, ölkəmizin bayrağı qalxanda biz də sevinirik. Yığmanın baş məşqçisi olaraq mənim üçün ikiqat sevindirici haldı. Uşaqlar da sağ olsun ki, bütün potensiallarını ortaya qoydular. Bir qızıl, bir gümüş və bir bürünc medal qazandıq. Dünya çempionumuz Şamil Zubairov müəyyənləşdirdiyimiz taktikanı sonadək dəqiq yerinə yetirdi. Əli Rəhimzadənin finaldakı yapon rəqibi olimpiya mükafatçısı olsa da, onu qələbəyə kökləmişdik. Minimal hesabla güclü rəqibinə uduzdu. Düzdü, burda hakimlərin də qeyri-obyektivliyi oldu. Murad Süleymanov isə yarımfinaladək özünü çox inamlı göstərdi. Ancaq yarımfinalda son Avropa çempionu, rusiyalı Artur Nayfonovla görüşdə 4:1 öndə olsa da, sonradan inamsızlığı üzündən qələbəni əldən verdi. Ümumilikdə qazandığımız medallarla Azərbaycanın yenə idman ölkəsi olduğunu isbat edə bildik. Bu il həm gənclər, həm də U-23-lər arasında dünya çempionumuz oldu. Bütün bunlar idmana dövlət qayğısının olduğunu göstərir.
Güləşçilərdə məsuliyyət həddən çox idi. Məsələn, ilk görüşdə Murad Süleymanov erməni güləşçisi ilə qarşılaşanda 9:0 öndə idi. Amma onda həddən artıq məsuliyyət olduğu üçün bir qədər gərginlik vardı və rəqibə 7 xal verdi. Düzdü, sonradan psixoloji yöndə tapşırığımıza əməl edərək 10:7 hesabı ilə qalib gəldi. Eləcə də Şamil Zubairov finaldakı rusiyalı güləşçi ilə iki il əvvəl qarşılaşmışdı. Həmin videoya baxıb, rəqibi təhlil etmişdik. Onun qələbəsi məni hədsiz sevindirdi. U-23-lər arasında Avropa çempionluğundan sonra dünya çempionu da oldu.
97 kq-da favoritlərdən sayılan Nurməhəmməd Hacıyev ailə problemlərinə görə son anda dünya çempionatında iştirak edə bilmədi. Gecə saatlarında ona zəng gəldi və evinə qayıtmalı oldu. Bu üzdən Rumıniyaya onsuz yola düşdük və həmin çəki dərəcəsində idmançımız olmadı. 74 kq-da mübarizə aparan İsmayıl Abdullayev də medal qazana bilərdi. Amma 1/4 finalda yerli idmançı ilə mübarizə zamanı hesab 2:2 olarkən zədələndi və görüşü yarımçıq tərk etdi. Daha sonra zədəsi onun təsəlliverici yarışa da qatılmasına imkan vermədi. Ancaq bu qismətdi. Zədələrdən heç bir idmançı “sığortalanmayıb”. Buna hazır olmaq lazımdı.
Bu güləşçilərin 20-21 yaşı var. Biz hər zaman gənclərə üstünlük verməyə çalışırıq. Federasiyamızın rəhbəri Namiq Əliyev də daha çox gənclərin potensialından istifadə edilməsində maraqlıdı. Hər çəkidə artıq rəqabət yaranır. Bildiyiniz kimi, bizdə 65 kq-da yeniyetmələrin olimpiya çempionu var. Bu çəkidə bizim üçqat dünya çempionumuz Hacı Əliyev, Turan Bayramov və Əli Rəhimzadə rəqabət aparacaq. Ölkə çempionatına əsasən milliyə hansı idmançının düşməsini müəyyənləşdirəcəyik. Düzdü, ölkə çempionu olmaq da hələ onun dünya və Avropa çempionatlarında millimizi təmsil etməsi anlamına gəlməyəcək. Biz onları beynəlxalq turnirlərdə sınayacağıq. Açığı, yığmada heç kimə güzəşt olunmayacaq, heç kimin nazı ilə oynanılmayacaq. Kim nizam-intizama əməl etsə, həmin güləşçilər də beynəlxalq yarışlarda iştirak edərək 2-ci Avropa Oyunları və Tokio Olimpiadasında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək. Bəziləri deyir ki, dünya çempionatına filan idmançını apar, o da iştirak etsin. Biz kiminsə xahiş, istəyi ilə hərəkət etmirik. Dünya çempionatı mötəbər turnirdi, hansısa adi beynəxalq yarış deyil".
Dünya çempionu Şamil Zubairov (92 kq) qələbəsini belə şərh edib: “Dünya çempionatında beş görüş keçirdim. Baş məşqçim Firdovsi Umudovla qızıl medal qazanmaq üçün hər şeyi etdim. Finalda Şimali Osetiyadan olan rəqibimi məşqçilərlə birgə təhlil etdik və bunun nəticəsində qalib gəldim. İndi isə növbədə dekabrda keçiriləcək Azərbaycan çempionatıdı”.
Gümüş medalçı Əli Rəhimzadənin (65 kq) təəssüratı belə olub: “Bildiyiniz kimi, dünya çempionatında güclü rəqiblər olur. Bu yarışa hazırlaşmaq üçün 5-6 təlim-məşq toplanışı keçmişdik. Finalda yapon idmançı ilə qarşılaşdım. Çox gərgin görüş keçdi. Rəqibim çox təcrübəli idi. Bu görüşdə məşqçilərin verdiyi taktikanı düzgün yerinə yetirə bilmədiyim üçün məğlub oldum. İnşallah, çalışacam ki, gələcəkdə bu gümüş medalı qızılla əvəzləyim. Mənə dəstək olan bütün insanlara təşəkkürümü bildirirəm”.
Dünya üçüncüsü Murad Süleymanov (86 kq) isə çıxışı haqda bu fikirləri səsləndirib: “İlk görüşüm erməni güləşçiylə idi. Rəqib erməni olduğu üçün onunla güləşəndə həyəcanım vardı. Amma sonda ona qalib gəldim. Bürünc medal uğrunda görüşdə isə kanadalı idmançını məğlub etdim. Çəkimi dəyişmək fikrim yoxdu. İstəyirəm ki, daha yaxşı nəticə verib elə bu çəki ilə Olimpiadada təmsil olunum”.
SON XƏBƏRLƏR