Sizin reklam burada

Yığma Priştinada rüsvay oldu

Baxış Sayı:775

Yığma Priştinada rüsvay oldu
Millətlər Liqası
D liqası, 3-cü qrup
246. Kosovo – Azərbaycan 4:0 (1:0)

12. Ariyanet Muriç
17. Benyamin Koleli
3. Fidan Aliti
13. Amir Rrahmani
15. Mergim Voyvoda
5. Herolind Şalya
6. Hekuran Kryueziu
10. Arber Zeneli
14. Valon Berişa (k)
(8. Besar Halimi, 85)
7. Milot Raşitsa
(22. Edon Jeqrova, 74)
18. Vedat Muriqi
(21. Atde Nuhiu, 69)
Ehtiyat oyunçular
1. Samir Uykani
16. Visar Bekay
2. Arbenit Cemayli
4. İdriz Votsa
9. Şkelkim Demhasay
11. Donis Avdiyay
19. Leart Pakyarada
20. Mirlind Kryueziu
23. Lirim Kastrati
Baş məqşqçi: Bernar Şalland

23. Səlahət Ağayev
21. Təmkin Xəlilzadə
5. Maksim Medvedev (k)
6. Bədavi Hüseynov
4. Pavel Paşayev
2. Qara Qarayev
20. Riçard Almeyda
7. Araz Abdullayev
(10. Ruslan Qurbanov, 71)
13. Dmitri Nazarov
17. Mahir Mədətov
(9. Mirabdulla Abbasov, 63)
16. Rüfət Dadaşov
(22. Əfran İsmayılov, 46)
Ehtiyat oyunçular
1. Şahruddin Məhəmmədəliyev
12. Emil Balayev
3. Ürfan Abbasov
8. Emin Mahmudov
11. Ramil Şeydayev
14. Rahid Əmirquliyev
15. Cavid İmamverdiyev
18. Şəhriyar Əliyev
19. Rahil Məmmədov
Baş məşqçi: Qurban Qurbanov
Qollar: A.Zeneli, 2 (1:0). A.Zeneli, 5 (2:0). A.Rrahmani, 61 (3:0). A.Zeneli, 76 (4:0).
Vərəqələr: D.Nazarov, 11. A.Abdullayev, 45. F.Aliti, 59. T.Xəlilzadə, 60 - sarı.
Hakimlər: BENUA MİLLOT, Medi Ramuni, Bertran Juannu, Benjamen Pajes, Frank Şnayder, Kərim Abed (hamısı Fransa).
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya).
UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya).
20 noyabr. Priştina. “Fadil Vokri” stadionu. 12532 tamaşaçı.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.

10 (5) qapıya ("çərçivə"yə) zərbə 8 (2)
2 korner 5
2 ofsayd 2
16 qayda pozuntusu 13
1 vərəqə (qırmızı) 3

Hər kəs çərşənbə axşamı saat 23.45-i səbirsizliklə gözləyirdi. Yığma üçün “ya davam, ya tamam” anı idi. Ölkə futbolu adına ən vacib qarşılaşmalardan birində millini yalnız qələbə qane edirdi. Qurban Qurbanovun yetirmələrindən Priştinada qəhrəmanlıq gözləyirdik. Bir sıra məqamlar Kosovonun xeyrinə olsa da, yığmanın səfərdə xarakter göstərəcəyinə ümid edirdik. Qazanılacaq mümkün qələbə təkcə yarımfinala adlamaq yox, həmçinin Azərbaycanda bu idman növünün boş-boşuna mövcud olmadığını təsdiqləmək baxımından önəmli idi. Hədəf bəlli idi: qalib gəl, qəhrəman ol. Hə, oyundan öncə himnimizi fitə basan yerli fanatlara da tutarlı cavab olardı qələbə. Ən azı bu məqam futbolçularımızı daha aqressiv, daha istəkli olmağa sövq etməliydi. Lakin...
Qurbanov Farer adalarına qarşı güvəndiyi “11-lik”də cəmi bir dəyişiklik etmişdi. Zədəli Kamran Ağayevin yoxluğunda, gözlənildiyi kimi, “çərçivə”də Səlahət idi. Qalan mövqelər üzrə bölgü isə olduğu kimi saxlanılmışdı. Yeri gəlmişkən, rəqibin qapısını Muriçin qoruması da xüsusi qeyd edilməlidi. Şallandın belə önəmli matçda təcrübəli Uykaniyə şans verməməsi, onu debütantla əvəzləməsi sürpriz idi.
Meydan sahibləri yığmanın oyuna necə hazır olduğunun qiymətini artıq 2-ci dəqiqənin əvvəlində verdi. Qaradan sıyrılan Koleli cərimə meydançasının daxilində olan Zeneliyə ötürmə etdi. Sonuncu Riçarddan yayınıb uzaq küncə qarşısıalınmaz zərbə endirdi. Nə Almeyda ona mane olmağa cəhd göstərdi, nə də Səlahət topu qaytarmaq iqtidarında idi. Təbii, debütdə belə qol buraxan komandanın necə hazırlaşdığı, baş məşqçinin futbolçuları necə motivasiya etdiyi sual doğurur. Qurbanovun komandasının dərhal irəli atılacağını, “status-kvo”nu bərpa etmək üçün əzmkarlıq göstərəcəyini gözləsək də, tam əksinin şahidi olduq. Futbolçuların meydanda nə etdiyini anlamaq çətin idi. Yığma futbol adına heç nə göstərmirdi. Millinin ifasında qapı istiqamətində ilk vuruşa 25-ci dəqiqədə şahidlik etdik. Nazarovun uzaq məsafədən bəxtini sınamaq cəhdini zərbə xatirinə zərbə kimi qiymətləndirmək daha doğru olar. Halbuki cəmi 5 dəqiqə sonra Berişa daha təhlükəli epizod yaratdı. Bizimkilər isə mənasız şəkildə qazon üzərində gəzişirdi. Yaxşı ki, ilk yarıda Bədavi müdafiədə pis təsir bağışlamadı. Əks halda, Kosovo fasiləyə qədər hesab arasındakı fərqi daha da artıracaqdı. Nəhayət, 41-ci dəqiqədə Riçardın uzaqdan zərbəsi bir qədər təhlükəli alınsa da, MS-nin qolkiperi topun tora qovuşmasına imkan vermədi. Dərhal “kürə”ni ələ keçirən Araz qapını nişan almayıb, mərkəzə meyillənsəydi, daha yaxşı mövqeyə çıxacaqdı. Ancaq hardadı bizim oyunçularda o futbol savadı?! Abdullayev dərhal “çərçivə”ni nişan aldı ki, “mərmi” toru yandan silkələdi. Hissənin sonuna yaxın Berişanın əla ara ötürməsi zamanı Kolelinin fərqlənməsinə Maksim imkan vermədi.
Fasilədən sonra yığmanın toparlanacağına, daha məntiqli oyun sərgiləyəcəyinə ümid edirdik. Həmçinin Qurbanovun azı iki dəyişiklik edəcəyini gözləyirdik. Çalışdırıcı isə yalnız bir əvəzetmə etmişdi. İlk yarıda meydanda varlığı ilə yoxluğu bilinməyən Rüfəti Əfran əvəzlədi. Ola bilər, Qurbanov İsmayılovun qeyri-adi nəsə yarada biləcək futbolçulardan biri olduğuna inanaraq onu meydana buraxdı. Bununla belə, Əfranın Dadaşovdan heç bir fərqi olmadı. Artıq 50-ci dəqiqədə hesab 2:0 idi. Muriqi bizimkilər üçün əsl futbol dərsliyi sayılacaq ara ötürməsi ilə Zeneliyə dubl etmək imkanı yaratdı. “Herenven”in hücumçusu isə fürsəti qaçırmadı. Həmin epizodda Paşayevin səhvini də qeyd etməliyik. Ümumiyyətlə, Pavel bu görüşdə ən zəiflərdən biri idi, kosovolular onun cinahını “su yoluna döndərmişdi”. Yığma isə biabırçı oyununu davam etdirirdi. Öz futbolçularımızın onsuz da potensialını bilirik. Necə deyərlər, “pir bizimdi, kəramətinə bələdik”. Lakin Nazarov, Almeyda və Paşayevin çıxışına ad vermək çətindi. Ayaqlarını sürüyən bu futbolçuların nə etmək istədiyini anlamaq mümkün deyildi. 61-ci dəqiqədə Kosovo hesabı darmadağın həddinə çatdırdı. Koleli qapı önünə asma etdi, top Bədavini aşdı, Paşayevin mane ola bilmədiyi Rrahmani başla növbəti qolu yığmanın qapısından keçirdi.
Qurbanov 3-cü qoldan sonra Mirabdullanı döyüşə atdı. Abbasov meydana çıxandan az sonra yaxşı fürsət yaxaladı, ancaq topu qapıçının ayaqları arasından tora qovuşurmaq cəhdi uğursuz alındı, Muriç qola imkan vermədi. Heç Ruslanın da şans qazanması irəli xətdə hansısa fərq yaratmadı. Əksinə, 76-cı dəqiqədə meydan sahibləri daha bir qol vurdu. Hekuranın uzun ötürməsindən sonra Zeneli bir hərəkətlə Paşayevi aldadıb uzaq küncü dəqiq nişan aldı. Əslində Şallandın yetirmələri daha böyük fərqlə qalib gələ bilərdi. Ancaq bəzi epizodlarda qeyri-dəqiqlik nümayiş etdirmələri buna mane oldu.
Beləliklə, yığma “Fadil Vokri” stadionunda ən zəif oyunlarından birini keçirməklə milyonların gözü önündə biabır oldu. Nə məşqçi işi göründü, nə də futbolçularda xarakter. Bir sözlə, milli Priştinada rüsvay oldu. İstər nəticə, istərsə də sərgilənən oyun baxımından. Kosovo isə yığmanı əzməklə Millətlər Liqasının yarımfinalına kimin daha layiq olduğunu göstərdi.
FARİZ

Reaksiyalar
Maksim Medvedev: “Matça yaxşı hazırlaşmışdıq. Çox yaxşı əhval-ruhiyyəmiz vardı. Meydana nikbin çıxdıq. Bəli, heç kim gözləmirdi ki, ilk qolu belə tez buraxacağıq. Yenə də öz səhvimizdən qapımızda top gördük. Belə götürəndə, məşqdə bu cür vəziyyətlər üzərndə işləyirik. Ancaq yenə də hansısa diqqətsizlik bizi pis vəziyyətə qoyur. Çox erkən qol buraxmağımız rəqibə döyüşkən əhval-ruhiyyə verdi. Onlar bizə 2-ci qolu vurmağı daha böyük istəklə arzulayırdılar. Sonda buna artıqlaması ilə nail oldular. Əlbəttə, hər şeyə hazır idik. Təəssüf ki, futbolçularda bu gün diqqətsizlik, az konsentrasiya vardı. Bu bir səbəbdi. İkincisi, baş məşqçinin göstərişlərini tam yerinə yetirə bilmədik. Üçüncüsü də 60-cı dəqiqədən sonra komandanın necə yorğun olduğu görünürdü. Nəticədə kosovolulara heç cavab verə bilmirdik. Görünürdü ki, bəzi mövqelərdə boşluqlar var və meydanda açıq futbol getməyə başladı. Onu demək olar ki, Kosovo bu gün çox yaxşı idi. Rəqibin ilk dəqiqələrdən pressinq etməsinə gəlincə, bunu təhlil etmişdik və bilirdik. Özümüz də yüksək pressinq etmək istəyirdik, onlar da. Bizim futbolçuları dərhal bağlayırdılar və ona görə risk edə, mərkəzə ötürmələr verə bilmirdik. Bu üzdən daim topu irəli çıxarırdıq ki, bu da oyunumuzu "sındırırdı". Biz də yüksək pressinqlə onların oyununu "sındırmağa” çalışırdıq. Ancaq fərdi keyfiyyətlərdə görünürdü ki, rəqib yaxşı hazırlaşıb. Futbolçularının fərdi oyun keyfiyyətlərinin yüksək olduğunu gördük. Buna görə nə deyəsən? Deyə bilmərəm ki, rəqibin heyətində çıxış edən oyunçular fərdi qaydada güclüdülər. Sadəcə, bu gün o komandada hər şey alınırdı, biz isə hücumların çoxunu yekunlaşdıra, sakitcə onların qapısına çata bilmirdik. Necə ki, Farer adalarıyla matçda bunu etmişdik. Başlıca problemi bunda görürəm”.
Qara Qarayev: “Oyunun əvvəlində buraxdığımız qol rəqibə daha çox güc verdi. Qələbədən başqa heç-heçə və məğlubiyyət bizi növbəti mərhələdən məhrum edirdi. İkinci dəqiqədə qol buraxmaq bütün planlarımızı alt-üst etdi. Rəqib daha motivasiyalı oynamağa başladı. Həmin qoldan sonra Kosovo daha çox qapanmağa başladı. Hesabda da irəlidə idi. Azarkeşlərin önündə daha motivasiyalı oyun sərgiləməyə başladılar. İlk buraxdığımız qol rəqibin daha yaxşı oynamasına gətirib çıxardı. Biz də konsentrasiyamızı itirdik. Özümüzə gələndə isə artıq çox gec idi. Danışılacaq heç nə yoxdu. Həqiqətən hər şey göz qabağında idi. Kosovonun oyunçularının xaricdə yaxşı komandalarda oynadıqları hiss olunurdu. Güclü oyunçulara malikdilər. Bəlkə də qapımızda erkən qol görməsəydik, fərqli ola bilərdi. Azərbaycan himnini fitə basmaq yaxşı hal deyil. Bakıya gələndə xalqımız onları normal qarşılayıb. Biz siyasi məsələrdən asılı olmayaraq, kosovoluları yaxşı qarşıladıq. Etdikləri hərəkət öz adlarına problem olar. Dövlətini sevən adam başqa himnləri fitə basmaz. Onların bu hərəkəti bizi qıcıqlandırdı. Yenə təkrar edirəm: qolu çox tez buraxdıq. Biz daha səbirli və sakit oynamaq niyyətində idik. Oyunun sonlarına yaxın şanslar tapıb, onlardan yararlanmaq istəyirdik. Buraxdığımız qoldan sonra sanki hər şeyi itirdik. Heç-heçə də rəqibə sərf edirdi. Oyunun axırlarında 0:1 və ya 0:4 hesablı məğlubiyyətin heç bir fərqi yoxdu”.
Mergim Voyvoda: “Bu oyuna final qarşılaşması kimi yanaşdıq. Bilirdik ki, ağır görüş olacaq. Rəqibi yaxşı təhlil etdiyimizdən onlara fərqlənmək imkanı vermədik. Təbii ki, erkən qol da işimizə yaradı. Ancaq biz ilk qoldan sonra sakitləşmədik. Hesabı qorumağa çalışırdıq. Fasilədən sonra isə yaxaladığımız şanslardan maksimum istifadə etdik və layiqli qələbə qazandıq. Azərbaycan yaxşı komandadı. Onlara qarşı oynamaq bizim üçün çox çətin idi. Buna baxmayaraq, qarşıya qoyulan məqsədə çatdıq ki, buna görə çox şadam. Ümid edirəm ki, sonda divizionun qalibi kimi AÇ-2020-yə vəsiqə qazana biləcəyik. Çətin olacaq. Ancaq mən buna inanıram”.
Arber Zeneli: "Mənim Albaniya yığmasında oynamaq ehtimalım da var idi. Ancaq atama Kosovo millisinin uğurları üçün çalışacağıma söz verdim. Bu gün əsl komanda kimi “döyüşdük”. Uğurumuzun sirri də bundadı. Möhtəşəm oyun keçirdik. Özüm də daxil olmaqla, komanda yoldaşlarıma və bu zəfərdə yanımızda olan azarkeşlərimizə təşəkkür edirəm. Biz birlikdə əla nəticə əldə etdik. İndi növbəti çətin sınaqlardan keçməli olacağıq. Azərbaycan üzərində qələbə ilə göstərdik ki, istənilən rəqibi məğlub edə bilərik”.
Samir Uykani: “Komanda kimi formalaşmaqdan və nəticədən məmnunam. Azərbaycan bu qrupun favoriti idi. Amma komandamız hər gün özünəinamı artırdı. Bütün Kosovonu qələbə münasibətilə təbrik edirəm. Buna layiq olduğumuzu düşünürəm. İndi zəfəri qeyd etmək vaxtıdı. Uşaqlar fantastik oyun göstərdilər, böyük coşğuya layiqdilər. Muriçin Kosovonu seçməsinə və bizə qoşulmasına sevindim. Azərbaycan önündə də yaxşı idi. Muriçin varlığı millimizin səviyyəsini daha da artırır. O, Visarla birlikdə Kosovonun gələcəyidi. Önlərində 12-15 illik böyük karyera var. Onların gəlişi rəqabəti də artırdı. Fərdlərin necə oynaması yox, Kosovo yığmasının irəliləməsi önəmlidi. Kim yaxşı formadadısa, o da meydana çıxır”.
Haşim Taçi (Kosovo prezidenti): “Siz möhtəşəmsiz. Bizi qürurlandırdığınız üçün təşəkkür edirəm”.
Kadri Veseli (Kosovo parlamentinin spikeri): “Qəlbimiz sizinlədi. Kosovo övladları ilə fəxr edir”.
Ramuş Haradinay (Kosovonun baş naziri): “Qarşısıalınmaz, parlaq və ehtiraslı uşaqlarımız bu gün xəyalımızı gerçəkləşdirdi. Hər gün daha güclü, hər dəfə daha qürurlu oynayırlar”.
Kuytim Qaşi (Kosovonun idman naziri): “Futbolumuz tarix yazır. Kosovoya təbriklər”.
Vedat Muriqi: "Möhtəşəm, qeyri-adi hadisədi. İstədiyimiz hər şeyi meydanda etdik. 2020-ci ildə keçiriləcək pley-off oyunlarını səbirsizliklə gözləyirik. Ümid edirəm ki, yarımfinalı da arxada qoyacaq və Avropa çempionatına vəsiqə qazanacağıq. Artıq güclü komanda kimi formalaşmışıq. Ümid edirəm ki, azarkeşlərimizi qarşıdakı matçlarda da sevindirəcəyik”.
RƏŞAd hazırladı

Oxşar xəbərlər
SON XƏBƏRLƏR