“Yaxşı, bəs 0:4-də, qrupda qalmağımızda baş məşqçinin zərrə qədər də günahı yoxdu?”
Millinin Kosovo ilə vacib qarşılaşmada böyük hesabla uduzması sosial şəbəkələrdə də çox müzakirə olundu. İdman mediasının nümayəndələri bölüşdükləri statuslarda yığmanın uğursuz çıxşını sərt tənqid edərək, biabırçılığın səbəblərini üzə çıxarmağa çalışıblar.
Elnur Məmmədli (CBC Sport): “Məncə, hələ heç nə itirilməyib, AC-2020-nin seçmə mərhələsindən qitə çempionatına vəsiqə qazana bilərik”.
İbrahim Cəfərov (Futbolxəbər. az): “Qurban Qurbanovu tənqid etməyə duxu (yumşaq desək) çatmayanlar AFFA və Elxan Məmmədovu "sürüyür". Ok, çempionatımız bezdarnıdı, futbolumuz inkişaf etmir, baş katib işinin öhdəsindən gələ bilmir və s. Yaxşı, bəs 0:4-də, qrupda qalmağımızda baş məşqçinin zərrə qədər də günahı yoxdu? Azərbaycan dünyada yeganə ölkədi ki, millinin biabirçı nəticəsinə görə baş məşqçidən qabaq baş katib tənqid olunur. Canım ay Lissabon, canım ay London...”.
Mirbağırağa Cəfəri (Azerisport.com): “Bir futbolçu çıxıb demir ki, nəticəyə görə üzr istəyirik xalqımızdan. Ki, onları vaxtından əvvəl qocaltdıq, onların olan dərdlərinin üzərinə bir dərd də qoyduq. Elə hamısı bəhanələrdən danışır. Erkən qol buraxdıq, sındıq, neynədik. Bəs İsveçrə neynəsin onda? Dünya reytinqində birinci olan Belçikadan ikisini buraxıb, sonra beşini vurdular. Elə ən səmimi sözləri Qurban Qurbanov deyib. Həqiqətən Azərbaycan millisi dünyanın ən zəif yığmasıdı. Reytinqdəki yerindən asılı olmayaraq. Adicə futbolçuların zərbələrini müqayisə edin. Kosovolu futbolçu “playstation”dakı kimi topu uzaq küncə vurur. Bizimkilər isə bir zərbə belə vura bilmirlər. Nəticə belə də olmalı idi. Çünki səviyyə fərqi başqa hesabın olmasına imkan verməzdi”.
Ramiz Mirzəzadə (İdman Azərbaycan): “Təklif edirəm ki, gələn seçmə mərhələdə bizim millinin qrupdan çıxmaq möcüzəsi üçün belə bir qrup formalaşdırsınlar: Azərbaycan, San Marino, Cəbəllütariq, Vatikan”.
Sənan Şəfizadə (ATV): “Belə şans daha olmayacaq”.
Abbas Zahidi (Rumıniyada yaşan sabiq jurnalist, UEFA nümayəndəsi): “Biz şanslarımızı Malta ilə oyunda itirmişdik...”.
Elvin Yaqubov (Report.az): “Ölkə olaraq deyə bilmirəm, amma millidəkilər 100 faiz Kosovonu tanıdı və ömürlərinin sonuna qədər yığmasından 4 təpik "yedikləri" ölkəni unutmayacaqlar! Sadəcə, biabırçılıq, rəzalət!!!”
İlqar Tağıyev (Het-trik nyus qəzeti): “Başda AFFA rəhbərliyi olmaqla hamını millimizin qrup ikincisi olması münasibətilə təbrik edirəm! Böyük uğurdu”.
Araz Əhmədov (Sportfm.az): “Ətrafına yaltaqları, qorxaqları yığ, çoxlarını pulla susdur, özünü göylərdə san, tənqid olunma, yersiz dəstək gör, intriqa apar, düzü deyənləri qara siyahıya atdır, kiminsə səni idarə etməsinə göz yum, istedadları yox et, sənə rəqib olanları işsiz qoy, gücünü göstər, yalandan üzünə gülənləri dost say, dövrün çətinlyindən istifadə et...davam edə bilərəm”.
Erkin İbrahimov (agent): “Analiz edək, Priştinada ən çox kimlərin ayaqları əsirdi? 1. Dadaşov, 2. Nazarov, 3. Almeyda, 4. Paşayev. Nəyə görə? Çünki adı çəkilən futbolçular başqa mühitdə böyüyüblər. Stadiondakı ajiotajı görəndən sonra bunlar öncə özlərini qorumaq haqda düşünməyə başladılar. Rüfət öz-özünə deyir, “Voyvoda ayaqlarımı qıracaq, həftəsonu da Almaniyada oyunum var. Mənə lazımdı özümü öldürmək? Zədə alıb orda da “sostav”dan kənarda qalaram”. Eləcə də Nazarov və diqər “milliləşdirilmiş” futbolçularımız. Başqa məşqçi ilə bu qrupdan çıxardıqmı? Birmənalı nəsə deməyə çətinlik çəkirəm. Dəqiq bildiyim odu ki, Qurbanov seçmə mərhələdə xeyli səhvlər etdi. İlk oyunda hücumda tərpənə belə bilməyən Şeydayevi, ikinci oyunda isə həyatda varlığı ilə yoxluğu bilinməyən Rauf Əliyevi oynatdı. Evdəki Kosovo və Malta ilə oyunlarda rəqiblərə çox böyük sayğı ilə yanaşdı, bu da nəticəsi. Sonda isə Priştinada Odlar Yurdunu təmsil edən komandanı atəşfəşanlıqla yola saldılar. Ümümiyyətlə, iki oyunun heç birində Maltanı uda bilməyən komandanın AÇ-2020-də nə işi var? Qayıdaq xarabamıza! Həftəsonu “Dalğa Arena”da “Zirə” ilə “Sumqayıt” oynayır. Heç bilmirəm, bu dəfə orda ev sahibi kimdi…”.
RƏŞAD hazırladı