Cəmilə Mehdiyeva: “Ona görə də qadağa qoyulub”
Noyabrın 17-də BOS-da keçirilən oyunda yığma Farer adaları üzərində qələbə qazansa da, stadionla bağlı növbəti suallar ortaya çıxdı. Yox, bu dəfə yol uzaqlığını, yaxud könüllülərin vəzifə borcunu bilməməsini qabardan yox idi. Bunlar adi hal alıb, barışmalıyıq, vəssalam.
Şənbə günü diqqəti çəkən məqamlardan biri stadiona qida məhsullarının və təbii şirələrin, içkilərin buraxılmaması idi. Mühafizəçilər çipsi, peçenye və buna bənzər qarın aldatmaq üçün nəzərdə tutulan məhsulları müsadirə edir, bunu isə təhlükəsizlik tədbiri kimi qələbə verirdilər. “Fanta”, “Coca-Cola” və kağız qutudakı şirələri də stadiona keçirmək olmazdı. Ancaq və ancaq suya icazə verilirdi. Maraqlıdı, deyilmi? Təhlükəsizlik tədbiri deyiləndə, ağla bomba, fişəng, petard kimi partladıcı, yandırıcı və alışdırıcı maddələr gəlir. Məgər bunları çipsi paketinin, yaxud plastik şüşənin içində keçirmək olar? Təbii ki, mümkün deyil. Bəs onda qadağa nəyə görədi? Hansı təhlükəsizlik tədbirləri əsas tutulur?
BOS-un mətbuat katibi Cəmilə Mehdiyeva məsələyə bu cür aydınlıq gətirdi: “Bəli, dediyiniz məsələ ilə bağlı qadağa mövcuddu. Və təkcə bizdə deyil, böyük stadionların hər birində bu cür hallar mövcüddu. Giriş qapılarından yalnız su şüşələrinin keçirilməsinə icazə verilir ki, bu da qapağı açıldıqdan sonra. Rəngli şirələrə qoyulan qadağaya gəlincə, suyun rəngi şəffaf olduğuna görə içində nəyin olduğunu görmək mümkündü. Amma rəngli şirələrin içi tam görünmür. Həm də bir çox alışdırıcı mayelər var ki, rəngləri müxtəlif olur. Yəni alışdırıcı mayelərin bu şəkildə stadiona keçirilməsi mümkündü. Polis bütün şirələri bir-biri açıb iyləyə, yaxud dadına baxa bilməz. Belə şey mümkünsüzdü. Eyni sözlər çipsi və peçenye paketlərinə də aiddi. Həmin paketlərin içində bomba olmasa da, yüngül çəkili hansısa maddə keçirmək mümkünsüz görünmür. Ona görə də qadağa qoyulub. Kimsə acırsa, yaxud nəsə yemək istəyirsə, stadionun daxilindəki satış nöqtələrindən istədiyi məhsulu ala bilər. Fikrimcə, qiymətlər də normaldı”.
Qadağanı başa düşdük. Keçək Cəmilə xanımın dediyi satış nöqtələrinə. Həmin nöqtələr ki, Farer adaları ilə oyun zamanı qeybə çəkilmişdi. Məsələn, yer aldığımız şərq tribunasının heç bir mərtəbəsində satış nöqtələri yox idi. Azsaylı azarkeşlər bir-birinin üzünə baxır, su və qida məhsullarını hardan ala biləcəklərinə dair suallar ünvanlayırdılar. Sonradan məlum oldu ki, həmin gün stadionda satışın həyata keçirilməsi nəzərdə tutulmayıb. Lakin stadionun sözçüsü deyilənləri təkzib etdi: “Həmin gün satış ancaq qərb tribunasında olub. Yəni sizin əyləşdiyiniz media tribunası ilə üzbəüz tribunada. Niyə belə olduğunu AFFA rəsmiləri daha dəqiq deyə bilər. Çünki bu kimi işləri assosiasiya təşkil edir. Nəzarət də onların əlindədi. Görünür, biletlərin böyük əksəriyyətinin həmin tribunalara alındığını düşünərək bu addım atıblar. Amma yenə də AFFA-dan soruşmaq lazımdı”.
Hər şey düzəlmişdi, qalmışdı bir parkinq məsələsi ki, burda da ortaya problem çıxmasaydı, olmazdı. Əsas park yeri, yəni P1 ilə işimiz yoxdu. Orda ancaq xüsusi şəxslər – imkanlılar və vəzifə sahibləri maşınlarını saxlaya bilər. Sıravi vətəndaşlar isə P2 və P3-ün xidmətindən yararlanmaq imkanına malikdi. Xüsusi geyimli gənclərin nəzarət etdiyi P2-də narazılıq baş qaldırmışdı. Deməli, bu nöqtə üçün olduqca böyük ərazi nəzərdə tutulsa da, nəzarətçilər P2 buraxılış vərəqəsi olanları məcburən bir qədər uzaq nöqtəyə, P3-ə göndərirdi. Şəxsən bu halın şahidi olduğumdan, boş ərazilərdə maşınların park edilməsinə icazə verilməməsinin səbəbini öyrənməyə çalışdım. Lakin 4-5 nəzarətçidən heç biri sualıma konkret cavab verə bilmədi: “bizə belə tapşırıblar”.
Cəmilə xanımla söhbətdə bu məsələyə izah verməsini xahiş etdik: “Nə demək istədiyinizi anladım. Amma bu bizdən asılı olan məsələ deyil. Çünki bu işlərə müqavilə bağladığımız şirkət nəzarət edir. Maşınların harda və necə saxlanılmasına görə məsuliyyət onların boynundadı. Siz dediz və mən iradınızı qeyd etdim. Həmin şirkətə bu haqda sorğu ünvanlayıb, cavabı gözləyəcəyik. Məsələ dediyiniz kimidisə, bu cür davranmaları özümə də maraqlıdı. Bildiyimə görə, P2-də 1000-ə yaxın maşın park edə bilər. Hər halda, həmin ərazidə kameralar var və müşahidə apardıqdan sonra nəsə demək mümkündü”.
HƏBİB