“Gəlin açıq danışaq, meydan sahiblərinin qələbə şansı daha yüksəkdi”
Bu gün Qurban Qurbanovun rəhbərlik etdiyi milli 2018-ci ildə ən vacib matçını keçirəcək. Rəqib qrup lideri Kosovodu. Görüş ərəfəsində Kosovo futbolunu yaxından tanıyan, bəzi yetirmələri Bernar Şallandın millisində çıxış edən Naci Şensoyla danışmağı lazım bildik.
- Naci bəy, salam, necəsiz? Sizi Azərbaycandan, "Futbol+" qəzetindən narahat edirik. Kosovo - Azərbaycan matçı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Sizlərə də böyük sevgi ilə salam deyirəm. Azərbaycan hər zaman mənim ürəyimdədi və mən azərbaycanlıları, Azərbaycanı çox sevirəm. Oyuna gəlincə, bunları söyləyə bilərəm. Çox gərgin və çətin bir qarşılaşma olacaq. Hər iki komanda son oyunları qazanıblar. Bu məqam hər iki yığmanın oyunçularına qarşıdakı 90 dəqiqəyə yüksək əhval-ruhiyyə ilə çıxmağa yardım edəcək, inam formalaşdıracaq.
- Sizcə, Kosovonun bu oyunda əsas üstünlüyü nə olacaq?
- Heç şübhəsiz, səfərdə Maltanı böyük hesabla udmaq Kosovo millisinin oyunçularına fərqli əhval-ruhiyyə bəxş etdi. Düşərgədə ab-havanı yüksəltdi. Gəlin açıq danışaq, meydan sahiblərinin qələbə şansı daha yüksəkdi. Onlara heç-heçə də sərf edir. Onu da nəzərə alın ki, doğma meydanda, öz azarkeşlərinin qarşısında çıxış edəcəklər. Bunlar hamısı belə matçlarda özünü göstərir. Ancaq bu o demək deyil ki, Azərbaycanın uduzacağını düşünürəm. Futbolda istənilən sürprizi gerçəkləşdirmək mümkündü. Nümunə kimi Türkiyənin səfərdə İsveçi məğlub edib, öz meydanında uduzmasını göstərə bilərəm. Belə hallar tarixdə çox olub. Fikrimcə, Kosovonun daha şanslı görünməsi Azərbaycan üçün müsbət məqamdı. Belədə futbolçular oyuna daha yaxşı köklənə biləcəklər. Qurban Qurbanova inamım sonsuzdu. O təcrübəlidi. Dəfələrlə “Qarabağ”ı belə taleyüklü matçlara çıxarıb və imtahandan yüksək qiymət alıb.
- Sözlərinizdən belə aydın oldu ki, Azərbaycanın səfərdə Kosovonu yenməsi bir çoxları tərəfindən sürpriz kimi qiymətləndiriləcək...
- Səmimi olsaq, elədi.
- Bəs yaxşı, Azərbaycan nəyin hesabına Priştinada qələbə qazana bilər?
- Qurbanovun rəhbərlik etdiyi milli ilk növbədə həyəcanlanmamalı, sakit və səbirli oynamalıdı. Bir də taktiki cəhətdən diqqətli olmaq vacibdi. İlk dəqiqələrdən erkən qol üçün irəli atılsalar, özlərini “yandırarlar”. 60-cı dəqiqəyədək qol vura bilməsələr, artıq riskə getmək olar. Daha dəqiq desəm, ikinci və ya üçüncü forvardı meydana buraxmaq münasibdi. Qurban da bunu bilən mütəxəssislərdəndi. O asanı yox, çətini sevən məşqçidi. Bütün uğurlara da məhz belə yiyələnib. Ona və komandasına Kosovo ilə qarşılaşmada ancaq və ancaq qələbə arzulayıram.
- Kosovonun heyətində yer alan hansı oyunçudan ehtiyatlanmalıyıq?
- Kosovonun heyətində oyunu təkbaşına xilas edəcək, komandanı arxasınca apara biləcək futbolçu yoxdu. Onlar daha çox kollektiv oyun nümayiş etdirirlər. Ancaq son vaxtlar yaxşı formada olan yetirməm Vedat Muriqiyə diqqət yetirmək lazımdı. Malta ilə matçda o qolçuluq bacarığını göstərdi.
- Oyun günü Priştinada ab-hava necə olacaq? Soyuq və qarlı hava azarkeşlərin stadiona gəlişinə mane ola bilər?
- Kosovoluları çox yaxşı tanıyıram. Bu cür önəmli görüşdə heç bir şey onları fikrindən daşındıra bilməz. Bilet alıblarsa, ölkəyə bomba atılmazsa, təbii fəlakət ölkəni dağıtmazsa, mütləq tribunada olacaqlar. Bildiyim qədər paytaxt Priştina ilə yanaşı, ətraf şəhər və qəsəbələrdən də futbolsevərlər milliyə dəstək olmaq üçün arenaya üz tutacaqlar. Fikrimcə, stadionda anşlaq olacaq. Türklərin çox yaşadığı, mənim də dünyaya göz açdığım Prizrendən də paytaxta gedənlər olacaq. Bir sözlə, “Fadil Vokri” arenasında iynə atsan, yerə düşməyəcək. Kosovolulır əksər balkanlılar kimi futbolu çox sevirlər və yığmaları ilə fəxr edirlər. Bir qədər də çılğındılar.
- Bugünlərdə “feysbuk”da bölüşdüyünüz statusda Kosovonun baş məşqçisinin cüzi maaşa işlədiyini yazmısız. Sirr deyilsə, Şalland nə qədər əməkhaqqı alır?
- Mən bu sözləri simvolik olaraq yazmışam. İldə 3 milyon avro alan və heç bir işə yaramayan Türkiyə millisinin çalışdırıcısı Mirça Luçeskuya eşitdirmək üçün. Amma sizi əmin edirəm ki, Şallandın aylıq məvacibi 5 min avrodan artıq deyil.
RƏŞAD