Hədəf bəlli, rəqib tanış, sərkərdə bacarıqlı!
Millətlər Liqası
D liqası, 3-cü qrup
246. Kosovo – Azərbaycan
Hakimlər: BENUA MİLLOT, Medi Ramuni, Bertran Juannu, Benjamen Pajes, Frank Şnayder, Kərim Abed (hamısı Fransa).
Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya).
UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya).
20 noyabr. Priştina. “Fadil Vokri” stadionu. Saat 23.45
Bu gün yığma tarixinin ən vacib qarşılaşmalarından birinə çıxacaq. İndi elə məqamdı ki, adam saatın əqrəblərinin daha tez-tez fırlanmasını, oyunun bir an içində başlamasını istəyir. Bəli, Kosovo ilə görüş ölüm-qalım savaşı olacaq. Millətlər Liqasının 5-ci turundan öncə müxtəlif variantları gözdən keçirirdiksə, indi yalnız bir nəticə bizi qane edir. Yığma Priştinada qələbə qazanmalıdı! Heç “Maltanı udsaydıq...”, “Kosovonu Bakıdan əliboş göndərsəydik...” kimi fikirlərlə geriyə boylanmağın, təəssüflənməyin də zamanı deyil. Hədəf bəlli, rəqib tanış, sərkərdə bacarıqlı! Qələbə qazan, adını yarımfinala yazdır, azərbaycanlı futbolsevərlərin AÇ ilə bağlı xəyallarının dəfn olunmasına imkan vermə. Qurban Qurbanovun yetirmələri bunun üçün “Fadil Vokri” stadionunda əlindən gələni etməklə kifayətlənməməlidi. Daha artığını ortaya qoymaq, əzmkarlıq, istək nümayiş etdirmək, qələbə üçün nə lazımdısa, etmək lazımdı. Hər bir futbolçunun matçın önəmini dərk etdiyi, hansısa zəifliyin, gücsüzlüyün qəbul olunmayacağını bildiyi şübhə doğurmur. Bir sözlə, Bakı vaxtı ilə 23.45-dən etibarən yığma meydana döyüşmək üçün çıxacaq, ürəyi milli ilə döyünənlər isə televizor önünə böyük ümidlə keçəcək. İnanaq ki, “CBC Sport”un ekranlara daşıyacağı taleyüklü matçın final fitindən sonra sevinən tərəf biz olacağıq.
Kim daha şanslıdı?
Təbii, ilk növbədə turnir cədvəlindəki durumu gözdən keçirməliyik. Hazırda 11 xalla lider olan Kosovonu bu gün heç-heçə də qane edir. Odu ki, Bernar Şallandın yetirmələrinin işi daha asandı. Bundan başqa, “doğma divarlar” amilini yaddan çıxarmayaq. Özü də kosovoluların öz komandalarına lazımi dəstəyi verəcəyi şübhə doğurmur. Yəqin ki, finala bərabər görüş zamanı 13500 tamaşaçı tutumuna malik “Fadil Vokri” stadionu tam dolacaq. Hava şəraiti, meydana uyğunlaşma və azarkeş amili rəqibin xeyrinə olan məqamlardandı. Bununla belə, yığma Farer adaları ilə səfər matçında da soyuq havada oynamışdı. Həmçinin tərəflərin Bakıdakı ilk duelində Kosovo, demək olar, qapımız qarşısında ciddi təhlükə yaratmamış, xüsusi nəsə ortaya qoymamışdı. O başqa məsələ ki, Şallandın komandası ölkəmizdən lazımi nəticə ilə ayrılmışdı. Ümid edək ki, bu dəfə də Qurbanovun yetirmələri Priştinadan əlidolu – qələbə ilə dönəcək. Hər iki komandanın ötən tur qələbə qazandığını, qrupda məğlubiyyətinin olmadığını da qeyd edək.
Baş məşqçi üçün uğursuz gün
Milli tarixində 2-ci dəfə noyabrın 20-də meydana çıxacaq. Əsas komanda indiyə qədər yalnız bir dəfə bu tarixdə qüvvəsini sınayıb. Bu, 16 il əvvələ təsadüf edib. Belə ki, yığma 2002-ci il noyabrın 20-də AÇ-2004-ün seçmə oyununa çıxıb. Bakıda Uels yığmasını qəbul edən milli meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb. Görüşdə qolları Qari Spid və Rob Peyc vurub. Yığmanın hazırkı baş məşqçisi Qurban Qurbanov da həmin qarşılaşmada iştirak edib. Hücumçu kimi meydana çıxan mütəxəssis 90 dəqiqə oyunda olub. Deməli, təcrübəli mütəxəssis 16 il öncəki uğursuzluğu unutdurmaq, noyabrın 20-nin xoş xatırlanmasını təmin etmək üçün qələbəyə imza atmalıdı.
Qurbanovlu yığma 5-ci qələbə axtarışında
Kosovo ilə oyun yığma tarixində 246-cı görüş olacaq. İndiyədək 245 matça çıxan milli 26 ildə 48 qələbə qazanıb, 67 heç-heçə edib, 130 meydanı məğlub tərk edib. Bu qarşılaşmalarda 184 qol vuran futbolçularımız 408-ni buraxıb. Bugünkü matç əsas komandanın rəsmi yarışlarda 124-cü sınağıdı. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri, həmçinin Millətlər Liqasında ümumilikdə 123 görüş baş tutub. Cəmi 15 qələbəsi olan yığma 26 dəfə bərabərliklə razılaşıb, 82 dəfə uduzub. Həmin oyunlarda 72 qol vurmuşuq, 253-nün məyusluğunu yaşamışıq. Qurban Qurbanov isə 12-ci dəfə millini meydana çıxaracaq. Bu həm də millinin bu il 12-ci sınağıdı. Qurbanovlu yığma əvvəlki 11 dueldə 4 dəfə qalib gəlib, 5 heç-heçə edib və yalnız 2 dəfə uduzub. 14 qol vuran komanda öz qapısından 8-ni buraxıb. Kosovodakı mümkün qələbə həm il ərzində, həm də Qurbanovla əldə olunan 5-ci uğur olacaq. Yuxarıda da qeyd etdiyimiz kimi, milli Qurban bəyin rəhbərliyi altında 5 rəsmi matçda məğlubiyyət yaşamayıb. Millətlər Liqasında 2 qələbə və 3 heç-heçəsi olan yığma top fərqində də öndədi – 7:2. İnanaq ki, təcrübəli mütəxəssis yığmanın “sükanı arxasında” 5-ci qələbəsini məhz Priştinada qazanacaq. Bu qələbəyə ölkə futbolunun və futbolsevərlərinin ehtiyacı var. Düzdü, qarşıda yarımfinal və final matçları da var. Ancaq ilkin hədəf qrupu lider kimi başa vurmaqdı. Bu baş verərsə, ölkədə bu idman növünə baxış, yanaşma müsbətə doğru dəyişəcək. Odu ki, yığma qələbə üçün can qoymalıdı. Başqa yol yoxdu. Qalib gəl, qəhrəman ol!
1 2 3 4 5 6
Kosovo
Samir Uykani q 05.07.1988 Rizəspor, Türkiyə 24 -
Visar Bekay q 24.05.1997 Priştina 1 -
Ariyanet Muriç q 07.11.1998 MS, İngiltərə - -
Amir Rrahmani m 24.02.1994 Dinamo, Zaqreb/Xorvatiya 19 2
Fidan Aliti m 03.10.1993 Şkenderbü, Albaniya 10 -
Mergim Voyvoda m 01.02.1995 Muskron, Belçika 14 -
Ardin Dallku m 01.11.1994 Vorskla, Ukrayna 2 -
Leart Pakyarada m 10.08.1994 Sandhauzen, Almaniya 14 1
Mirlind Kryueziu m 26.01.1997 Sürix, İsveçrə - -
Arbenit Cemayli m 23.04.1998 Ksamaks, İsveçrə - -
Benyamin Koleli y 15.05.1992 Sürix, İsveçrə 8 3
Valon Berişa y 07.02.1993 Latsio, İtaliya 13 1
Hekuran Kryueziu y 12.12.1992 Sürix, İsveçrə 17 -
Herolind Şalya y 02.01.1992 Lünqbü, Danimarka 12 -
İdriz Votsa y 15.05.1997 Lütsern, İsveçrə 4 -
Arber Zeneli y 25.02.1995 Herenven, Hollandiya 14 3
Milot Raşitsa y 28.06.1996 Verder, Almaniya 19 2
Edon Jeqrova y 31.03.1999 Genk, Belçika 7 2
Donis Avdiyay y 25.08.1996 Villem II, Hollandiya 6 2
Vedat Muriqi h 24.04.1994 Rizəspor, Türkiyə 15 4
Atde Nuhiu h 29.07.1989 Şeffild, İngiltərə 12 2
Lirim Kastrati h 16.01.1999 Lokomotiva, Xorvatiya 1 -
Şkelkim Demhasay h 19.04.1996 Lütsern, İsveçrə 1 –
Azərbaycan
Şahruddin Məhəmmədəliyev q 09.02.1986 Qarabağ 78 -
Səlahət Ağayev q 04.01.1991 Neftçi 13 -
Emil Balayev q 17.04.1994 Səbail - -
Maksim Medvedev m 29.09.1989 Qarabağ 53 3
Bədavi Hüseynov m 11.07.1991 Qarabağ 40 -
Rahil Məmmədov m 24.11.1995 Qarabağ 7 -
Şəhriyar Əliyev m 25.12.1992 Sumqayıt - -
Təmkin Xəlilzadə m 06.08.1993 Qəbələ 9 1
Ürfan Abbasov m 14.10.1992 Qəbələ 9 1
Tural Axundov m 01.08.1988 Neftçi 2 -
Pavel Paşayev m 04.01.1988 Aleksandriya, Ukrayna 16 -
Qara Qarayev y 12.10.1992 Qarabağ 47 -
Araz Abdullayev y 18.04.1992 Qarabağ 30 3
Emin Mahmudov y 27.04.1992 Neftçi 9 1
Əfran İsmayılov y 08.10.1988 Sumqayıt 39 5
Rahid Əmirquliyev y 01.09.1989 Səbail 60 3
Cavid İmamverdiyev y 01.08.1990 Sabah 11 1
Riçard Almeyda y 20.03.1989 Astana, Qazaxıstan 13 3
Dmitri Nazarov y 04.04.1990 Ertsgebirge, Almaniya 36 8
Mahir Mədətov h 01.07.1997 Qarabağ 12 2
Mirabdulla Abbasov h 24.07.1995 Neftçi 1 -
Ramil Şeydayev h 15.03.1996 Krılya Sovetov, Rusiya 16 1
Rüfət Dadaşov h 29.09.1991 Proyssen, Almaniya 19 4
Ruslan Qurbanov h 12.09.1991 Səbail 25 1
1 – futbolçu, 2 – amplua, 3 – doğum tarixi, 4 – çıxış etdiyi klub, 5 – yığmada keçirdiyi oyun sayı, 6 – yığmada vurduğu qol sayı.
FARİZ