Bu gün U-19 Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirəcək. Vüqar Məmmədin komandası saat 17.00-da Lixtenşteynlə qarşılaşacaq. Eyni vaxtda qrupun digər oyununda İsraillə meydan sahibi Gürcüstan münasibətlərinə aydınlıq gətirəcək. Ötən sayımızda hansı variantlarda qrupu ikinci yerdə başa vuracağımızı qeyd etmişdik. Bir daha xatırladaq ki, İsrail qələbə qazanarsa, hər iki matçda heç-heçə qeydə alınarsa, bundan başqa gürcülər "sülh"ə razılaşdığı halda biz qalib gəlsək, elit mərhələyə yüksələcəyik. Həm yığma, həm də Gürcüstan qələbə qazansa, üç komandanın xalı eyni olacaq və belədə onlar arasında ən yaxşı göstəriciyə malik iki komanda qrup səddini dəf edəcək.
Onu da qeyd edək ki, Lixteynşteyn - Azərbaycan matçı Tiflisdəki "Mixail Mesxi-2" stadionunda keçiriləcək. Oyunun baş hakimi belçikalı Erik Lambrexts olacaq. Ona həmyerlisi Karel De Rokker və gürcü Georgi Elikaşvili yardım edəcək. Qarşılaşmanın dördüncü hakimi isə gürcüstanlı Aleko Aptsiauri olacaq. Yığmanın heyətində Şakir Seyidov öncəki 2 oyunda sarı vərəqə aldığı üçün "cırtdan"la görüşü buraxacaq.
1. İsrail 2 2 0 0 6-2 6
2. AZƏRBAYCAN 2 1 0 1 3-5 3
3. Gürcüstan 2 1 0 1 8-2 3
4. Lixtenşteyn 2 0 0 2 1-9 0
Son turun oyunları ilə bağlı Vüqar bəyin fikirlərini öyrəndik: "Ümumiyyətlə, Avropa çempionatında millilər səviyyəsində zəif rəqib yoxdu. Hamıya hörmətlə yanaşırıq, ancaq biz yalnız öz oyunumuz haqda düşünürük. Sadəcə, sabahkı (bugünkü – red.) oyuna komanda olaraq çox ciddi hazırlaşmalıyıq. Taktiki baxımdan gedişlərimiz çox önəmlidi. Lazımi qədər motivə olunmalı və psixoloji durumda da rəqibdən üstün olmalıyıq. Lixtenşteyn də matçdan-matça daha baxımlı oynamağa çalışır. Burda qaldığımız müddətdə ən çox marağımızı çəkən məqam o oldu ki, bəlli bir proqramla sistemli şəkildə çalışırlar. Maksimum oyuna köklənmişik, yalnız xeyrimizə olan nəticə üçün çalışacağıq. Təəssüflər olsun ki, iki oyunçumuz bu matçda istirak edə bilməyəcək. Bildiyiniz kimi, Şakir Seyidov iki sarı vərəqə ilə cəzalı durumdadı. İbrahim Hüseynovun isə zədəsi tam sağalmayıb. Zamiq Əliyev tam sağalaraq bu gün komanda ilə məşqə çıxdı. Gürcüstanla İsrailin oyununa gəlincə, hər ikisi yüksək səviyyəli komandadı, hər ikisi də qələbə üçün oynayacaq. Reytinq baxımından da bu çox önəmlidi. Onları müqayisə etsək, Gürcüstan fərdi keyfiyyətləri ilə seçilən futbolçulardan qurulan komandadı. İsrail isə həm fiziki, həm də texniki-taktiki baxımdan çox səviyyəli millidi. Hər ikisinin heyətində öz ölkələrinin güclülər dəstəsində iştirak edən futbolçular var".
FARİZ