“Qəbələ” ilə oyunda meydana qalib gəlmək üçün çıxacağıq”
Baş məşqçiləri əlcək kimi dəyişən “Keşlə”nin “sükan”ı arxasındakı növbəti “sürücü”nün adı Tərlan Əhmədovdu. İndiyə qədər sınıq-salxaq maşınları düz yola çıxarmaq bacarığı ilə ad çıxaran təcrübəli “sürücü”nün budəfəki missiyasının necə alınacağı sual altındadı. Lakin ilkin təəssürata əsasən deyə bilərik ki, “qırmızılar” əvvəlki kimi qapazaltı olmayacaq. Hər halda, Əhmədovun gəlişindən sonra “Keşlə” “Qarabağ”la heç-heçə oynayıb, “Sumqayıt”ı məğlub edib, “Neftçi”ylə başabaş mübarizə apardığı görüşdə minimal hesabla yenilib. 12-ci turdakı rəqibin adı “Qəbələ”di.
Hazırda fasilə dövrüdü, bu isə o deməkdi ki, baş məşçinin əlinə yaxşı fürsət düşüb. Çatışmazlıqları aradan qaldırır, fiziki cəhətdən “axsayan” futbolçuların durumunu qaydasına salmağa çalışır. Fürsətdən istifadə edib Tərlan Əhmədovla qısa danışmaqda məqsədimiz də fasilə dönəmində ortaya çıxan suallara aydınlıq gətirmək idi.
- Fasilə ürəyinizcə olmalıdı...
- Komandaya bir ay əvvəl qoşulduğumu nəzərə alsaq, xeyrimizə olduğunu deməliyəm. Hər bir baş məşqçinin oyun fəlsəfəsi, sistemi var. Bunu tətbiq etmək üçün isə zamana ehtiyac duyulur. Bir neçə futbolçumuz yığmaların düşərgəsindədi. Onlarsız hazırlaşmağa məcburuq. Məşq etməklə yanaşı, oyun təcrübəsinin azlığı müşahidə olunmasın deyə yoldaşlıq görüşü keçirdik. Hazırlığın bir hissəsi geridə qaldı. Artıq “Qəbələ” ilə oyuna hazırlaşırıq. Ümid edək ki, fasilə xeyrimizə olacaq.
- Hədəf nədi?
- “Sumqayıt”la oyundakı böyükhesablı qələbə futbolçuların özünəinamını artırdı. Artıq hamı başa düşür ki, qələbə qazanmaq mümkündü. Turnir cədvəlindəki mövqeyimizi nəzərə alsaq, rəqibin adından asılı olmayaraq, hər oyunda məqsədimiz 3 xal olmalıdı. Bu dəfə də meydana qalib gəlmək üçün çıxacağıq.
- Bəs çempionatdakı hədəf?
- Hər nə qədər çətin görünsə də, Avroliqaya vəsiqə verən yerlərdən birini tutmaq istəyirik. Bilirik, çətin olacaq, amma mümkünsüz deyil. 4-cü pillə ilə aramızda cəmi 7 xal fərq var, oynamaq olar. Bunun üçün ilk növbədə qış fasiləsinə qədər xalımızın sayını artırmalıyıq.
- “Qəbələ”ylə oyunda qələbəni hədəflədiyinizi dediz. Amma bölgə təmsilçisinin Jozef-Monroz - Adeniyi - Atakora “üçlüy”ünün qarşısını almalı olan aparıcı qapıçınız Kamran Ağayev zədə ucbatından Kosovoya aparılmadı. Qısa müddətdə sağalacağı da inandırıcı görünmür. Davud Kəriminin isə atası rəhmətə gedib. Necə olacaq?
- Allah Davudun atasına rəhmət eləsin! Həyatda itkilər qaçılmazdı. Bunu hamımız yaxşı bilirik. İnşallah, Davud qısa zamanda özünə gələr. “Qəbələ”ylə oyuna beş gün vaxtımız var. O vaxta qədər necə olacağını indidən demək çətindi. Kamranın zədəsinin ciddiliyi də bilinəcək. Ən pis halda gənc qapıçımız Şahin Zəkiyevə güvənəcəyik. Heç bir problem yoxdu.
- Yeri gəlmişkən, avrokuboklara vəsiqə qazanmaq üçün ölkə kubokunun qalibi olmağınız da bəs edir. “Keşlə” ötən mövsüm heç kimin gözləmədiyi halda kuboku əldə etmişdi...
- Nə demək istədiyinizi başa düşdüm. Əlbəttə, kubok yolu qısadı. Bu dəqiqə bizi maraqlandıran əsas məsələ uğursuz zolaqdan çıxmaqdı. Bu çətin dövrü geridə qoysaq, gələcəyə ümidlə baxa bilərik. İlk rəqibimiz “Şüvəlan”dı. Daha sonra “Qarabağ” gəlir. Hər bir rəqibə hörmətlə yanaşırıq. Oynamalı, mübarizə aparmalı, meydanda canımızı qoymalı və hədəfə çatmalıyıq. Hamımız yumruq kimi birləşib uğur görünən işığa tərəf baxmalıyıq.
- Elnur Cəfərovun durumu nə yerdədi?
- Elnur hazırda “Keşlə-2”nin sıralarındadı. Məşqlərini edir, oyunlara çıxır. Qış fasiləsinə qədər izləyəcəyik. Durumu qənaətbəxş olsa, qış fasiləsində əsas komandaya cəlb olunması mümkündü.
- Bəs Fuad Bayramov?
- Bildiyiniz kimi, Fuad əməliyyatdan sonra uzun müddət futbol oynamadı. O da fərdi məşqlərə başlayıb. Lakin indiki halda meydana çıxmağa hazır deyil. Çox güman, qış fasiləsində bizə qoşulacaq.
HƏBİB