Qurbanov: “Bütün dediklərim alınsa, uğur tərəfimizdə olacaq”
Protokol qaydalarına əsasən, dünən Bakı vaxtı ilə saat 20.00-da və bundan saatyarım sonra müvafiq olaraq, Kosovonun çalışdırıcısı Bernar Şallandla millimizin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirildi. Bu gün saat 23.45-də həlledici oyunun baş tutacağı Fadil Vokri adına stadionun konfrans salonunda kifayət qədər yerli jurnalistin olması artıq oyuna maraqdan xəbər verir. Şallandla yanaşı, yetirməsi Valon Berişa da media nümayəndələrinin qarşısına çıxdı. Berişanın məşqə tələsdiyini əsas gətirib, mətbuat konfransını tez tərk etdiyini də vurğulayaq. Öncə rəqib çalışdırıcı ümumi fikirlərini çatdırdı.
- Sabah bizi çox maraqlı oyun gözləyir. Hələ turnirdən əvvəl bizi Priştinada final oyunu gözləyəcəyini düşünürdüm. Belə də alındı. Azərbaycanı qrupun favorit sayıram. Baxmayaraq ki, oyun ərəfəsində şanslar 50-nin 50-yədi. Azərbaycan yaxşı komandadı. İlk oyunda bizdən yaxşı çıxış etdi. Amma həmin oyundan sonra “artırmışıq”. İnanıram ki, maraqlı qarşılaşma alınacaq.
V.B.: - Oyuna həm psixoloji, həm də fiziki cəhətdən hazırıq. Sabahkı görüş finala bərabərdi. Əminəm ki, hər iki komanda qalib gəlmək üçün əlindən gələni edəcək. Son oyunda 5:0 qalib gəlmişik və bu bizə əlavə motivasiya verib. Heç birimizin meydanda heç-heçə barədə düşünməyəcəyini zənn edirəm. Çünki bu, bizimlə “acı zarafat” edə bilər. Çalışacağıq ki, hücumda daha çox oynayaq.
- Azərbaycanda favorit kimi Kosovonu görürlər. Bəs siz nəyə əsasən əksini düşünürsüz?
- Ən azı FİFA reytinqinə əsasən belə düşünürəm. Bu, onu göstərir ki, Azərbaycan favoritdi. Üstəlik, təcrübə baxımından da müqayisəyə gəlmirik. Eyni zamanda, sizin baş məşqçi Qurban Qurbanov da daim rəqiblərini favorit göstərir (gülür).
- Sabah baxımlı futbola üstünlük verəcəksiz, yoxsa bütün fikirləriniz nəticəyə yönələcək?
- Fəlsəfəm ondan ibarətdi ki, komandam hücum etməlidi. Bəzən futbol məntiqsiz olur və müdafiədə oturan komanda qalib gəlir. Ancaq hesab edirəm ki, daha çox hücum edən tərəf qələbəyə daha şanslıdı. Hətta uduzub komandadan gedə də bilərəm. Təki komandam 90 dəqiqə ərzində qələbə üçün hər şey etsin.
- DÇ-nin seçmə mərhələsində yığma 9 məğlubiyyət almışdı. Amma indi nəticə 180 dərəcə dəyişib. Axı eyni futbolçular oynayırsa, nə dəyişib?
- Dəyişən sizsiz (gülür). Ciddi olsaq, ən böyük rolu futbolçular oynadı. Amma onu da deyim ki, DÇ ilə Millətlər Liqasını müqayisə etmək düzgün deyil. Türkiyə, Ukrayna və Finlandiya kimi rəqiblərlə oynamışıq. Nə qədər hörmətlə yanaşsam da, Millətlər Liqasındakı rəqiblər onlardan qat-qat zəifdi. Və əlbəttə ki, biz də inkişaf etmişik.
- Yəqin ki, millimizin Farer adaları ilə son matçını izləmisiz. İzləmisizsə, Kosovo ilə Bakıdakı oyundan bu yana Azərbaycanın oyununda hansı fərqləri qeyd edərdiz?
- Mən hər bir rəqibin oyununu əvvəlcə bir dəfə izləyirəm. Sonra təqribən 7 dəfə yenidən baxıram və özüm üçün qeydlər aparıb xüsusi diqqət etməli olduğumuz məqamları yetirmələrimə çatdırıram. Bakıdakı matçda 90 dəqiqə oyuna nəzarət edən bir komanda gördüm. Adalılar cəmi bir dəfə rəqibin cərimə meydançasına yaxınlaşdı. Azərbaycan rahat şəkildə iki qol vurduqdan sonra topa nəzarət edib görüşü başa vurdu. Qapıçınız, demək olar, əziyyət çəkmədi. Bu da Azərbaycanın qrupun favoriti olduğunu bir daha sübut edir.
- Bir qədər öncə qeyd etdiz ki, təki gözəl futbol sərgiləyəsiz və hətta getməyə də hazırsız. Bu, o anlama gəlir ki, sabah məğlub olacağınız halda istefa verəcəksiz?
- Hər bir məşqçi kimi istənilən duruma hazıram. İndi bu haqda düşünmürəm. İşimi yaxşı görmək istəyirəm. Hər şey qısa zamanda dəyişə bilər. Ola bilər ki, bu matçdan sonra evimə göndərilim. Ancaq bu, mənim üçün faciə olmayacaq. Çünki xanımımı və övladlarımı çox sevirəm (gülüb).
Meydan sahiblərinin ardından Qurban Qurbanov və millimizin müdafiəçisi Maksim Medvedev konfrans salonuna daxil oldu. Bəribaşdan qeyd edək ki, bizimkilərin mətbuat konfransında qonaq jurnalistlərin sayı yarıbayarı azaldı. Bununla belə, 14-15 media nümayəndəsi var idi. Öncə Qurbanov ümumi fikirlərini çatdırdı.
- Son oyunumuza çıxırıq. Hər iki komanda üçün çox vacib oyundu. İlk gündən bu rəqibə böyük qiymət vermişdim. Futboçularının ustalıq səviyyəsi yüksəkdi. Ancaq futbolçularıma inanıram və deyə bilərəm ki, komandam hazırdı.
M.M.: - Rəqib yaxşı komandadı. Həlledici oyundu. Meydana qələbə üçün çıxacağıq.
- Sizdən öncə Kosovonun baş məşqçisi Azərbaycanı favorit gördüyünü bildirdi. Özü də ilk turdan belə düşündüyünü bildirdi.
- Rəqib məşqçiyə təşəkkür edirəm. Yadınızdadısa, mən də turnirin əvvəlində Kosovo haqda xoş sözlər söyləmişdim. Bu gün bunu təkrarlamayacam. Sabahkı matçda Kosovonun azarkeş sarıdan da, xal baxımından da üstün olduğunu bilirik. Farer adaları ilə görüşdən sonra da bura qələbə dalınca gəldiyimizi demişdim. Ancaq mənim üçün ən önəmlisi futbolçuların xarakter göstərməsi, nəticə üçün ən düzgününü etmələridi. Bütün dediklərim alınsa, uğur tərəfimizdə olacaq. Hazırda elə bir fikrim yoxdu ki, Kosovo favoritdi, yoxsa Azərbaycan.
M.M.: Kosovo bizdən 2 xal öndədi. Bizim də üstün olduğumuz məqam var ki, bu da birliyimizdi.
- Millimiz qoşa oyunlardan birincisini daha uğurlu keçirir. Bu dəfə necə, fiziki cəhətdən ikinci oyuna gücünüz çatacaqmı?
- Ola bilər, yorğunluq olsun. Ancaq bu barədə düşünmürük. Biz də, rəqib də eyni proqramla oynayıb. Amma bəzi amillər bizdə üstün olmalıdı ki, qalib gələk. Heç bir maneə bizə əngəl olmamalıdı. 90 dəqiqə ərzində lazım olanları etməliyik.
- Rəqib nə qədər hücum edəcəyini bildirsə də, aydındı ki, müdafiədə oturacaqlar. Millimizin bu cür müdafiə redutlarını yarmaq potensialı varmı?
- Bu komanda hücumameyilli oynayır. Üstəlik, evdə oynayırlar. Hər bir halda təcrübəli baş məşqçiləri var. Daha düzgün qərarı o, verə bilər. Əlbəttə, biz də hücumda oynamağa çalışacağıq. Əsas bizim hücumda necə oynamağımızdı. Nə qədər təzyiq göstərə bilsək, onlar bir o qədər müdafiəyə oturacaq. Ancaq bir daha qeyd edirəm ki, Kosovonun hücum potensialı daha çoxdu.
- Son oyunda Kosovo səfərdə 5:0 qalib gəlib. Bildiyiz kimi, sabah da anşlaq yaşanacaq. Meydan sahiblərinin hücumlarına qarşı nə çarə düşünmüsüz?
- Bütün oyunlarda Kosovonun hücum potensialının şahidi olmuşuq. Həmişə futbolçularıma demişəm ki, hücumda ola-ola, müdafiə olunmağı bacarmalıyıq. Müdafiədə daha diqqətli olmalıyıq. Çalışmalıyıq ki, rəqibin hücumlarının sayı az olsun.
- Pavel Paşayevin vəziyyəti nə yerdədi? Ümumiyyətlə, ondan başqa, kimsə zədədən əziyyət çəkirmi?
- Pavellə bağlı son qərar sabah veriləcək. Kamran Ağayevin oynamayacağı isə əvvəlcədən bilinirdi. Qalan futbolçularda mikrozədələr olsa da, ciddi problem görmürəm. Bütün hallarda məni zədələr yox, sabahkı görüş düşündürür. Çünki heyətdəki uşaqların hər birini əminliklə meydana buraxa bilərəm. Olduqca istəkli, həvəslidilər.
- Farer adaları ilə oyunla müqayisədə start heyətində çox dəyişiklik gözlənilir? Yeri gəlmişkən, Kamran Ağayev bu gün “CBC Sport”un efirində ağlayaraq, komandaya dəstək olduğunu və lazım olsa, bir ayaqla da qapını qorumağa hazır olduğunu bildirib.
- Düşündüyüm heyət bəllidi. Ancaq hələ vaxtımız var. Həkimlərlə də məsləhətləşəcəyik. Üstəlik, hələ iki məşqimiz var. Kamran Ağayevi də yanımızda görmək istəyərdik. Efir vasitəsi ilə istəklərini göndərdiyi üçün təşəkkürümü bildirirəm. Hamımız bir kollektivik. Kamrana tezliklə zədəsini sağaltmağı arzulayıram.
- Bu, sənin karyeranda ən çox həyəcan keçirdiyin oyundumu? Nəzərə alsaq ki, həm də Kamranın yoxluğunda kapitan sarğısını daşıyacaqsan.
M.M.: Doğru qeyd etdiz. Çox məsuliyyətli oyundu. Ancaq komandamızda yetərincə təcrübəli futbolçu var. Sabah gərginlikdə yox, sərbəst oynamalıyıq. Çünki stress altında olanda bəzi şeylər alınmır. Bəli, məsuliyyət böyükdü, ancaq soyuqqanlı oynamalıyıq.
MİRAĞA, Priştina
Yeri gəlmişkən...
Hava durumu Priştinaya gəldiyimiz gecədən bu yana nisbətən düzəlib. Hər halda, qar əriyib. Bununla belə, şaxta hökm sürür. Gündüz temperatur +5 dərəcə olsa da, gecə şaxta düşür. Ümid edirik ki, yığma təbiətin şıltaqlığından əziyyət çəkməyəcək. Onsuz da stadionda anşlaq olacağı gözlənilir. Yerli mənbəyə inansaq, 13500 azarkeş tutumuna malik arenada boş yer olmayacaq. Burda oyuna ən ucuz biletin qiymətinin 3 avro olduğunu da xatırladaq.