Azərbaycan – Farer adaları matçının baş hakimi Dimitrios Masiasın işinin öhdəsindən gəldiyini deməliyik. Cənubi Kiprdən olan FİFA referisi ciddi səhvlə yadda qalmadı. Matç ərzində 3 dəfə sarı vərəqəyə görə əlini cibinə atdı ki, onlardan birini Rüfət Dadaşova, ikisini isə rəqib oyunçulara – Brandur Hendriksson və Raqnar Nattestada göstərdi. Ancaq bəzi mübahisəli epizodlar da oldu. Təmkin Xəlilzadənin 20-ci dəqiqədə Klemint Olsenə qarşı cərimə meydançasında kobud oynadığını iddia edən farerlilərin penalti arzusu gerçəkləşmədi. 57-ci dəqiqədə Dmitri Nazarovun qapı önünə ötürməsi zamanı top Hannur Hanssonun qoluna dəysə də, hakim davam işarəsi verdi.
Masiasın işi haqda sabiq FİFA referisi Anar Slamanovun fikirlərini öyrəndik: “Ümumilikdə hakimlər briqadası oyunu pis idarə etmədi. İndi isə ayrı-ayrı məqamlara keçək. Fiziki hazırlığı pis deyildi. Ancaq sıçrayışlı qaçışlardan çox az istifadə edirdi. Həmçinin bəzi anlarda cərimə meydançasına daxil olub epizoda daha yaxından baxmaq lazım gəlirdi ki, Masias bunu etmədi. Bir neçə dəfə epizodla bağlı uzaqdan qərar verdi. Qaydaların yozumu və tətbiqində problemlər yox idi. Sadəcə, bəzi məqamlar diqqəti çəkdi. Tutaq ki, futbolçu iki ayaqla “sürüşmə” fəndi edir, həmin an hakim oyunu saxlamalı, vərəqə vermədən cərimə zərbəsi təyin etməliydi. Ancaq referi matçı dayandırmadı. Verilən vərəqələrin hamısı ilə razıyam. Rüfət Dadaşov “sarı” aldığı epizodda açıq əllə rəqibin üzünə vurmuşdu. Lakin rəqibin heyətində 84-cü dəqiqədə qarşısında “sarı” görən Raqnar Nattestad daha öncə də rəsmi xəbərdarlıq almalıydı. Adı çəkilən futbolçu Mahir Mədətovla mübahisə etdiyi anda da vərəqə ilə cəzalanmalıydı. Bilirsiz ki, iki cür mövqe seçimi var: standart zərbələr zamanı və oyunun gedişində. Kiprli hakimin mövqe seçimi pis deyildi. Sadəcə, elə məhz Nattestad “sarı” alan vaxt referi epizoddan uzaq idi. Qərarı doğru idi, ancaq vəziyyətə uzaq qaldı. Komanda işinə gəlincə, ilk yarıda laysmana yaxın yerdə Dmitri Nazarov qaydanı pozdu. Məhz yan xətt hakiminin köməyi ilə Masias cərimə zərbəsi təyin etdi. Komanda işi yüksək səviyyədə idi. Bir sözlə, bu idarəçiliyə görə FİFA referisi 8,3 qiymətə layiq idi”.
FARİZ