UEFA Kosovoya fransızları göndərdi
Farer adaları ilə görüşdə zədələnən Kamran Ağayev Kosovo ilə oyunu buraxacaq. “Çərçivə qoruyucusu”nun durumu Qurban Qurbanovu heyətdə dəyişiklik etməyə məcbur edib. Belə ki, Ağayevin adı siyahıdan çıxarılıb və onun əvəzinə “Qarabağ”dan Şahruddin Məhəmmədəliyev dəvət olunub.
Artıq Kosovo – Azərbaycan matçının hakimləri bəllidi. Oyunu Fransadan olan briqada idarə edəcək. Görüşün baş hakimi Benua Millot olacaq. Ona yan xətt hakimləri Medi Ramuni və Bertran Juannu kömək edəcək. Frank Şnayderlə Kərim Abed əlavə köməkçi, Benjamen Pajes isə dördünücü hakim funksiyasını yerinə yetirəcək. Qarşılaşmaın hakim-inspektor rusiyalı Aleksandr Qvardis, UEFA nümayəndəsi isə italiyalı Antonio Talariko olacaq.
Qeyd edək ki, Benua Millot 3-cü dəfə təmsilçimizin iştirak etdiyi qarşılaşmaya təyinat alıb. O, indiyədək bir dəfə yığma, bir dəfə klub səviyyəsində komandalarımızın görüşündə fit çalıb. Fransalı yaxın keçmişdə Bakının qonağı olub. FİFA referisi DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan – Çexiya görüşünü idarə edib. Ötən il oktyabrın 5-də baş tutan matçda qonaqlar 2:1 hesabı ilə qələbə qazanmışdı. Həmin qarşılaşmada qonaqları 3 sarı vərəqə ilə cəzalandıran Millot millimizin lehinə penalti qərarı da vermişdi. Əfran İsmayılov 55-ci dəqiqədə hesabı bərabərləşdirsə də, yığma sonda məğlubiyyətdən qaça bilmədi. Fransız referi 2014/15 mövsümündə Avroliqanın 2-ci təsnifat mərhələsində “Neftçi”nin “Koper”lə səfər matçında da iş başında olub. 2014-cü il iyulun 24-də baş tutan oyunda “ağ-qaralar” 2:0 hesabı ilə qalib gəlmişdi. Hakim təmsilçimizin üzvlərinə 2 sarı, rəqibə 4 sarı və 1 qırmızı vərəqə göstərib.
Bu arada Kosovo Futbol Federasiyasının prezidenti Agim Ademi qurumun rəsmi saytına açıqlamasında Malta üzərində 5:0 hesablı səfər qələbəsini dəyərləndirib, sabah millimizlə evdə keçirəcəkləri matçın vacibliyini xatırladıb: “Malta üzərində 5:0-lıq qalibiyyət uzun müddət bizim və bütün azarkeşlərin yaddaşında qalacaq. Çünki futbolçularımız Kosovo futbolunun yeni tarixində ən inamlı qələbəmizə imza atdılar. Bu, hər birimizin ümidlərini son tura daşımağa imkan verdi. Futbolçularımız əla oyun göstərdilər və nəticə bizi qürurlandırdı. Amma bu, hələ son deyil. Artıq noyabrın 20-də Azərbaycanla keçiricəyimiz oyunu düşünməliyik. İnanıram ki, millimiz bu görüşə də eyni ciddiyyət və məsuliyyətlə hazırlaşacaq. Ümid edirəm ki, azarkeşlərimizin də dəstəyi ilə ilk pillədəki yerimizi qoruyacağıq. Bu nəticə bizi C liqasına yüksəltməklə yanaşı, pley-offa çıxmağa da şərait yaradacaq”.
FARİZ