Noyabrın 14-15-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 28-ci iclası keçirilib. Tədbirdə ölkəmizi İHİF-in İcraiyyə Komitəsinin ilk xanım üzvü və İstanbulda keçiriləcək növbəti İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının üzvü Könül Nurullayeva təmsil edib. Həmçinin İHİF-in Qadın və İdman Komitəsinin rəhbəri olan Nurullayeva çıxışında gender bərabərliyi ilə bağlı aktual məsələlərə toxunub, bu istiqamətdə araşdırmalar aparıb, ciddi addımlar atmağın vacibliyini qeyd edib. Maraqlıdı ki, ilk dəfə məhz Nurullayeva tərəfindən idmanda qadın siyasətinin həyata keçirilməsində gender məsələləri üzrə islam ölkələrinin məsul şəxslərinin iştirakı ilə konfransın təşkili və daha iki layihə İcraiyyə Komitəsinə təqdim olunub. Bu qurum layihələri dəyərləndirib və 2019-cu ildə icrasına razılıq verib. Bununla yanaşı, tədbirdə Banqladeşdə keçirilən İHİF-in ikinci kamandan oxatma, cari ilin iyulunda Bakıda təşkil olunan ikinci tennis çempionatının hesabatları, İstanbulda keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarının hazırlıq mərhələsi, 2019-cu ildən etibarən Səudiyyə Ərəbistanında keçiriləcək gənclərin 1-ci İslam Həmrəyliyi Oyunlarının hazırlıq hesabatı, Milli Olimpiya Komitələri arasında imzalanacaq anlaşma memorandumları və başqa mövzular müzakirə olunub.