Sizin reklam burada

Manolova da himnimizi səsləndirə bilmədi

Baxış Sayı:640

Manolova da himnimizi səsləndirə bilmədi
Rəhimzadə dünya çempionatının finalında
Ötən sayımızda Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında yunan-Roma güləşi yığmamızın komanda hesabında 5-ci olduğunu xəbər vermişdik. Murad Məmmədov (60 kq) və Kərim Cəfərovun (67 kq) gümüş, İslam Abbasovun (87 kq) bürünc medal qazanması bunu şərtləndirdi. Xanımların uğursuzluğuna isə dördüncü yarış günündə son qoyuldu. Belə ki, qadınlardan ibarət yığmamızın son iki üzvü medal qazanmaq şansına malik idi. Amma dünən onlardan biri - Alyona Kolesnik (57 kq) son addımı atmağı bacarmadı. Halbuki pəhləvanımız ilk təsəlliverici görüşdə Tamara Dollaka (Macarıstan) gücünü göstərdi. Qarşılaşmanın əvvəlindən üstünlüyə yiyələnən Kolesnik son saniyələrdə tuşe ilə qələbə qazandı. Bununla belə, axşam seansında baş tutan “bürünc” uğrunda qarşılaşmada büdrədi. Monqolustan təmsilçisi Tserençimed Suxeeyə məğlubiyyət 5-ci pilləni qaçılmaz etdi. Elis Manolova (65 kq) isə oktyabrın 15-də medalı özü üçün təmin etmişdi. Sadəcə, medalın adına aydınlıq gətirmək qalırdı. Təmsilçimizin finaldakı rəqibi isə Ayana Qempey (Yaponiya) idi. Manolova nə qədər çalışsa da, görüşün gedişində üstünlüyü ələ ala bilmədi və məğlubiyyətlə barışdı. Beləliklə, yunan-Roma güləşçilərinin ardından xanım pəhləvanlarımız da himnimizi səsləndirməyi bacarmadı...
Beşinci yarış günündə, yəni dünən sərbəst güləşçilər mübarizəyə başladıb. Daha dəqiq desək, yığmamızın üç üzvü xalça üzərinə çıxdı. Əfqan Xaşalov (57 kq) mundiala inamlı start verdi. Həmyerlimiz ilk görüşdə gürcü güləşçi üzərində parlaq qələbə qazandı. Ancaq 1/4 finalda özbəkistanlı idmançıya ciddi müqavimət göstərə bilmədi. Əli Rəhimzadənin (65 kq) ilk görüşü ağır mübarizə şəraitində keçdi. Kanada təmsilçisiylə qarşılaşmada hesabda 1:3 geridə olan təmsilçimiz son saniyələrdə əldə etdiyi 2 xal sayəsində növbəti mərhələyə yüksəldi. Növbəti görüşdə moldovalını da üstələyərək, adını yarımfinala yazdırdı. Bu mərhələdə macar güləşçinin də öhdəsindən gələn Rəhimzadə minimum gümüş medalı özü üçün təmin etdi. Himnimizi Buxarestdə səsləndirmək üçün isə bu gün axşam seansında Rey Hiquçini (Yaponiya) məğlub etmək tələb olunur. Füzuli Hüseynova (70 kq) gəlincə, 1/8 finalda gürcü rəqibiylə qarşılaşan təmsilçimiz hesabı açan tərəf olsa da, təşəbbüsü əldən verərək uduzdu.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR