Sizin reklam burada

Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir

Müəllif: football Tarix: 18-11-2018, 13:02 1 063 Baxış
Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir
“Əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək və istədiyimiz nəticəni qazanaq”
Gürcüstanla taleyüklü qarşılaşma ərəfəsində U-19-un baş məşqçisi Vüqar Məmmədin fikirlərini öyrənməyə ehtiyac duyduq. Görəsən, düşərgədə ab-hava necədi? İsraillə oyunda qeydə alınan böyükhesablı yenilgi futbolçulara necə təsir edib, heyətdə itki varmı? Gürcüstanı məğlub etmək üçün “B planı” düşünülübmü? Bu və başqa suallara cavab tapmaq istəyi ilə baş məşqçiylə əlaqə saxladıq. Vüqar bəy oyuna ciddi hazırlaşdıqlarını deyir. Baxmayaraq ki, heyətdə itkilərin olduğunu da etiraf etdi. O, əvvəlcə İsrailə məğlubiyyəti bir daha şərh etdi: “Seçmə oyunlara yaxşı hazırlaşmışıq. Heç nədən gileylənə bilmərəm. Turnirdə uğurlu çıxış edib elit mərhələyə vəsiqə qazanmağı çox istəyirik. Bəlkə də hədsiz istək İsraillə oyunda yetirmələrimi “yandırdı”. Nəzərə almaq lazımdı ki, yaxşı futbolçulardan qurulmuş komanda ilə qarşılaşdıq. İsrail qrupumuzun aşkar favoritidi. Onlar AÇ-yə yaxşı hazırlaşıblar. Gürcüstana gəlməmişdən əvvəl güclü komandalarla oynayıblar, qalib gəliblər. Ancaq onlara uduzmaqla qrupdan çıxmaq şanslarımızı tam itirməmişik. Artıq toparlanmışıq. Uşaqlarla psixoloji yöndə də söhbətimiz olub. Startdakı məğlubiyyəti unutdurmağa çalışdıq. Hələ heç nə itirilməyib. Qarşıda iki oyunumuz var. Hər iki qarşılaşmada qələbə qazansaq, elit mərhələyə adlaya bilərik. Yəni hər şey öz əlimizdədi. İlk növbədə gürcülərlə oyunu fikirləşirik”.
Vüqar Məmməd Gürcüstanla qarşılaşmada qələbə qazanacaqlarına inanır: “Oyuna bütün məsuliyyətimizlə hazırlaşırıq. Vəziyyəti öz xeyrimizə çevirmək üçün qalib gəlməkdən başqa yolumuz yoxdu. Taktiki planda müəyyən dəyişiklik etmişik. Təbii ki, taktikanı rəqibə uyğun qurmuşuq. Görək necə alınır, planımız baş tutacaqmı? Təəssüflər olsun ki, heyətdə itkilərimiz var. İlk oyunda iki futbolçumuz zədələndi. Zamiq Əliyev və İbrahim Hüseynov xəsarət alıblar. Böyük ehtimalla sabah (bu gün) bizə kömək edə bilməyəcəklər. Ancaq onları əvəz edəcək futbolçularımız var. İndi problem haqda düşünməyin yeri yoxdu. Etimad göstərəcəyimiz hər bir yığma üzvü ondan tələb olunanı yerinə yetirməlidi. Mən yetirmələrimə inanıram”.
Millimizin çalışdırıcısı rəqibin üstün cəhətlərindən də danışdı: “Avropa çempionatında zəif komanda yoxdu. Hər komandanın bir özəlliyi olur. Gürcüstana gəlincə, rəqibi təhlil etmişik. Bir qədər əvvəl bir daha təhlil etdik. Həmçinin İsraillə qarşılaşmada buraxdığımız səhvləri də incələmişik və gürcülərlə görüşdə onları bir daha təkrarlamamağa çalışacağıq. Meydan sahiblərinin Lixtenşteynə qarşı keçirdiyi oyunu izləmişik, üstün və zəif cəhətlərini bilirik. Rəqib texniki baxımdan güclüdü. Həm də fərdi keyfiyyətləri üstün olan futbolçulardan formalaşdırılan komandadı. Keçirdikləri ilk görüşdə çox intizamlı oynayıblar və 7 cavabsız qolla qalib gəlmələrinə baxmayaraq, sona qədər oyun intizamından qopmayıblar. Ancaq biz də zəif deyilik. Öz gücümüzə inanırıq. Qarşılaşmaya köklənmişik, əlimizdən gələni edəcəyik ki, yaxşı oyun göstərək və istədiyimiz nəticəni qazanaq. Sağ olsunlar, AFFA rəhbərliyi də bizə inanır və dəstək verirlər. Burda da bizi dəstəkləyən insanlar var. Məşqçi dostlarımız, tərəfdarlarımız var. Sabah da yanımızda olacaqlar. Həm onları, həm də bütün azarkeşlərimizi sevindirəcəyimizə inanıram. Əlimizdən nə gəlirsə, edəcəyik ki, uğurlu nəticə qazanaq”.
MİRAĞA
SON XƏBƏRLƏR